CƏZA - Hekayə

Əslində Zəhra sevib-seçdiyi oğlana ərə getmişdi, amma xoşbəxt deyildi. Sevgilisi İmran ev şəraitlərinin pis olduğunu, kasıb olduqlarını elə ilk gündən ondan fərqli - hər cür təminatı olan ailədə böyümüş Zəhraya demiş, onu qarşıda gözləyən çətinliklərlə bağlı xəbərdar etmişdi. Amma İmrana məhəbbəti güç gəlmiş və Zəhra bütün çətinlikləri dəf edəcəyini və xoşbəxt olacağını düşünərək, hətta hər ikisinin valideynlərinin etirazlarına baxmayaraq, İmranla ailə qurmağa qərar vermişdi. Və valideynlərdən xəbərsiz nikah bağlayıb, ər-arvadlıqlarını qanuniləşdirmişdilər. Zəhranın ailəsi bundan xəbər tutduqdan sonra, onunla bütün əlqələrini kəsmişdilər və ailənin yeganə övladına haqqı olan heç bir toy hədiyyəsi belə verməmişdilər. İmranın ailəsi isə Zəhra evlərinə gəldikdən sonra çarəsizliklə bu izdivacı qəbul etməyə məcbur olmuşdular. Elə ilk gündən Zəhranın xoşbəxt gələcək ümidləri suya düşmüşdü.
İmrangil fəhlə yataqxanasında iki otaqlı dar bir mənzildə yaşayırdı. İmrandan başqa ailədə iki oğlan bir qiz uşağı da vardı. Hamam-tualet qonşu ilə ümumi idi. İmrangil pənçərəsi olmayan dar bir otağa yerləşdi. Bir otaq isə digər ailə üzvlərinə qaldi. İmranın anasi Zəhranın gəlin gəlməsinə açıq şəkildə öz narazılığını elə ilk gündən ifadə etmişdi. Atası isə susmaqla kifayətlənmişdi. Bacı-qardaşları bu evliliyə ilk günlər sevinsələr də, sonradan  mənzildəki darısqallığın bir az da artması onları da bu evliliyin əleyhdarlarına çevirmişdi. Bu evdə yalnız İmranla Zəhra öz evliliklərindən razı idilər. İmran Zəhraya, o da İmrana təsəlli verir, tezliklə hər şeyin yaxşı olacağına ümid edirdilər. Yeni evlələnlərin birinci planı  tezliklə kirayəyə çıxmaq, sonra da ev almaq oldu. Amma kirayəyə çıxmaq o qədər də asan deyildi. İmranın maaşı çox az idi. Zəhra işləmirdi. Ailə imranın atasının təqaüdü ilə keçinirdi. Belə şəraitdə kirayəyə çıxmaq ağılsızlıq olardı.
Günlər keçir, ailədaxili söz-söhbət artırdı. Bəzən Zəhra da, İmran da evlənməklə bağlı yanlış qərar verdiklərini bir-birinə etiraf edirdilər. Amma bir-birinə olan sevgiləri  tezliklə onları haqlı olduqlarına inandırırdı.
İki aydan sonra Zəhra İmrana həyatının ən şad xəbərini verdi. O, hamilə idi. İmranın uçmağa qanadı yox idi, tezliklə ata olacaqdı. Bu xəbər İmranın ailəsinə çatdıqda, əksinə ailədə gərginlik daha da artdı. İmranın anasının haqlı olaraq yeni doğulacaq uşağın harada və necə yaşayacağı ilə bağlı verdiyi  ritorik suala ağıllı bir cavab tapmaq çox çətin oldu. Çünki İmrangilin yatdığı otaq onların ikisi üçün belə darlıq edirdi. Uşağı qoyacaq yer belə yox idi.
Zəhra ikili hisslərin təsiri altinda doğum gününü gözləyirdi. Bir tərəfdən ana olamağın sevincini yaşayır, o biri tərəfdən yeni doğulacaq uşaqla gələn yeni problemlərin ağırlığı altında əzilirdi. Hətta arada İmranla razılaşab uşağı abort etdirmək üçün həkimə belə getdilər. Həkim ilk uşağın abort edilməsinin təhlükəli olduğunu və bundan sonra sonsuzluq riskinin böyük olduğunu deyəndə ikili bu fikirdən vaz keçmişdilər.
