Danimarikada yaşayan azərbaycanlı professor prezident seçildi

Baxış sayı:
4576

Məsud Aşina: "Gələcəyimizi qururuq" Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti (IHS), baş ağrıları olan insanlara peşəkar yardım göstərən mütəxəssislərin toplaşdığı aparıcı beynəlxalq təşkilatdır. Bu cəmiyyətin xeyirxah məqsədi baş ağrılarını öyrənən elm sahələrinin inkişafına dəstək vermək, bu sahədə təhsil və idarəçilik məsələlərində, həmçinin məlumatlandırma istiqamətində işlər görməkdir. Danimarkada yaşayan azərbaycanlı tibb elmləri professoru Məsud Aşina bu günlərdə IHS-nin prezidenti kimi fəaliyyətə başlayıb. Bu haqda Azlogos.eu saytı xəbər verir. Xatırladaq ki, M.Aşina Avropada yaşayan intellektualların yaratdığı AzLogos-un ideya müəllifidir. Musavat.com Azlogos-a istinadla Prof. Aşinanın Cəmiyyət üzvlərinə müraciətin tərcüməsini təqdim edir: "Əziz həmkarlar! Mənə göstərdiyiniz etimada görə, Sizə təşəkkür edirəm. Mən, Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyətinin prezidenti olmaqdan qürur duyuram. Əvvəla, Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyətinin məndən əvvəlki prezidenti Lars Edvinssona, onun cəmiyyətimizdəki işinə və baş ağrıları problemlərinin araşdırılmasında göstərdiyi əməyə görə minnətdarlığımı bildirmək istəyirəm. Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti 1980-ci illərdə, baş ağrıları məsələləri ilə bağlı olan qlobal problemlərin həlli üçün yaradılmış, daim böyüyən və inkişaf edən bir təşkilatdır. Biz də bu uzun yolun yolçularıyıq. Son iki ildə mən özümdən gənc, həmçinin məndən yaşlı cəmiyyət üzvlərimizdən, Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyətinin gələcək strategiyasını formalaşdırmaq üçün bilgilər almağa çalışmışam, onların fəaliyyətlərindən ruhlanmışam. Sizin də əvəzsiz qatqılarınızla bu gələcəyə baxışı hamıyla bölüşmək istərdim. Təhsil Təhsil konstruktiv nəsnədir və bir çox arzuolunan dəyişikliklərə səbəb ola bilər. Beləliklə istənilən tibb təşkilatının ayrılmaz hissəsi olan təhsil, bizim cəmiyyətin Təhsil Komitəsinin də əsas diqqət mərkəzindədir. Mən də bizim çoxdankı bilgilərin paylaşımı və maarifləndirmə strategiyalarının inkişafı ənənəmizi davam etdirməyə çalışıram. Təhsil təşəbbüsləri imkanlarının genişləndirilməsi üçün, mən gənc üzvlərimizdən xahiş edirəm ki, mənə yüksək keyfiyyətli online-təhsil platformalarının yaradılmasında yardımçı olsunlar. Bu təşəbbüs, baş ağrıları xəstəliklərinin optimal kliniki araşdırılması və müalicəsi barədə bilgilərdə mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edəcək. Unutmamalıyıq ki, qeyri-ingilis dilli təhsil platformalarının az əlçatan olması, ciddi çətinliklər yaradır. Buna görə də mən istərdim ki, milli baş ağrısı cəmiyyətləri bizə online təhsil platformalarımızı müxtəlif dillərə tərcümə eləməkdə yardım göstərsinlər. Biz dil baryeri məsələsini həll etməliyik. Bu miqyasda birgə əməkdaşlıq baş ağrılarının tədrisi sahəsində məsələlərin həllində həyati vacib yardım göstərəcək. Tədqiqat Baş ağrısı xəstəlikləri, ictimai səhiyyənin az tanınmış və maliyyələşdirilmiş problemlərindəndir. Bununla belə aparılan davamlı tədqiqatlar və alınan yeni bilgilər, bu sahədə xeyli irəliləyiş əldə etməyə səbəb olub. Bir prezident kimi mən, Avropa baş ağrıları federasiyası, Amerika baş ağrıları