​Daha bir deputat müavinətlərin azlığından şikayətləndi: "BU, DƏRMANLARA DA ÇATMIR"

Baxış sayı:
2650

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aytən Mustafayeva əlillərə, imkansız ailələrə verilən müavinətin azlığına etiraz edib.
Muxalifet.az-ın məlumatına görə, A.Mustafayeva deyib ki, 50-60 manat olan müavinət artmalıdır.
Onun sözlərinə görə, hər il bu məsələ müzakirə edilsə də, nəticəsi olmur: “Hər il deyirlər ki, büdcə sosialyönlümlüdür. Əlil, pensiya alan yaşlı insan bunu hiss etmir. Pensiyaçı hər il 5-10 manat artımla nəsə edə bilmir, 144 manat pensiya alan həmin pulu yalnız kommunal xərclərə ödəyir, bu, dərmanlara da çatmır”.
Deputat maliyyə naziri Samir Şərifovun “Azərbaycanı uşaqlara görə müavinətin verilməsi ilə bağlı digər ölkələrlə müqayisə etmək olmaz” fikrinə də münasibət bildirib: “Nazir deyir ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Azərbaycan geostrateji layihələrin həm təşəbbüskarı, həm də maliyyəçisidir. Azərbaycan heç də yazıq ölkə deyil. 10 milyon əhalisi olan Azərbaycan qüdrətli ölkədir”.