Artıq hamiləliyin son günləri çatmışdı. Gənc sevgililər hər an uşaqlarının dünyaya gələcəyini gözləyirdi. Bir gecə Zəhranın doğuş sancıları başladı. İmran tələsik onu taksi ilə doğum evinə apardı.
Səlimə həkim on ildən artıq idi ki, ailə qurmuşdu. Amma uşaq üzünə həsrət qalmışdı. Ərindən qaynaqlanan səbələrə görə heç vaxt uşaq sahibi ola bilməyəcəkdi. Ərini çox sevdiyindən sonsuz qalmağa üstünlük vermişdi. Amma tez-tez ər-arvad uşaq evindən uşaq götürüb tərbiyyə etməyi öz aralarında müzakirə edirdilər. Beş otaqlı rahat mənzildə yaşayan cütlük evdə özlərini kimsəziz bir adaya düşmüş insanlar kimi hiss edirdilər. Hər gün başlarını bir dəvətlə qatmağa cəhd etsələr də, evə qayıdanda səssiz və qaranlıq mənzil onlarda bir qəbirstanlıq vahiməsi yaradırdı.
Zəhranın doğuşunu Səlimə həkim qəbul edəcəkdi. Övladı olmasa da Səlimə hər doğulan uşağa öz uşağı kimi baxır, uşaq sahibi olan hər bir ana qədər sevinirdi. Onun bu xüsusiyyəti iş yoldaşlarında ona qarşı böyük hörmət və sevgi qazandırmışdı. Hamı Allahdan ona bir övlad verməsini dua edirdi.
Səlimə həkim Zəhranı qəbul etdi, sənədləşdirmə apardıqdan sonra onu doğum otağına keçirdilər. Doğuş təzə başlamışdı. Ən gec iki saatdan sonra dünyaya yeni bir insan gələcəkdi. Səlimə Zəhra ilə danışmağa başladı. Anaya ürək-dirək vermək, onun sevincinə şərik olmaq istədi. Amma ilk dəfə idi ki, birinci  övladının doğulmasından sevinməyən bir ana ilə rastlaşdığının fərqinə vardı. Səlimə heç nə anlamırdı. Zəhra uşağının doğulmasını sanki istəmirdi. Əvvəlcə Səliməyə elə gəldi ki, yəqin Zəhranın çoxlu uşağı var. Amma qadının gəncliyi bu versiyanın düz olmadığını deyirdi. Sonra düşündü ki, bəlkə Zəhra təkanadır. Amma sənədlərdə həyat yoldaşı olduğu və kəbin kağızının surətinin olması da bu versiyani heçə endirdi. Bəlkə uşağın cinsiyyətinə görə Zəhra narazı idi? Zəhradan uşağın cinsiyyətini yoxladıb-yoxlatmadıqlarını soruşdu. Zəhra “xeyr, yoxlatmamışıq. Bu bizim ilk uşağımızdı, cinsiyyətinin bizim üçün nə fərqi ola bilər ki?!” - dedi. Səlimə “bəs onda niyə sevinmirsən?” sualını verməkdən özünü güclə saxladı. Uşağın doğulmağına bir az vaxt qalırdı. Səlimə həkim Zəhra ilə söhbət edib onun başını qarışdırırdi ki, vaxtın keçməsinin fərqinə varmasın.
Səlimə uşaq doğulduqdan sonra nə etməklə bağlı Zəhraya bir xeyli məsləhətlər verdi. Hər şeydən əvvəl uşağın yataq otağının ayrı olmasının, havalı və işıqlı olmasının vacib olduğunu dedi. Zəhranın gözlərindən yaş axmağa başladı. Səlimə bunu görüb “niyə ağlayırsan” deyə soruşdu. Zəhra “Bizim özümüzün qalmağa əməlli-başlı bir yerimiz yoxdur, ona ayrıca bir otağı necə təşkil edə bilərik ki?” -dedi. Səlimə Zəhranın nəyə görə uşağının olmasına sevinmədiyinin səbəbini tapdı.
