DÇ-2018: Bu gün seçmə qrup mərhələsinin son turu başlayır

Əvvəlcə E və F qruplarında, daha sonra C qrupunda matçlar başlanacaq
 
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son tura start veriləcək.
Turun ilk oyun günündə 3 qrupda 9 qarşılaşma keçiriləcək.
Əvvəlcə E və F qruplarında, daha sonra C qrupunda matçlar başlanacaq.
E qrupunda Polşanın qrup qalibi kimi birbaşa final mərhələsinə, Danimarkanın isə ikinci yerin sahibi kimi "play-off"a vəsiqəyə sahib çıxacağı böyük ölçüdə həllini tapıb. Bu, yalnız o halda gerçəkləşməyə bilər ki, Monteneqro səfərdə Polşanı, Danimarka isə evdə Rumıniyanı yensin.
F qrupunda İngiltərə qrup qalibi kimi DÇ-2018-ə yüksəlib. "Play-off" vəsiqəsi verən ikinci yerə 3 komanda iddialıdır. Sloveniya Şotlandiyaya 2 top fərqi ilə qalib gəlsə və Slovakiya Malta ilə görüşdə xal itirsə, ikinci yerin sahibi dəyişəcək. Sloveniya xallarını 17-yə çatdıraraq, şəxsi oyunlardakı üstünlüyü səbəbindən Şotlandiyanı 3-cü pilləyə düşürəcək. Slovakiya 2-ci pilləyə yüksəlmək üçün isə Maltanı yenməli və Şotlandiyanın xal itkisinə ümid etməlidir.
C qrupuna gəldikdə, artıq Almaniya qrup qalibi kimi final, Şimali İrlandiya qrup ikincisi kimi "play-off"a vəsiqəni rəsmiləşdirib. Son turun oyunları 3-cü pillənin sahibini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Əslində hazırda bu mövqedə olan Çexiyanın San-Marinoya qalib gələrək, mövqeyini əldən verməyəcəyi şübhə doğurmur. Elə Almaniyanın Azərbaycan yığması ilə görüşdə qələbə ehtimalı da xeyli yüksəkdir. Bu halda Norveç üçün Şimali İrlandiya ilə qarşılaşma formal əhəmiyyət kəsb edəcək.
Dünya çempionatı, Seçmə qrup mərhələsi, X tur
8 oktyabr
C qrupu
22:45. Çexiya - San Marino
22:45. Almaniya - Azərbaycan
Norveç - Şimali İrlandiya
Xal durumu: Almaniya - 27, Şimali İrlandiya - 22, Çexiya - 12, Norveç - 10, Azərbaycan - 10, San Marino - 0.
E qrupu
20:00. Danimarka - Rumıniya
20:00. Qazaxıstan - Ermənistan
20:00. Polşa - Monteneqro
Xal durumu: Polşa - 22, Danimarka - 19, Monteneqro - 16, Rumıniya - 12, Ermənistan - 6, Qazaxıstan - 2.
F qrupu
20:00. Litva - İngiltərə
20:00. Slovakiya - Malta
20:00. Sloveniya - Şotlandiya
Xal durumu: İngiltərə - 23, Şotlandiya - 17, Slovakiya - 15, Sloveniya - 14, Litva - 6, Malta - 1.