David Şahnazaryan: “Paşinyan Bakıya çox əsaslar verib”

Baxış sayı:
421

Ermənistan Milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryan son günlər Ermənistan güc strukturları rəhbərlərinin istefaları ilə əlaqədar, ümumiyyətlə ölkədə yaranmış vəziyyəti kəskin tənqid edib və Paşinyan hakimiyyətinin Azərbaycanla bağlı siyasətinin səhv olduğunu qeyd edib. 
Keçmiş xüsusi xidmət rəhbəri “Qolos Armenii” saytına verdiyi müsahibədə indiki müdafiə naziri David Tonoyanın fəaliyyətinə qiymət verərkən deyib: 
“David Tonoyanın fəaliyyəti, yumşaq desək məni heyrətləndirmir. Mən onu effektiv bir nazir müavini hesab edirdim, amma nazir kürsüsündə o populizmin əsirinə çevrilib.  O, Azərbaycanla bağlı bir neçə aqressiv bəyanat verdi və bununla da, həm Ermənistanın imicinə, həm də danışıqlar prosesinə böyük zərbə vurdu. Paşinyan Bakıya çox faktlar verdi və Qarabağ probleminin nizamlanması çoxdan Azərbaycan ssenarisi üzrə gedir. Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında hücum hərəkətlərini əsaslandırmaq üçün bir çox arqumentləri var”.
Göründüyü kimi, Ermənistanın indiki rəhbərlərinin Qarabağla əlaqədar təhdidedici, aqressiv  bəyanatlarının torpaqlarımızı azad etmək üçün tutarlı əsas olduğunu hətta düşmənin nüfuzlu siyasətçisi də dilə gətirir. Tonoyanın “yeni ərazilər tutacaqları” haqqında bəyanatının, “hücum taktikasına üstünlük vercəkləri” barədə açıqlamalarının, istefa vermiş Artur Vanetsyanın Füzuli rayonu ərazisində “yeni şəhər salacağıq” çağırışının bizim hərəkətə keçməmiz üçün kifayət dərəcədə əsas verdiyi barədə hər zaman dediyimiz fikirləri düşmən ölkənin siyasətçisi də vurğulayır. Danışıqları aşkar şəkildə Ermənistan rəhbərliyi pozur və bunu ATƏT Minsk Qrupunun vasitəçi dövlətlərinin nümayəndələri də görür. Bu qədər əsaslarımız, arqumentlərimiz olduğu halda bizim torpaqlarımızı azad etmək üçün konkret addım atmamağımıza düşmən də təəccüblənir. 
Dünən, qondarma rejimin başçısı Bako Saakyan müşavirə keçirərək “ Qarabağda strateji hərbi təlimlər” keçirmək göstərişi verib. Elə bu addım da bizim torpaqları azad etmək üçün əsaslı arqumentlərdən biri ola bilər.//Moderator