Həyat doğrudan da qəribədir. Hər cür həyat şəraiti olan Səlimənin ailəsi uşaq həsrətindən, Zəhra isə əksinə, uşağının olmasından özlərini bədbəxt hesab edirdilər. Səlimə nə qədər ürək-dirək verdisə, Zəhranı ovundura bilmədi. Zəhra qorxulu bir gələcəyə doğru gedən insanlar  kimi uşağının dünyaya gəlməsini gözləyirdi. Səlimə həkim də çox fikrə getmişdi. Zəhraya kömək edə bilməyəcəyinə görə çox narahat olmuşdu. Zəhranın vəziyyəti onun da gözlərini yaşartmışdı. Zəhra bunu görməsin deyə Səlimə bir necə dəqiqəyə doğum otağını tərk edib, öz otağına keçdi. Birdən ağlına qəribə bir fikir gəldi - Zəhranın uşağını övladlığa götürmək. Səlimə tez də bu fikrə düşdüyünə görə özünü qınadı, bir qadın köməksizliyindən istifadə etməyi qadınlığına sıgışdıra bilmədi. “Lənət şeytana” -deyib yenidən doğum otağına keçdi. Doğuş başlamışdı. Tezliklə doğum otağını bir uşaq qışqırığı bürüdü. Zəhra bir qiz uşağı doğmuşdu. Uşağın qız olmasi Zəhranı bir az da kədərləndirdi. Qaynanasının sözləri yadına düşdü: “Uşaq doğmaqla bizə əlavə problemlər yaradacaqsansa, hec olmasa oğlan uşağı dog”. Zəhra qız doğmuşdu. Bu da ayrıca bir problem demək idi. Heç əri İmran da qız uşağı istəmirdi. Tez-tez “kişinin  oğlu olar” deyirdi. Zəhra getdikcə ümidsizləşirdi. Qız uşağı doğmağına görə özünü çinayət etmiş bir insan kimi hiss edirdi və bu çinayətin cəzasından necə qurtulacağını düşünürdü.
Səlimənin atasından qalma üç otaqlı həyət evi vardı. Onsuz da bu ev bom-boş idi və Səlimənin həmin evə baxmağa vaxtı yox idi. Ehtiyacları olmadığından kirayə də vermirdilər. Səlimə uşağın əvəzinə ata mənzilindən vaz keçməyə qərar verdi. Zəhrayla sövdələşdilər. Uşağın doğulmasını gözləyən İmrana “doğuşda  qız uşağı və ölü doğuldu” xəbərini verdilər. İmran bir az kədərlənsə də, sonradan özünə gəldi, hətta bir az sakitləşdi, evdə onu gözləyən qanqaraçılığından xilas olmuşdu.
İmranı Zəhranın yanına buraxdılar. Zəhra İmranı görən kimi ağlamağa başladı. İmran bunun uşağa görə olduğunu düşünüb “ağlama, yenə də uşağımız olacaq, hələ çox gəncik” - dedi. Zəhra bir söz demədi, ikiqat günahkar nəzərləri ilə ərinin üzünə baxdı. Pıçıltı ilə “Mən günahkaram, Allah cəzamı verəcək” - dedi. İmran “Sənin nə günahın var ki, bu, Alahın işidir” - dedi.
İmrana istəsə uşağı xəstəxananın hesabına dəfn edə biləcəklərini dedilər. İmran buna da razılaşdı, tələb olan kağızları imzaladıqdan sonra Zəhranı maşına mindirib evlərinə gəldilər.
Qaynanası üzdə özünü kədərli göstərsə də, gözlərindən sevinc hisslərini görmək çətin deyildi. Heç olmasa bir  müddət evdə yeni bir sıxıntı olmayacaqdı.
