​"Dedi ki, "Lotu Quli"nin qohumusan, getməlisən" - MƏHKƏMƏ İŞİ

"Lotu Quli"nin kirvəsinin növbəti məhkəməsi keçirilib.
Muxalifet.az xəbər verir ki, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb. M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.
Məhkəmədə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Vüqar Əbilov ifadə verib. O, əməliyyat barədə danışıb. Şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib. Polis əməkdaşı M.Namazovun maşınından narkotik vasitə aşkar edildiyini söyləyib.
M.Namazovun vəkili Təranə Əliyeva şahidə sual verib: "Siz maşından guya satış məqsədi ilə əldə edilmiş külli miqdarda narkotik aşkarlamısınız. Niyə gözləmədiniz, əməliyyat keçirmədiniz ki, Namazov narkotiki hara və kimə satacaq".
Şahid bu suala cavabında deyib ki, əməliyyatla narkotik vasitənin digər şəxslərin əlinə keçməsinin qarşısını alıblar.
Vəkil polis əməkdaşına sual verib ki, niyə M.Namazov saxlanılan, maşına baxış keçirilən zaman vəkili dəvət edilməyib: "Namazov bir saata yaxın idarədə saxlanılıb. Protokol tərtib edilib. Amma vəkilə məlumat verilməyib".
Polis əməkdaşı Vüqar Əbilov suala belə cavab verib: "Biz onu məhəllədə saxlayanda həyətdə bir xanım var idi. Qonşusu olduğunu və vəkil işlədiyini dedi. Biz onu dəvət elədik. Amma işi olduğunu sğylədi. Biz də Namazova vəkil çağırmasını dedik".
M.Namazov isə bu sözlərə etiraz edib: "Vüqar Əbilov mənə dedi ki, "Lotu Quli"nin qohumusan, getməlisən".
Polis əməkdaşı isə bunu təkzib edib.
Növbəti məhkəmə prosesi noyabrın 1-nə təxirə salınıb.
Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, onun avtomobilindən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.
İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.
Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.
Xatırladaq ki, "Lotu Quli"nin yeznəsi Vidadi Hüseynov da narkotik ittihamı ilə həbs edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdikdən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov "Bulaq"restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.
Bildirək ki, "Lotu Quli" 8 saylı cəzaçəkmə müəssisəsində oktyabrın 23-də azadlığa çıxıb./musavat.com/