“Daha ciddi addımların atılacağı gözlənilir” - KEÇMİŞ MALİYYƏ NAZİRİ

Baxış sayı:
4055

“Struktur islahatlatrının aparılmasında əsas məqsəd sahənin idarəçiliyində mövcud olan əngəlləri aradan qaldırılmaqdan ibarətdir. Bu islahatlar bir qayda olaraq idarəçilikdə çevikliyin artırılmasını təmin etməyi hədəfləyir. Belə islahatların dövlət büdcəsinin vəsaitlərinə qənaət etmək məqsədilə aparıldığını düşünənlər də az deyil. Ancaq vəsaitlərə qənaət bu cür islahatların ali məqsədi ola bilməz. Bu qəbildən olan islahatların aparılmasında əsas məqsəd, bir qayda olaraq yeni təşkil olunmuş strukturun köməyi ilə sahənin işini günün tələbləri səviyyəsində yenidən qurmaqdan ibarət olur”.
Muxalifet.az xəbər verir ki, bu barədə keçmiş maliyyə naziri Fikrət Yusifov açıqlayıb.
 
“O vaxt bu fərmanın qəbulu hansı zərurətdən irəli gəldi?
 
F.Yusifov qeyd edib ki, ölkə prezidenti tərəfindən son iki ildən artıq vaxt ərzində bu istiqamətdə bir çox qərarlar qəbul edilib: “Bu sırada 21 oktyabr 2015-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nı yada salmaq istəyirəm. O vaxt bu fərmanın qəbulu hansı zərurətdən irəli gəldi? Öz ərazisində tranzit yüklərin daşınması sahəsində çox ciddi layihələrin reallaşdırılmasına start vermiş hökumət bu sahədəki məsələləri – ilk növbədə isə tranzit yükdaşımalar sahəsində tariflərin müəyyən edilməsindəki boşluqları aradan qaldırılmalı idi. Bu tarifləri müəyyənləşdirərkən ilk növbədə sahə maraqlarından çıxış edən tranzit yükləri daşıyan nəqliyyat təşkilatlarının apardığı tarif siyasəti son nəticədə yüklərin Azərbaycan üzərindən deyil, alternativ marşurutlarla daşınmasına yol açırdı”.
 
“Yeni struktur bu sahədəki işlərin səmərəliliyinin maksimum artırılmasını təmin etməlidir”
 
“Yükdaşımaların tariflərini vahid pəncərə prinsipi ilə müəyyən edən yeni strukturun tarif siyasəti isə bu sahədə ciddi dönüş yaratdı. İndi bu tariflər ayrı-ayrı yükdaşıyanların sahə maraqlarını deyil, bütövlükdə dövlətin maraqlarını ortaya qoyur. Bu hesaba da hər il Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi sürətlə artır. Yanvarın 12-də “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” na əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin yaradılması da nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetməni maksimum təkmilləşdirilməsi kimi məqsədlərin reallaşdırılmasını nəzərdə tutur. Yeni struktur bu sahədəki işlərin səmərəliliyinin maksimum artırılmasını təmin etməlidir. Cari ildə struktur islahatları çərçivəsində yeni, daha ciddi addımların atılacağı gözlənilir”, - deyib keçmiş maliyyə naziri.
 
Cavid, Muxalifet.az