​“​Çoxları soruşa bilər, cavab çox sadədir: Qarabağ Ermənistandır, vəssalam” - Paşinyandan Xankəndidə ŞOK SÖZLƏR

Baxış sayı:
6823

Qarabağ Ermənistanın ayrılmaz hissəsidir.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Xankəndidəki mitinqdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan çıxışına “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) şüarı ilə başlayıb:
“Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən “Miatsum”, “Miatsum” şüarı ilə başlamaq istəyirəm”.
O, ermənilər arasında parçalanmaya son qoymağın vaxtının çatdığını, Ermənistandakı xalq inqilabının ümumerməni inqilabı kimi başa düşülməli olduğunu bildirib:
“İnqilab Ermənistanda, Qarabağda və bütün ermənilər arasında davam etdirilməlidir. “İcevanlı”, “qarabağlı”, “gümrülü” anlayışlarından imtina edilməlidir”.
O, ümumerməni ideyaları üçün Qarabağ, Ermənistan və erməni diasporunun birgə çalışmalı olduğunu bildirib.
Paşinyan erməni hökuməti üçün repatriasiyanın (Vətənə qayıdış – red) prioritet mövzu olduğunu deyib.
Erməni baş nazir həmçinin hökumətin “meqalayihələr”indən danışıb:
“Ermənistan dünyanın 20 ən effektiv ordusundan birinə sahib olmalı, dünyanın ən effektiv kəşfiyyatından birini yaratmalı, turistlərin sayını 15 milyona çatdırmalı, təhsilin maliyyələşdirilməsini 20 dəfə artırmalıdır. Çoxları soruşa bilər ki, bəs Qarabağ niyə bu planlarda yoxdur? Cavab çox sadədir. Qarabağ Ermənistandır, vəssalam”.
Qeyd edək ki, Nikol Paşinyanın bu sözləri Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunun açıq etirafıdır.