İndi evlə bağlı məsələni həll etmək lazım idi. Zəhra İmrana “uşağı satıb, ev aldım” deyə bilməzdi. Həmin an İmran onu boşayar və öz uşağını geri alardı. Zəhra bir-iki günlüyə anasıgilə getmək istədiyini dedi. İmran və ailəsi buna razı oldu. Zəhranın anasigil də onun doğuşda övladını itirdiyini eşidib küsülülüyü bir tərəfə qoydular. Ona öz evlərində qulluq etməyə razılaşdılar.
Zəhra iki gündən sonra ağlaya-aglaya hər şeyi anasına danışdı. Əvvəlcə anası Zəhranı etdiyi əmələ görə qınadı, təcili öz uşağını geri almasını istədi. Amma Zəhranın  düşdüyü çətin vəziyyəti, ərinə və ailəsinə yalan dediyini nəzərə alıb, bundan vaz keçdi. Zəhra anasına bu məsələni həll etməkdə ona yardımçı olmağa yalvardı. Zəhranın anası xeyli  tərəddüd etdikdən sonra tək bir övladının gələcək xoşbəxtliyi naminə bu işdə ona kömək etməyə qərar verdi. O, İmranı evlərinə çağırdı. Zəhraya cehiz vermədiklərini xatırlatdı. İndi cehiz olaraq ona bir ev verdiklərini dedi. İmran əvvəlcə belə bir bahalı toy hədiyyəsini qəbul etmək istəmədi. Bunu kişiliyinə sığışdırmırdı. Amma Zəhra da çox yalvardıqdan və evlərindəki şəraiti nəzərə aldıqdan sonra könülsüz razılaşdı. Bir neçə gündən sonra Zəhragil Səlimə həkimin ata evinə köçdü.
Günlər bir-birini sürətlə əvəzləyirdi. Mənzil problemindən xilas olan gənc cütlük indi də Zəhranın depressiya problemi ilə üzləşmişdi. Zəhra İmranın üzünə baxa bilmirdi. İmran dəfələrlə onun gözlərinə baxmaq istəsə də Zəhra bir bəhanə ilə gözlərini qaçırmışdı. Ona elə gəlirdi ki, əri gözlərindən onun etdiyi cinayəti dərhal xəbər tutacaqdır. Zəhra gecələri də rahat yatmırdı. Gözünü yuman kimi qarmaqarışıq yuxular görürdü. Tez-tez üzünü görmədiyi ilk övladının başına facilər gəldiyini  görürdü. Buna görə də yatmaq istəmirdi. Yuxusuzluq ona əzab verirdi. Artıq həyat bir cəhənnam əzabına dönmüşdü. Zəhra cəzasını gözləyən cinayətkarlar kimi məchul gələcəyə gedirdi.
Zəhranın İmranın ailəsi ilə münasibətləri də düzəlmişdi. Artıq oğlanları dünyaya gəlmişdi. İmran xoşbəxt idi. Amma Zəhra öz içində bir ağrı yükü daşıyırdı. Allahın onun etdiyi əmələ görə necə və nə vaxt bir cəza verəcəyini yadından çıxara bilmirdi. Başına bir pis iş gələn kimi ürəyində “yəqin bu mənim əməlimin cəzasıdır” deyirdi. Satdığı övladının ağrısı ürəyinə enmişdi. Artıq sağlamlığını da itirməyə başlamışdı. Zəhra nadir hallrda gülürdü. Bunun səbəbini anasından başqa kimsə bilmrdi.
