ÇƏRKƏZ SOYQIRIMI - Tarixin gerçək üzü...

Baxış sayı:
10579

XX yüzilliyin ən məşhur terminlərindən biri də bu və ya digər etnosun “genosid”idir. Bu termin eyni zamanda fövqəldövlətlərin əllərində sözün əsil mənasında “dəyənəyə” çevrilmişdir. “Genosid” haqqında danışılarkən bu fövqəldövlətlər hazırda faşist Almaniyasında yəhudilərin qırğını (xolokost) ilə yanaşı, həm də  Qərb dünyasının və  Rusiyanın  “şıltaq bəbəsi” olan ermənilərin qondarma “genosidi” nəzərdə tutulur.
Faktiki olaraq  qondarma “erməni soyqırım”ı bu dövlətlərin əlində Türkiyəyə qarşı bir təzyiq vasitəsi kimi istifadə olunur. Ən qəribəsi isə budur ki, Türkiyəni bu uydurma ilə ittiham edən fövqəldövlətlərin özlərinin ayrı-ayrı xalqlara qarşı etdikləri haqsızlıqlar və törətdikləri qırğınlar “unudulur”. Görəsən ilk dəfə “erməni soyqırımı (genosidi)” terminini “elmi ədəbiyyat”a  gətirmiş, Belorusiyada doğulsa da sonralar  ABŞ-a  mühacirət etmiş Rafael Lyemkin  köçüb getdiyi ölkənin necə qurulması ilə maraqlanmışdımı?  Görəsən “genosid” termininin “xaç atası” bilirdimi ki, köçüb gəldiyi ölkədə yerli əhalidən olan hindunun soyulmuş baş dərisi (skalpı) üçün 1855-ci ildə 5 dollar, 1863-cü ildə isə 25 sent “mükafat” müəyyən edimiş və faktiki olaraq onun mühacirət etdiyi ölkənin özü soyqırım üzərində qurulmuşdur?
Qərbi Avropada isə “erməni soyqırımı” məsələsini tez-tez gündəmə gətirən Fransanın Hind-Çində, Əlcəzairdə və digər müstəmləkələrində törətdiyi qırğınlar nədən genosid hesab edilmir? “Mədəni Avropa”nın  Avstarliyada (Tasmaniyada  yerli əhalinin sonuncu nümayəndəsi Truqanini 1876-cı ildə ölmüşdür), Amerikada, Afrikada, Asiyada, Rusiyanın Şərqi Avropada, Sibirdə, Qafqazda və Mərkəzi Asiyada yerli əhalini kütləvi şəkildə məhv etmələri  nədən genosid hesab edilmir?
Rusiyadan söz düşmüşkən...
Bu günkü yazımızda çar Rusiyasının törətdiyi genosid faktlarından biri - çərkəz soyqırımı haqqında danışmaq istərdik. 1763-cü ildən çar Rusiyası Qafqazın şimal-qərb hissəsinin işğalına başladı. Krım xanlığının, Azərbaycanın şimalının tutulmasından sonra bu proses daha da sistemli şəkil aldı. Rusiya tarixşünaslığında “Qafqaz müharibəsi” adını almış bu savaş dünya tarixinin ən qanlı səhifələrindən biri, Şimali Qafqaz xalqları üçün ən faciəli hadisə hesab edilir. Başqa yazılarımızda ola bilsin ki, noqayların, Dağıstan xalqlarının, veynaxların (çeçen, inquş, basbi) və digər Şimali Qafqaz xalqlarının bu müharibədəki itkiləri haqqında Sizlərə məlumat verəcəyik. Hələliksə bu müharibədə Şimal-Qərbi Qafqazın aborigen əhalisi olan, özlərini adıqe adlandıran adıgey, kabardin, çərkəz, ubıx, besleneyevlilər, natuxaylar, xatukaylar, şapsuqlar, abxazların, abazinlərin və abadzexlərin yaşadıqları faciələr haqqında söhbət açmaq  istərdik. Bəri başdan onu deyə bilərik ki, bu müharibədə (əslində çərkəzlərə və eləcə də digər Qafqaz xalqlarına qarşı  törədilən genosid) indiki Tuapse, Soçi, Suxumda və digər bölgələrdə yaşayan 1 milyon 500 min çərkəz öz doğma torpaqlarından Osmanlı ərazisinə qovulmuş, yarım milyondan çox insan öldürülmüşdür. Qafqaz müharibəsinin sonuna qədər qərb çərkəzləri bütövlükdə indiki Krasnodar diyarında və Adıqeyada, Kuban çayından Soçinin Lazarev bölgəsindəki Şaxe çayına qədərki ərazilərdə yaşayırdılar. Şərq çərkəzləri isə Stavropol diyarından cənubda – Beştau (Pyatiqorsk), Kabarda-Balkarda, Qaraçay-Balkarda və Terek-Sunja çayları arasındakı ərazilərdə məskunlaşmışdılar.
