​Dağlıq Qarabağ separatçılarının rəhbəri Yerevana istintaqa çağırıldı

Baxış sayı:
24226

Ermənistanın Xüsusi İstintaq Xidməti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda qurulan qondarma rejimin rəhbəri Bako Saakyanı 1 mart 2008-ci il hadisələrinə görə dindirilməyə çağırıb.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti xəbər yayıb.
Bildirilir ki, general-mayor Samvel Karapetyana (Oqanovski) da çağırış göndərilib.
Nəşrin yaydığı xəbərdə o da bildirilib ki, dindirilmə zamanı 1 mart hadisələrində Qarabağdan Yerevana göndərilən silahlılar və buna görə ödənilən pullarla bağlı suallar veriləcək.
Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarkisyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.
Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, 230 nəfər yaralanıb.
Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi yenilənib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.