​Cümhuriyyətin yeganə xalq artisti - Tarixi məktub

1934-cü ilə aid olan bir sənəddə Azərbaycanın Xalq Maarif komissarı Müseyib Abbasov böyük xanəndə Cabbar Qaryağdıoğluna "Cümhuriyyətin xalq artisti" deyə xitab edib.
Muxalifet.az xəbər verir ki, bu barədə moderator.az musiqişünas Firudin Şuşinksiyə istinadən informasiya yayıb. 1934-cü ildə Cümhuriyyət adını çəkmək adi vaxtlarda belə qəti qadağan idi. O ki qaldı rəsmi sənədlərdə. Lakin o zamankı komissar Müseyib Şahbazov bürokrat məmur yox, əsl ziyalı və nüfuzlu pedaqoq idi. O, 1935-36-cı illərdə bu vəzifədə çalışmışdı. Sonradan qısa fasilələrlə bir neçə məsul vəzifədə çalışsa da, 1937-ci ildə repressiyanın qurbanı olmuşdu. Görünür, təmiz pedaqoq simasını saxlamaq Müseyib Şahbazova bu aqibəti yaşadıb.
Xalq Maarif komissarı Müseyib Abbasovun Cabbar Qaryağdıoğluna ünvanlanan təbrik məktubunda deyilir:
“Cümhuriyyətin xalq artisti Cabbar Qaryağdı yoldaşa!
Musiqi incəsənəti cəbhəsində fəaliyyətinizin 60 illik yubileyi münasibəti ilə sizi təbrik edirəm. Vokal incəsənətinin ən yaxşı və ən köhnə nümayəndələrindən biri olaraq, siz öz həyatınızın 60 ili ərzində xalq mədəniyyətinin inkişafına, həmçinin gənc kadrlar yetişdirilməsinə böyük qüvvə və enerji sərf etmişsiniz. Ordenli Cümhuriyyətin hökuməti tərəfindən sizə “xalq artisti” adı verilməsi münasibəti ilə sizi təbrik edərək, uzun illər yaşamanızı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər qazanmanızı arzu edirəm”.