cəmiyyəti, Avropa nevrologiya akademiyası, Amerika nevrologiya akademiyası və Ağrıların öyrənilməsi üzrə beynəlxalq assosiasiya kimi peşəkar tibbi təşkilatlarla daha çoxtərəfli tədqiqat təşəbbüslərinin gücləndirilməsinə çalışmaq istərdim. Bu profil təşkilatlar arasında məlumat mübadiləsini və əməkdaşlığı xeyli asanlaşdıracaq. Bu əsnada mütəşəkkil elmi görüşlər, gənc novator-alimlərə baş ağrıları problemlərinin öyrənilməsi yönündə elmi nailiyyətlər üçün əvəzsiz imkanlar açacaq. Biz həmçinin aşağı və orta gəlirli əhalisi olan ölkələrdə baş ağrısı problematikasının öyrənilməsinə daha çox resurs yönləndirməliyik. Hal-hazırda belə ölkələrdə çalışan tibb işçiləri və alimlər üçün yeni tədqiqat imkanları davamlı olaraq əlçatan deyil. Bu problemi aradan qaldırmaq üçün, prossesi ideyadan, xəstəliyin əsas mexanizmlərini anlamaq və yeni müalicə üsullarının işlənməsi mərhələsinə çatdırmağa yardım edəcək regional görüşlər təşkil etmək lazımdır. Sizdən bəziləri artıq bu istiqamətdə yorulmadan çalışır. Mən də sizinlə birgə çalışmaq istəyirəm ki, baş ağrısı xəstəliklərinin öyrənilməsi sahəsi bütün dünyada inkişaf etsin. Elektron mediya Elektron KİV-lər bütün dünyanı dəyişib. Biz də onlarla birgə dəyişəcəyik. Mən inanıram ki, Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyətinin tanıdılması üçün daha çox iş görmək olar və bu zəruridir. Biz, cəmiyyətin və siyasətçilərin maarifləndirilməsi siyasətini həyata keçirmək üçün kliniki və tədqiqat auditoriyalarından kənara da çıxmalıyıq. Burada bizə yenə də gənc üzvlərimizin yeni texnoloji dövrlə ayaqlaşan parlaq yaradıcı təşəbbüsləri gərəkdir. Düşünürəm ki, hamılıqla, biz, baş ağrıları problemlərinin bütün aspektlərini işıqlandıracaq Elektron Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti yarada bilərik. Bu davamlı inkişafının əsasını qoyacaq və elmi çevrələrlə cəmiyyət arasında məlumat axınının yaradılmasına səbəb olacaq. Xəstələrin hüquqlarının müdafiəsi Son iki il ərizində Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti Xəstələrin Müdafiəsi üzrə Beynəlxalq Koalisiya (GPAC) ilə sıx əməkdaşlıq edib. GPAC miqrendən, klaster baş ağrılarından və başqa baş ağrılarından əziyyət çəkən xəstələrin həyatını yaxşılaşdırmaq üçün xəstələrin özləriylə yanaşı, tibb xidmətləri təklif edən təşkilatlarla və peşəkar tibb təşkilatları ilə işləyir. Biz gələcəkdə də GPAC-la əməkdaşlığımızı davam edəcəyik və başağrıları xəstəliklərinin yaratdığı sosial problemləri işıqlandırmaq istiqamətində səylərimizi daha da genişləndirəcəyik. Gələcəkdə mən həmçinin baş ağrılarından əziyyət çəkən xəstələrə tibb xidmətlərinin yaxşılaşdırılması ilə də məşğul olan “Əziyyətin aradan qaldırılması üzrə beynəlxalq kampaniya” (LTB) ilə də əməkdaşlığı davam etdirəcəyəm. Nəhayət mən düşünürəm ki, ümumi səy və məqsədlərimizlə, innovasiya və fədakarlığımızla, biz Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyəti üçün böyük gələcəyin təmin olunması işini davam etdirəcək və elm, tərəqqinin bizi irəli aparacağı yeni dövrün təməlini birgə qoyacağıq. Məsud Aşina Nevrologiya Professoru Beynəlxalq Başağrıları ilə mübarizə Cəmiyyətinin prezidenti, Danimarka Baş ağrıları mərkəzi və nevrologiya departamenti, Glostrup kral xəstəxanası, tibb və tibb elmləri fakultəsi, Danimarka Kopenhagen Universiteti"