3 ildən sonra Zəhra qərara gəldi ki, Səlimə həkimin yanına gedib heç olmasa uşağının həyatda olub-olmadığını öyrənsin, əgər razılaşarsa, uzaqdan da olsa övladını görsün. Səlimənin işlədiyi doğum evinə nə vaxt çatdığının fərqində olmadı. Əvvəlcə tərəddüd etdi. Qapıdan qayıtmaq istədi, amma ilk övladını – yeganə qız balasını görmək arzusu qalib gəldi. Qəbul otağından Səlimə həkimi soruşdu. Aldığı cavab onu sarsıtdı. Səlimə həkim Zəhra xəstəxanadan çıxan günün sabahı işdən çıxıb və özündən sonra bir ünvan buraxmadan məchulluğa qədəm basıb. Onun harda işləməsi və yaşaması ilə bağlı heç kəs heç bir məlumata malik deyildi. Zəhra bu xəbərdən sanki ikinci dəfə övladını itirdi. Köhnə yarasının qaysağı qopdu, ürəyinə qara qanlar axmağa başladı. Ovladını bir daha görə bilməmək hissi etdyi əməli onun gözündə daha da ağırlaşdırdı. Zəhra öz əlləri ilə övladını öldürən bir ana kimi əzab çəkirdi. Göz yaşları onu boğduqca özünü lənətləyir, Allahdan ölüm arzulayırdı.
Zəhra vaxtilə dünyaya ilk övladını gətirdiyi xəstəxananın həyətində oturub satlarca ağladı. Xəstəxana ona qəbirstanlıq təsiri bağışlayırdı. Sanki o, övladını burda öldürüb, burda basdırmışdı. Evə gələndə baş ağrısını bəhanə edib, yatağına girdi. İmran arvadının halından çox narahat idi. Aralarındakı məhəbbət hələ də davam etməsinə baxmayaraq, Zəhra ona yad bir adama çevrilmişdi. Bütün günü fikirdə olurdu, dalğınlıqdan tez-tez qəzalar törədirdi. Gah xörəyi, gah əlini, gah ütülədiyi paltarlari yandırır, oğlanlarına və ərinə tam laqeyd idi. Evdə bir kölgə kimi hərəkət edirdi. Uşaqlarının  böyüməsindən sanki xəbəri yox idi. Öğlanları ilə Zəhranın arasında bir yadlıq hakim idi. Zəhra onlara həmişə günahkar bir nəzərlə baxırdı. Böyük oğlu Ümid dəfələrlə ona yaxınlaşıb ürəyini açmaq istəsə də, anasını qəmli, fikirli görüb vaz keçmişdi.
Ümid hüquq fakultəsinin üçüncü kursunda oxuyurdu. Bir dəfə Tibb Universitetində oxuyan dostunu görmək üçün ora getmişdi. Dostu digər tələbə yoldaşları ilə dərsdən  çıxıb Ümidi gördükdə onu yoldaşları ilə tanış etmişdi. Elə həmin gündən Ümid təzəcə tanış olduğu qızlardan birinə qarşı qeyri-adi doğmalıq hiss etmişdi. Elə bil çoxdandır bu qızla bir yerdə yaşamışdı. Ümidin qəlbi atlanmış və ildırım eşqi ilə həmin qıza vurulmuşdu. Sonradan qızın adının Yeganə olduğunu öyrənmişdi. O gündən Ümid öz yoluna əlavə bir marşrut salmışdı. İndi o, dostu ilə yox, Yeganə ilə görüşmək üçün tez-tez Tibb Universitetinə gedirdi.
Tezliklə Ümidlə Yegənənin aralarındakı dostluq məhəbbətə çevrildi. Onlar üzdən bir-birinə çox oxşayırdılar. Bir dəfə dostu zarafatla “Buna deyiblər e, ərlə arvadın toprağı bir yerdən götürülüb” - demişdi. Ümid anasına Yeganəgilə elçi getməyi demək istəyirdi. Ancaq anasının kədərli üzü ona belə bir xəbər verməyə imkan vermirdi. Nəhayət, Ümid bir dəfə anasının əhvalını yaxşı görüb istəyini dilə gətirdi. Zəhra bundan çox sevindi. O, oğlunun ondan xəbərsiz necə tez böyüdüyünün fərqinə vardı. Özünü qınadı. Əslində Zəhra üç oğlunun heç birinə ana məhəbbəti verə bilməmişdi. İlk övladı ilə bağlı atdığı addım ona vicdan əzabı verirdi, gecə-gündüz onu düşünürdü. Özünə qapanmışdı.
