Daha bir nazirin işdən çıxma xəbəri yayıldı

"Hal-hazırda nazir kabinetində, iş başındadır"
 
Azərbaycanda daha bir nazirin işdən çıxarılma xəbəri yayılıb. ANS PRESS-in məlumatına görə, mətbuatda vergilər naziri Fazil Məmmədov işdən azad edilməsi ilə bağlı xəbərlər yayılıb.
İddiaya görə, prezident İlham Əliyev bu barədə sərəncamı G-20 (“böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb.
Yayılan məlumatlarda qeyd edilir ki, F.Məmmədovun yerinə təyinatda olub. Bu vəzifə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə tapşırılıb.
Məsələni dəqiqləşdirmək üçün Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovla əlaqə saxladıq. O, ANS PRESS-ə açıqlamasında yayılan xəbərləri təkzib edib:
"Yayılan xəbərlər şayiədir. Hal-hazırda nazir kabinetində, iş başındadır. Onun işdən azad olunması ilə bağlı məlumatlar düzgün deyil".
Bundan öncə Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezidentin sərəncamı ilə işdən azad edilib. Ə.Abbasov haqqında sərəmcandan öncə də mətbuatda onun işdən çıxacağı ilə bağlı məlumatlar yayılmışdı.
Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.
Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.