Rus ordularının çərkəzlər üzərinə ilk sistemli şəkildə həmlələri 1841-ci ildə general Qriqori fon Zassın təklifi ilə Laba xəttinin təşkil olunması ilə başladı. Çərkəzləri də nizamlı şəkildə Rusiyaya qarşı müharibəyə cəlb etmək məqsədilə öz yaxın silahdaşı Məhəmməd Əmini onlara naib olaraq göndərdi. Az vaxt ərzində Məhəmməd Əmin Kuban və Laba çaylarından Qara dənizə qədərki böyük ərazidə yaşayan çərkəzləri birləşdirə bildi.
Çərkəzlərin faciəsi 1859-cu ildə Şeyx Şamilin əsir tutulmasından sonra başladı. Məmməd Əmin də ruslar tərəfindən əsir tutuldu. Çərkəzlər içərisində ən çoxsaylı olan abadzexlər Rusiya imperiyasının təbəəsi olmaq istəklərini bildirsələr də, Kuban və Qafqaz xətt ordusunun komandanları bu təklifi görməzlikdən gələrək, çərkəzlərə qarşı hərbi əməliyyatlara başladılar. Bu dövrdə yaşamış rus generalı Sleptsov yazırdı: “Vəhşilərin bu gözəl torpaqlarda yaşamağa haqqları yoxdur. Müqəddəs İmperatorumuz bizlərə onların aullarını, silah gəzdirə biləcək bütün kişilərini məhv etməyi, əkinləri yandırmağı, gələcəkdə quldur doğmamaları üçün hamilə qadınların qarınlarını yırtmağı buyurmuşdur”.
Qafqazlılara qarşı vəhşiliyi ilə seçilən Yermolovu  rus yazıçısı Qribayedov da alqışlayırdı. O, Beqiçevə yazdığı məktubda bildirirdi: “Yermolovun adı belə bunlarda (qafqazlılarda) qorxu yaradır. Allah eləsin ki, onlar bu təəssüratdan qurtulmasınlar. Onları  asmaq da, bağışlamaq da tarixə tüpürən bizlərə aiddir”. Yermolovun “şücaəti”ni davam etdirən rus komandanı Zass çərkəzləri qorxuda saxlamaq üçün  Möhkəm Səngər deyilən süni kurqan düzəltdirmişdi. Bu təpədə hər gün  uclarına çərkəzlərin kəsilmiş başları keçirilən mızraqlar basdırılırdı. Bəzən rus əskərləri arasında öldürülmüş çərkəzin başını kəsmək uğrunda dava düşürdü. Çünki hər çərkəzin başına 1 çervon pul mükafatı verilirdi. Sonra isə Zass bu kəsilmiş başları Rusiya Elmlər Akademiyasına göndərirdi. Zassın “layiqli davamçısı” Yevdokimov haqqında Berje yazırdı: “Biz başladığımız işdən (çərkəzlərə qarşı genosiddən) ona görə əl çəkə blmərik ki, çərkəzlər tabe olmurlar. Onların yarısını qırmaq lazımdır ki, o biri yarısı qorxularından tabe olsunlar. Qraf Yevdokimov tərəfindən Qafqaz müharibəsinin tam başa çatması üçün tabe olmayanların hamısının məhv edilməsi dərin siyasi təfəkkürün məhsuludur”.
