​Daha bir jurnalisti ölümlə hədələyirlər - FOTO

Gənc yazar və jurnalist Orxan Bahadırsoy “Azadlıq” radiosuna göndərdiyi məktubunda ölümlə hədələndiyini bildirib.
Jurnalist yazır: “İki gün əvvəl ATV-də yayımlanan “Qaynanamız” serialı ilə bağlı yazı yazıb yayımlamışdım. Dünən (oktyabrın13-də-red.) isə MTRŞ-nin qərarı ilə həmin serialın yayımı bir aylığa dayandırılıb.
MTRŞ-nin bu qərarından sonra həmin serialın kollektivindən mənim facebook profilimə və telefon nömrəmə gələn təhqir və təhdid mesajlarının ardı-arası kəsilmir”.
Orxan Bahadırsoy məktubuna hədələyici mesajların fotolarını və zənglərin audioyazılarını, göndərən şəxslərin ad və soyadlarını əlavə edib.
“Dünən “Qaynanamız” serialının aktyorlarından biri facebookda yazıb nömrəmi istədi. Mesajın mətni belə idi: “Orxan, mənə öz nömrəni yaz, səninlə çox səmimi söhbətim olacaq”.
Mən də telefon nömrəmi yazdım. Bu günsə zəng edib təhqir və təhdid etdi” – deyə Orxan Bahadırsoy yazıb.
O, “Sən öləcəksən. Bunu mən sənə deyirəm”, “Səni ağlar günə qoyacağıq” kimi hədələyici mesajlar alır.
Yazar özünü təhlükə ilə üz-üzə hiss etdiyini və hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyir.
O, bu yaxınlarda jurnalist Rasim Əliyevin futbolçu Cavid Hüseynovun qohumları tərəfindən eyni ssenari ilə görüşə çağrıldığını və öldürüldüyünü xatırladır.