DAHA BİR BEYNƏLXALQ TƏŞKİLAT HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ - “Amnesty İnternational” Mehman Hüseynovun azadlığa buraxılmasını istəyir

Baxış sayı:
376

Beynəlxalq hüquq-müdafiə təşkilatı “Amnesty İnternational” Azərbaycan hökumətini həbsdə olan bloqçu Mehman Hüseynovu "dərhal və şərtsiz" azad etməyə çağırıb.
Həbsdə olan video bloqçu Mehman Hüseynov azadlığa çıxmağına az qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.
Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb.
Penitensiar Xidmət isə Mehman Hüseynovun aclıq aksiyasını dayandırdığını və səhhətinin normal olduğunu bildirib və əlavə edib ki, Azərbaycanda "siyasi məhbus" yoxdur, "konkret cinayət əməlinə görə həbs olunanlar var".
Təşkilatın çərşənbə günü yayılan bəyanatında deyilir ki, Mehman Hüseynova azad olmasına az qalmış ona qarşı yeni cinayət işi açılıb və bu cinayət işinə görə o, 7 ilə qədər həbs cəzası ala bilər.
Bəyanatda bloqçunun səhhəti barədə də qeydlər yer alıb.
Müraciətdə deyilir ki, “Amnesty İnternational” Mehman Hüseynova qarşı yeni cinayət işinin "siyasi xarakter daşıdığına" və bunun hökumətə qarşı "tənqidi fikirlər səsləndirdiyinə görə açıldığına", eləcə də hökumətin bu yolla digər tənqidçiləri də "susdurmağa çalışdığına" inanır.
Xatırladaq ki, həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehman Hüseynova cəzaçəkmə müəssisəsinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılıb.
Həbsdə olan Mehman Hüseynovun bu ittihama etiraz olaraq dekabrın 26-dan aclıq aksiyası keçirdiyi bildirilib.
Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.
O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunub.
Bloqçu bu ittihamları qəbul etməyib.
Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə hazırda siyasi mühacirətdədir.
2014-cü ildə RATİ-nin yerləşdiyi ofis "qanun pozuntuları faktlarına" dair, "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə Baş Prokurorluğun başladığı cinayət işinin gedişində möhürlənmiş, Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulmuşdu.
Bundan sonra Emin Hüseynov 10 ay İsveçrənin Bakıdakı səfirliyinə sığınmalı olmuşdu. O, İsveçrə rəsmiləri ilə Azərbaycan hakimiyyətinin razılaşmasından sonra 2015-ci ildə ölkəni tərk etmişdi.