"Danışıqlar ərazilərimizin azad olunması üzərində getməlidir" – DEPUTAT

Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündə danışıqlar işğal olunmuş ərazilərimizin azad edilməsi ətrafında getməlidir.
 
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili vurğulayıb ki, İrəvanın siyasi oyunları təkcə Azərbaycanı yox, bütün dünyanı yorub:
“Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı real nəticəni yalnız Ermənistanın danışıqlara konkret nəticə ilə qayıdacağı vaxt əldə etmək olar. Əks təqdirdə, İrəvan köhnə oyunlarına davam edərsə, bu, çox təhlükəli bir vəziyyət yarada bilər. İnanmıram ki, Ermənistan bundan sonra kimisə aldada və vəziyyəti bilərəkdən gərginləşdirə bilsin. Bu üzdən Azərbaycan və Ermənistan prezidentlərin gözlənilən görüşündə danışıqlar işğal olunmuş ərazilərimizin azad edilməsi ətrafında getməlidir. Əgər Ermənistan ərazilərimizi azad etməyə hazırdırsa, o zaman ciddi danışıqlar prosesi başlaya və real nəticə əldə oluna bilər”.
Millət vəkili Moskvanın Qarabağla bağlı səylərinin sadəcə bəyanatlar səviyyəsində olmasından təəssüfləndiyini bildirib:
“Əgər Rusiya həqiqətən səmimidirsə, istənilən vaxt Ermənistana əmr verib bu istiqamətdə ciddi nəticə əldə etməlidir”.