Daha bir Rusiya diplomatının qəfil ölümü – DƏQİQ SƏBƏBİ BİLİNMİR - YENİLƏNİB

RF diplomatlarının müəmmalı ölüm seriyası
 
Hurriyyet.org xəbər verir ki, ötən ilin dekabr ayından bəri ötən müddət ərzində daha bir Rusiya diplomatı dünyasını dəyişib.
Avqustun 24-də, Sudanın paytaxtı Xartum şəhərində Rusiyanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Mirqayas Şirinskinin cəsədi aşkar edilib. Səfirliyin məbuat katibi Sergey Konyaşin çərşənbə günü dünyasını dəyişən səfirin ölüm səbəbinin ürək çatışmazlığı ola biləcəyini bildirib. O deyib: “Hazırda ölümün rəsmi səbəbi bilinmir, çünki rəsmi yoxlama başa çatmayıb. Lakin həkimin gördüyü xarici amillərə görə hökm verilsə, ürəyində problemləri olduğundan danışmaq olar. Bəlkə də infarkt, ya da ki insult olub”.
Dünən Xartum polisinin rəsmi nümayəndəsi polkovnik Həsən əl-Ticani “RİA Novosti” informasiya  agentliyinə Rusiyanın Sudandakı səfirinin hovuzda üzərkən dünyasını dəyişdiyini, öz əcəli ilə öldüyünü bildirmişdi. Qeyd edək ki, RF-nın Sudandakı səfirinin üzdüyü hovuzun suyunda zəhərli maddələr tapılmayıb.
Xatırladaq ki, 2016-ci ilin dekabr – 2017-ci ilin fevral ayları ərzində 6 nəfər Rusiya diplomatı qəflətən dünyalarını dəyişiblər. Bu barədə əvvəllər, yəni 2017-ci ilin fevral ayında saytımızda verdiyimiz məlumatı bir daha diqqətinizə çatdırırıq:

Vitali Çurkin iş yerində keçindi

Rusiyanın Türkiyədəki səfirinin ölümündən sonra bir neçə yüksək vəzifəli diplomatın ölüm xəbəri gəlib.
Rusiyanın BMT yanındakı xüsusi nümayəndəsi Vitali Çurkinin 2017-ci il fevralın 20-də, 65 yaşının tamamına düz bir gün qalmış da qəfil ölümü elə bir məqamda baş verdi ki, həmin anda bütün dünya öz diqqətini ABŞ prezidenti Donald Tramp ilə Kremlin üzərinə cəmləmişdi.
On il boyunca Çurkin Kremlin BMT-dəki səsi olub, Rusiya Ukrayna məsələsindən Suriya böhranına qədər bütün həlledici məsələlərdə ona güvənib. Onun ölümü bütün dünyada senssasiyaya çevrildi.
Lakin onun son 3 ay ərzində (əslində dekabrın 19-u fevralın 20-si aralığı düz iki ay edir – red.) qəflətən dünyasını dəyişən altıncı Rusiya diplomatı olması bir çoxlarını düşündürdü – bu ölümlər təsadüfi olmaya bilər, xüsusilə də Rusiya siyasətindəki aqressiya fonunda.
Korrespondent.net qəflətən dünyasını dəyişən yüksək vəzifəli rusiyalı məmurların adlarını xatırlayır.

Ankarada səfirin öldürülməsi

2016-cı il dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov “Rusiya səyahətçinin gözü ilə: “Kalininqraddan Kamçatkaya qədər” adlı fotosərginin açılışında çıxış edirdi. Sərgini RF səfirliyi Ankaraynın yerli rəhbərliyi ilə birlikdə təşkil eləmişdi.
Arxada qara kostyumlu gənc dayanmışdı, onu mühafizəçi hesab eləmək olardı. Karlov nitqini başa vuranda, arxasında duran gənc pistoleti çıxarıb ard-arda bir neçə dəfə diplomata atəş açdı. Səfirə 10 güllə dəydi.
Sonra, Karlovun bədəninin yanında durub türk və qırıq ərəb dillərində dedi: “Siz günahsız insanlara atəş açmısınız! Allahu Əkbər!” , “Biz Hələbdə ölürük, siz burada ölürsünüz!”, “Hələbi unutmayın! Suriyanı unutmayın! Məni ancaq ölüm dayandırar. Zülm verənlərin hamısı, bir-bir bunun hesabını ödəyəcəklər”.
Bəllidir ki, Putin Karlovu məhz bu diplomatın Türkiyə-Rusiya münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyi üçün şəxsən özü bu vəzifəyə təyin eləmişdi.