Lakin qeyd etmək lazımdır ki, Qafqazda döyüşən rus zabitləri içərisində Rayevski kimi düşünənlər də var idi. O, öz xatirələrində yazırdı: “Mən, burada və bu anda ilk adamam ki, Qafqazdakı hərbi əməliyyatlarımıza qarşı çıxaraq bu diyarı tərk edirəm. Bizim Qafqazdakı fəaliyyətimiz ispanların Amerikadakı hərəkətlərinə bənzəyir:  mən burada Pisaaro və Kortesin fütuhatını və hər hansı qəhrəmanlığı görmürəm. Allah eləsin ki, bu işğal İspaniya tarixində olduğu kimi Rus tarixində də qanlı izlər qoymasın”.

Rayevskinin fikrini müdafiə edənlər içərisində knyaz Orbelianini, Filipsonu və Rudanovski kimi öz zabit şərəflərini qoruyanlar da var idi. Lakin müharibə xüsusi  amansızlıqla davam etdirilirdi. Venyukov özünün “Qafqaz xatirələri” kitabında yazırdı: “Müharibə amansızlıqla davam etdirilirdi. Biz addımbaddım irəliləyərək dağlıları son nəfərinədək məhv edirdik. Yüzlərlə dağ aulları yandırılır, əkinlər məhv edilirdi. Əgər gözlənilmədən aulu tez ələ keçirirdiksə, onun əhalisini yaxınlıqdakı kazak məntəqəsinə göndərir, oradan da Qara dəniz sahilinə apararaq, Osmanlıya göndərirdik. Farsedəki abadzex aullarından qalxan alov dilləri 30 verst məsafədən belə görünürdü”.
Çar Rusiyasının Şimal Qərbi Qafqazdakı hərbi əməliyyatları nəticəsində çərkəz xalqının genefondu faktiki olaraq məhv edildi. Öz mənfur əməlləri barədə Yevdokimov çar II Aleksandra məlumat verirdi: “1864-cü ildə tarixdə misli görünməmiş bir hadisə başa çatdı: vaxtilə Kubandan Anapaya qədər, Qafqaz sıra dağlarından Bzıb çayındakı Sudjuk limanına qədər böyük bir ərazidə yaşayan, zəngin və hərb sənətini gözəl bilən çoxsaylı çərkəzlər bu torpaqlardan yox edildilər”. Bu “qəhrəmanlığına” görə çar II Aleksandr qraf Yevdokimovu mükafatlandırmışdı. Belə ki, o, ikinci dərəcəli Georgi ordeni ilə təltif olunmuş, Anapa yaxınlığında 7 min desyatin, Jeleznovodsk yaxınlığında isə 7 min 800 desyatin torpaq mülkünə sahib olmuşdu.
Vaxtilə qeyd etdiyimiz ərazilərdə yaşamış çərkəzlərin 1864-cü ildə yalnız 3 %-i öz  doğma yurdlarında qala bildilər.
Sovet hakimiyyəti illərində də çərkəzlərə qarşı törədilən genosid haqqında susqunluq nümayiş etdirildi. SSRİ-nin süqutundan sonra kabardinlər, çərkəzlər və abxazlar dəfələrlə 1763-1864-cü illər Qafqaz müharibəsində adıq (çərkəz)-abxaz soyqırımının tanıdılması ilə bağlı Rusiya parlamentinə mürciət etsələr də, hələlik bir cavab ala bilməmişlər.
20 may 2011-ci ildə Gürcüstan parlamenti Qafqaz müharibəsi illərində çərkəzlərin genosidə məruz qalmaları ilə bağlı bəyanat verərək, bu soyqırımı dövlət səviyyəsində tanımışdır. Oxşar layihə ukraynalı millət vəkilləri tərəfindən 2014-cü ildə Ukrayna Radasına da təqdim edilmişdir.
ABŞ poloitoloqlarının bir çoxu da Qafqaz müharibəsində çərkəzlərin kütləvi şəkildə məhv edilməsini və qovulmasını genosid faktı kimi qəbul edirlər. Bu hadisəni “genosidlə müqayisə edilə biləcək etnik təmizləmə” adlandıran Stiven Şenfilddən fərqli olaraq, başqa bir ABŞ şərqşünası Brayan Vilyams çərkəzlərə qarşı törədilmiş bu vandalizmi “çağdaş Avropada ilk genosid” hesab edir.

Lütfi MƏMMƏDOV