Zəhra oğlunun evlənmək istədiyini eşidəndə evinə gətirəcəyi gəlinin onun qızının yerini tutacağını  düşündükdə, sevinməyə başladı. Uzun illərin ağırlığı sanki ciynindən götürülürdü. Zəhra göz önündə sürətlə dəyişir, həyat eşqi yenidən ona qayıdırdı.
Evdə elçilik hazırlığına başladilar. İlk oğlanlarına ən yaxşı bir toy etməyi planlaşdırdılar. Buna imkanları da çatırdı. Hər şeyləri var idi.
Qızın ailəsi şəhərin təmamilə başqa tərəfində yaşayırdı, kiçik bir ailə imişlər. Tək bir qızları varmış. Atası və anası həkim idilər. Zəhra yalnız oğlu və gələcək gəlini ilə maraqlanırdı. Qızın valideyinlərinin kim olmasının onun üçün heç bir fərqi yox idi, buna görə onların nə işləmələrinin fərqinə belə varmamışdı. Nəhayət, Allah onu mükafatlandıracaqdı. O, satdığı ovladının yerinə bir gəlin gətirəcəkdi. Ona öz qızı kimi baxacaq, öz qızına verə bimədiyi analıq borcunu gəlininə verəcəkdi. Uzun illərin vicdan əzabından xilas olacaqdı.
Zəhra ürəyində ona gəlin kimi yox, öz doğma qızı kimi baxacağına and içdi. Nəhayət, elçilik günü gəlib çatdı. Zəhra İmranın valideyinlərini də ağsaqqal qismində elçilik etməyə dəvət elədi. Hamı sevinirdi. Uzun illərdən sonra ilk dəfə idi ki, Zəhranın üzündə sevinc işartıları  görürdülər. Gülməyə yadırğamış dodaqları gülürdü. Gözlərindən kədər pərdəsi götürülmüşdü. Zəhra elə bil yenidən dünyaya gəlmişdi. İmran bütün bunlardan şox sevinirdi. O gəncliyində itirdiyi Zəhrasına qovuşmağa başlayırdı. Zəhra yenidən onun gözlərinə baxmağa başlamışdı. Bu gözlərin dərinliyində itməkdə olan kədəri görən İmran Allahına şükr edirdi. Zəhra həyata qayıdırdı.
Dostlari Ümidin əziz günündə onu tək buraxmamışdılar. Çoxlu maşın bəzəmişdilər. Ümid Yeganə ilə elçilik vaxtını da razılaşmışdı. Yeganənin ad günü elçilik olacadı. Nəhayət, elçilik karvanı Ümidgildən Yeganəgilə doğru hərəkət etməyə başladı. Hamı sevinirdi. Zəhranın uçmağa qanadı yox idi. O, bir neçə saatdan sonra Yeganənin simasında qız anası olacağını düşünür və ürəyində bir-birindən qiymətli planlar cızırdı.
Elçilik karvanı təzə tikilmiş çoxmərtəbəli evin qabağında dayandı. Zəhra böyük bir gül dəstəsi ilə hamıdan qabaq Yeganəgilin qapısına dayandı. O, bu qapının onun üzünə  yeni bir xoşbvəxt həyat açacağını düşünürdü. Nəhayət ki, Allah ona cəza vermək əvəzinə, mükafatlandırırdı. Əlini zəngdən çəkən kimi Zəhranın ürəyi döyünməyə başladı. Köhnə baş ağrısı daha kəskin şəkildə yenidən başladı. O, bunları həyacanla əlaqləndirdi. Əlləri əsə-əsə Yeganəgilin qapısının zəngini bir daha basdı. İçəridən gülüş səsləri eşidilirdi. Bir neçə dəqiqə keçməmiş qapı açıldı. Zövqlə geyinmiş, saçlarına yenicə dən düşmüş xoş simalı bir qadın Zəhraya əl uzadıb - Mən Yegənənin anasıyam, tanış olaq, xoş gəlmisiniz - dedi. Zəhra gözlərini qaldırıb baxanda elə bil onu ildırım vurdu. Qarşısında Səlimə həkim durmuşdu. Zəhra öz qızını öz oğluna almaq üçün elçi gəlmişdi...

Fərid Müslüm