Dəb xatirinə övladlarını ”şikəst” edən valideynlər - AZƏRBAYCANDA RUS DİLİNƏ MARAQ HARDAN QAYNAQLANIR?

Baxış sayı:
2077

Ölkəmizdə rus dilinə, özəlliklə də rusdilli təhsilə artan maraq mövzusuna dəfələrlə toxunmuşuq. Mövzu bu gün də öz aktuallığını itirməyib. Övladlarını orta məktəblərin rus bölməsində oxutmaq istəyən azərbaycanlı valideynlərin sayı kifayət qədər çoxdur. Hətta növbəti tədris ilinin başlanmasına xeyli vaxt qalmasına baxmayaraq, indidən məktəblərə müraciət edən valideynlər də var.

Bu günlərdə bir vətəndaş paytaxt məktəblərindən birinin direktoruna yaxınlaşaraq övladını həmin məktəbin rus bölməsində oxutmaq istədiyini bildirib. Müdir uşağın rus dili haqda təsəvvürü olmadığını, həmçinin valideynin də rus dilini bilmədiyini yəqin etdikdən sonra, buna etiraz edib və həmin şəxsə bildirib ki, övladının rus bölməsində təhsil alması üçün Təhsil Nazirliyindən razılıq almalıdır. Bundan hiddətlənən valideyn məktəb rəhbərliyindən nazirliyə şikayət edib, onun əməllərini qeyri-qanuni adlandırıb.

Halbuki direktorun bu addımı alğışlanmalıdır. O, sözügedən məsələyə əsl pedaqoq kimi yanaşıb. Uşağın gələcəyini nəzərə alaraq belə bir qərar verib. Axı, ailədə əlverişli mühit yoxdursa, ailə üzvləri rus dilini bilmirsə, həmin ailədə böyüyən uşaq üçün rus dilində təhsil almaq heç də asan olmayacaq.

Azərbaycan respublikasında yaşayayan azərbaycandilli ailənin öz övladlarını rus dilində oxutmasına nə ehtiyac var?

Müşahidələr göstərir ki, ibtidai sinifdə rus bölməsində təhsil alan şagirdlərin bir qismi yuxarı siniflərdə Azərbaycan bölməsinə keçirlər. Çünki proqram çətinləşir və valideyn ev tapşırığı və digər məsələlərdə kömək edə bilmir.

Onu da qeyd edək ki, bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda çox xoşagəlməz bir mənzərə yaranır. Kimsə rus dilində səlist, sərbəst bilir, kim isə ilk dəfə rus dili ilə tanış olur.

Digər tərəfdən, dövlət dili Azərbaycan dili olan Azərbaycan respublikasında yaşayayan azərbaycandilli ailənin öz övladlarını rus dilində oxutmasına nə ehtiyac var?

Mətbuatda belə bir məlumat yayılıb ki, şagirdlərin 1-ci sinfə qəbulu zamanı rus bölməsini seçənləri Təhsil Nazirliyində yoxlayandan sonra qeydiyyatdan keçməyə buraxacaqlar. Bu məlumat nə dərəcədə doğrudur?

“Rusdilli təhsilə artan maraq daha çox dəb xarakterlidir”

Картинки по запросу Nadir İsrafilov

Təhsil eksperti Nadir İsrafilov sözügedən məsələ ilə bağlı “Hürriyyət”ə bunları söylədi:

“Bilirsiniz ki, rusdilli təhsil məsələsi uzun müddətdir gündəmdən düşmür. Azərbaycan müstəqillik qazanandan sonra rus dilinə münasibət dəyişdi. Rus dili artıq əcnəbi dillər qrupuna daxil edildi. Bir sıra məktəblərdə bu dil bir fənn kimi ya heç keçilmədi, ya da fakultativ məşğələ kimi tədris olundu.

Amma son on ildə ölkəmizdə, xüsusilə də paytaxtda rus dilinə maraq xeyli artıb. Bunun müxtəlif səbəbləri var. Misalçün, Rusiyanın ali məktəblərində təhsil haqqının nisbətən ucuz olması, eləcə də həmin məktəblərə maktəblərə orta məktəb attestatını təqdim etməklə, imtahansız daxil olmaq imkanı, eyni zamanda qarışıq ailələrdə böyüyən uşaqların rus dilini daha mükəmməl bilməsi, rus dilli ədəbiyyatın daha çox olması və s. əsas gətirlir.

Bir də bizim cəmiyyətdə rus dilli təhsilin daha səviyyəli və hərtərəfli olması ilə bağlı fikir formalaşıb ki, bu da valideynlərin övladlarını rus bölməsində oxutmağa həvəsləndirir. Bu üzdən orta məktəblərin rus bölməsinə güclü şagird axını müşahidə olunur. Özü də paytaxtın tanınmış məktəblərinin rus bölməsində tələbat daha çoxdur. Bu gün rus bölmələrində şagirdlərin sayı həddən artıq çoxdur, bir sinifdə 40-dan artıq uşaq var ki (hətta sinifləri bölmək imkanı olan məktəblərdə belə rusdilli müəllim qıtlığı var, çünki rus dilində pedaqoji təhsil alan gənclərin əksəriyyəti ixtisaslarına uyğun işləmir, müxtəlif özəl şirkətlərdə çalışır, tərcüməçi kimi fəaliyyət göstərir), bu da tədrisin səviyyəsinə mənfi təsir göstərir və valideynlərin, müəllimlərin haqlı narazılığına səbəb olur.

Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, rusdilli təhsilə artan maraq daha çox dəb xarakterlidir, bizim cəmiyyətdə rus dilində təhsil almış insan nədənsə daha mədəni və dünyagörüşlü hesab olunduğundan bu gün hətta rus dilini bilməyən valideynlər belə övladlarını məhz rus dilində oxutmağa can atırlar, bununla onlara necə böyük bir pislik etdiklərininin fərqinə belə varmırlar. Fərqinə varanda isə çox vaxt gec olur. Biz demokratik ölkədə yaşadığımızdan hər kəsin istədiyi dildə danışmaq və təhsil almaq heququ var. Bu gün ölkəmizdə nəinki rus dilində, ingilis, fransız və.s. əcnəbi dillərdə tədris aparan məktəb və liseylər var. Bu ölkədə heç kəsi məcbur etmək olmaz ki, övladını öz ana dilində, yaxud dövlət dilində oxutsun.

“Təhsil Nazirliyi çox düzgün mövqe tutub. Mən bunu alqışlıyıram”

Bu vəziyyətdə azərbaycandilli vətəndaşların övladlarını rus dilində oxutmasının heç olmazsa müəyyən qədər qarşısını almaq üçün Təhsil Nazirliyi çox düzgün mövqe tutub. Mən bunu alqışlıyıram. Uşağı birinci sinfə qəbul etməzdən əvvəl onunla söhbət etmək və rus dili haqqında anlayışı olub-olmadığını yoxlamaq vacib şərtdir. Əgər məlum olsa ki, uşağın rus dili bilgisi qənaətbəxş deyil, rus dilini mənimsəməsi, bu dildə təhsil alması üçün ailədə əlverişli mühit yoxdur, onun valideynlərini bu yoldan çəkindirmək lazımdır. Təbii ki, nazirliyin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayacaq, amma düşünürəm ki, tədricən öz bəhrəsini verəcək.

“Bizim dövlət dilimiz Azərbaycan dilidir, biz öz dilimizin saflığını qorumalıyıq”

Rus dilinə, rusdilli təhsilə marağın qarşısı süni yollarla alına bilməz. Bunu yalnız maarifləndirmə yolu ilə etmək olar, amma istənilən halda müəyyən məhdudiyyətlər tətbiq etmək lazımdır.

Bizim dövlət dilimiz Azərbaycan dilidir, təbii ki, biz öz dilimizin saflığını qorumalıyıq, amma xarici dil öyrənməyin də heç bir ziyanı yoxdur. Danılmaz faktdır ki, dünyaya çıxış üçün rus dilinin də müəyyən rolu var. Odur ki, müstəqilliyimizin ilk illərində rus dilinə ifrat biganə münasibət göstərməyimiz yanlış idi. Bu gün yaranmış vəziyyətdən yeganə çıxış yolu orta məktəblərin Azərbaycan bölmələrində rus, rus bölmlərində isə Azərbaycan dilinin tədrisinə daha çox yer və vaxt ayrılsın. Azərbaycanlı uşaq artıq orta məktəbin aşağı siniflərindən rus dilini kifayət qədər yüksək səviyyədə bilsin ki, onun artıq rus bölməsində təhsil almasına ehtiyac qalmasın.

“Bu gün ali təhsilli gənclərimiz yalnız ya rus, ya da ingilis dilini mükəmməl bildikləri halda işlə təmin olunurlar”

Biz bütün günahları məktəbin boynuna yıxırıq. Amma nədənsə bu günkü sosial mühiti unuduruq. Axı mühiti formalaşdıran cəmiyyətdir. Şəhərin küçələrinə nəzər salsanız, görərsiniz ki, əksər reklam lövhələri, dükan adları və s. rus və ingilis dilindədir. Telekanallarımızda bütün günü Rusiyada istehsal olunan rusdilli məhsullar (“Russkiy provansal”, “Russkiy vkus” və s.) reklam olunur.

Digər tərəfdən, məktəblərdə, universitetlərdə şagirdlərə, tələbələrə milli-mənəvi dəyərlər aşılannır, telekanallardan birində isə hər fhəftə efirə çıxan “İmtahan” adlı teleserialda müəllimlərin aşağılanması, tələbələrin tüfeyli həyat tərzi ilə üzləşirik. Bu cür üzdəniraq sənət əsərini seyr edən şagird və tələbələrin davranıı, əxlaqı pozularsa, sizcə, bunda orta və ali məktəbləri suçlamaq nə dərəcədə doğru olar?

Orta və ali məktəblərdə Nəsimi, Nizami, Füzuli və s. kimi klassiklərimiz təbliğ olunur. Televiziya verilişlərində isə biri çıxıb deyir ki, Xəlil Rza Rusiyanın agenti olub, digəri iddia edir ki, Bəxtiyar Vahbzadədən yaxşı yazır, orta məktəblər üçün çap olunan iş dəftərlərinin üzərində təsviri verilən Nizami Gəncəvi fars şairi kimi təqdim edilir.

Bu gün ali təhsilli gənclərimiz yalnız ya rus, ya da ingilis dilini mükəmməl bildikləri halda işlə təmin olunurlar. Bunu bilən valideynlər də övladlarının gələcəyini təmin etmək üçün onları rus və ingilis dillərində oxutmalı olurlar.

Dediyim odur ki, sözügedən məsələ təkcə məktəblə bağlı deyil. Bu daha qlobal bir problemdir və dövlət səviyyəsində həll olunmalı, dövlət siyasəti ilə tənzimlənməlidir.”

Hazırladı: İnci TÜRKEL,
Hurriyyet.org