"Dağlıq Qarabağın Ermənistanla Azərbaycan arasında bölünməsi və..." - ABŞ kəşfiyyatının 24 il məxfi saxladığı sənəd üzə çıxdı…

Baxış sayı:
6322

Bir müddət öncə də barəsində bəhs etdiyimiz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ-“CIA”) 1988-ci ildə qondarma Qarabağ "münaqişəsi"nə dair 48 səhifəlik məxfi hesabatının  yeni diqqətəlayiq məqamları üzə çıxıb.
 
Məlumata görə, 2012-ci ildə məxfiliyi üzərindən götürülmüş hesabat zaman baxımından köhnəlmiş olsa da,  sənəddə bir sıra maraqlı epizodlar var.
 
MKİ analitiklərinin informasiyasından  bəlli olur ki, SSRİ  dövründə, yəni münaqişənin yenicə qondarıldığı 1987-1988-ci illərdə Sov.İKP MK  Siyasi Bürosundakı parçalanma Qarabağ böhranını daha da dərinləşdirib və ağırlaşdırıb. "İkinci katib Liqaçov və “KQB” rəhbəri Çebrikov sərt xətt tərəfdarı olaraq Qarabağın Azərbaycandan ayrılmasının qəti əleyhinə idilər. Onlar Qorbaçovun islahatları ilə razılaşmır və xarici gücləri Sovet İttifaqında iğtişaşlar törətməkdə ittiham edirdilər..."- hesabatda belə deyilir.
 
ABŞ kəşfiyyatının “görkəmli” kimi təqdim etdiyi terrorçu xislətli üzdəniraq iki erməni yazıçısı Silva Kaputikyan və Zori Balayan 1988-ci ilin fevralında Moskvada Qorbaçovla görüşdükdən sonra onun ermənilərin Qarabağ tələbi haqda məlumatlı olduğunu və "ədalətli bir həll" istədiyinə inandıqlarını söyləyiblər.  Görüşdə SSRİ lideri  "erməni nümayişlərinin dinc xarakterini” tanıyıb və Dağlıq Qarabağdakı separatçı ermənilərin Ermənistanla birləşdirmək istəyinə şəxsi simpatiyasını vurğulayıb. 
 
24 il məxfi saxlanılan sənəddə daha sonra deyilir:
 
"1988-ci ildə erməni nümayəndələri İrəvana qayıtdıqdan sonra fevralın 27-də yayımlanan bir verilişdə Silva Kaputikyan erməniləri Qorbaçova etibar etməyə çağırıb. "Qorbaçov problemimizi bilir, başa düşür və onu şəxsən həll etmək istəyir. Ona zərər verməmək üçün mümkün olan hər şeyi etməliyik" deyə Kaputikyan soydaşlarına müraciətində bildirib..."
 
CIA analitikləri hesabatlarını SSRİ dövründə  Qarabağ probleminin həllinin 5 variantını təqdim etməklə yekunlaşdırır:
 
"1) Status-kvonun saxlanması;
 
2) Ermənilərə əlavə iqtisadi güzəştlər etmək;
 
3) Azərbaycanın tərkib hissəsində qalmaqla  Dağlıq Qarabağın muxtariyyətinin gücləndirilməsi;
 
4) Bölgədə ermənilərin milli mədəniyyət müəssisələrinin genişləndirilməsi;
 
5) Dağlıq Qarabağ vilayətinin yenidən təşkili, onun Ermənistanla Azərbaycan arasında bölünməsi..."
 
P.S. Əslində Qarabağ münaqişəsinin qondarılmasında ən böyük rolu SSRİ DTK-nın Qərb kəşfiyyatları tərəfindən  generalitet səviyyəsində ələ alınmış və Qorbaçovun idarəçiliyinə verilmiş  böyük hissəsi ilə ABŞ MKİ oynayıb. Odur ki, bu hesabatlar da baş qatmaqdan başqa bir şey deyil.../moderator.az