XİN şöbə rəisinin intiharı

2016-cı il dekabrın 20-ə Moskvada Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası departamentinin şöbə müdirini başından güllələnmiş halda tapdılar. Rusiya kütləvi informasiya vasitələrinin yazdığına görə, Pyotr Polşikovun 56 yaşı varmış.
Travmatik tapançadan iki giliz aşkar edilib, pistolet özü isə mətbəxdə su krantının yanında idi. Həlak olmuş diplomatın həyat yoldaşı da evdə idi.
Müstəntiqlər iki versiyanı nəzərdən keçirirdilər: qətl, yoxsa intihar.

“Kremlin sirrlərinin qoruyucusu”nun müəmmalı ölümü

2016-cı il, dekabrın 26-da Moskvada 61 yaşlı Rusiyaneft idarəsi rəisi Oleq Yerovinkin vəfat etdi.O, 2008-2012-ci illərdə o zaman Rusiya baş nazirinin müavini olan İqor Seçinin katibliyinə rəhbərlik etmişdi. Rusiya mətbuatının yazdığına görə, ölümün səbəbi ürəktutması olub. Onu, Moskvanın mərkəzindəki avtomobildə, keçinmiş halda tapdılar. Meyitin ekspertizası ilə Federal Təhlükəsizlik Xidməti məşğul oldu.
Rosneftdə Yerovkinin başçılıq etdiyi şöbə, məxfi sənədlərlə, onların qəbulu və göndərilməsi ilə məşğul olurdu. O, Seçinin gəlirləri və əmlakı barədə şəxsi deklarasiyalarını hazırlayır və məxfi poçt ilə hökumətə yollayırdı.
“Layf”ın yazdığına görə, Yerovinkin FTB generalı olub. 1980-ci ildə o, SSRİ-nin Dzerjinski adına DTK məktəbini bitirib. 20 ilə yaxın müddə ərzində dövlət təhlükəsizliyi orqanlarında işləyib, sonra isə Rusiya prezidenti administrasiyasında dövlət sirləri məsələlərinə kuratorluq edib.

Hindistan səfirinin qısa xəstəliyi

2017-ci il yanvarın 26-da Rusiyanın Hindistandakı səfiri Aleksandr Kadakin qısamüddətli xəstəlikdən sonra 68 yaşında Nyu-Dehlidə vəfat etdi.
O, bu postda 2009-cu ilin noyabrından işləyirdi. Kadakinin diplomatik karyerası 1971-ci ildən Rusiya-Hindistan münasibətlərinin inkişafı ilə sıx bağlıdır.
Rusiyanın XİN rəsmi təmsilçisi Mariya Zaxarova Kadakinin ölümünü nəhəng itki adlandırdı, onu unikal, görkəmli və əfsanəvi diplomat adlandırdı.

Afinadakı səfirin 55 yaşında “təbii” ölümü

Rusiyanın Yunanıstandakı konsulu Andrey Malanin 2017-ci il, yanvarın 9-da, 55 yaşında Afinadakı mənzilində ölmüş halda tapıldı.
Xəbər verildi ki, Rusiya diplomatının ölümü təbii səbəblərdən olub. Malanin səhər işə gəlməyib və zənglərə cavab verməyib. Polis içəridən bağlı olan qapını açaraq içəri girib. Yunan polisi hadisə yerində heç bir zorakılıq əlaməti aşkar etmədiyini deyib.

Qazaxıstandakı səfirlik əməkdaşının ölümü

2016-cı il dekabrın 26-da Ust-Kameronsk şəhərində Rusiya baş konsulluğunun ezamiyyətə göndərilmiş əməkdaşı Roman Skrılnikov vəfat etdi.
Ölüm hadisəsi ilə bağlı başqa təfərrüatlar barədə məlumat yoxdur.

**
00:17

​Rusiya səfiri ölü tapıldı - SUDANDA

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskiy Xartum şəhərindəki rezidensiyasında ölü tapılıb.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, Rusiya XİN-i faktı təsdiqləyib.
Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.
63 yaşlı M.Şirinskiy 2013-cü ildən Rusiyanın Sudandakı missiyasına rəhbərlik edib.