Daha 3 QHT Yegiazaryanla bağlı AP-yə müraciət etdi

Baxış sayı:
6748

Bu gün Azərbaycanın daha 3 qeyri-hökumət təşkilatı - “Konstitusiya” Araşdırmalar Fondu, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Avropa Parlamentinə ayrı-ayrılıqda müraciət edib.
Muxalifet.az xəbər verir ki, müraciətlərdə Ermənistanın “Nubarasen” təcridxanasında saxlanılan “Haynyus.am” saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini, siyasi məhbus Mqer Yegiazaryanın 52 günlük açlıq aksiyasından sonra ölümünə beynəlxalq təşkilatların susqun yanaşması pislənilib.
Müraciətlərdə qeyd olunub ki, Avropa Birliyi və Avropa Parlamenti 2018-ci ilin 4 dekabrından hüquqlarının təmin olunması və sifarişli həbsinə etiraz olaraq aclıq aksiyasına başlayan M.Yegiazaryanın vəziyyətinə adekvat reaksiya göstərməyib və susub. Həmçinin onun ölümündən sonra da göstərilən reaksiya adekvat deyil.
Müraciətlərdə Azərbaycandakı Mehman Hüseynovla bağlı baş verənlər və bu olayın AP-nin qətnamə çıxarılmasına qədər şişirdilməsi xatırladılıb:
“Avropa Parlamenti yanvar ayının 17-də azərbaycanlı bloger Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etdi. Qətnamədə Mehman Hüseynovun guya aclıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunur. Halbuki reallıqda aclıq yox idi və yeni ittiham da elan olunmamışdı”.
Müraciətlərdə AP-ın bu cür ikili standartı və Ermənistanda siyasi təqiblərin insan ölümünə gətirib çıxarmasının görməzdən gəlinməsi kəskin pislənilib və bu qurumun etimadının ciddi surətdə şübhə altına alındığı, kimlərinsə təsir dairəsində olduğu bildirilib.
“İkili yanaşma nə vaxta qədər davam edəcək? Bu qədər ayrı-seçkiliyi seziləcək həddə qədər niyə nümayiş etdirirsiniz? Axı, Azərbaycana münasibət bir tərəfə, burada bir insanın taleyindən söhbət gedir. Biz belə mötəbər təşkilatların ikili standarta yol verməsini təəssüf hissi ilə qarşılayır, ədalət naminə hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb edirik”, - müraciətlərdə bildirilir.