​“Çox təəssüf edirəm ki, ...” — Vaqif Əsədovdan səmimi etiraf

“Bakı şəhər üzrə baş verən qəzaların 67 faizini piyada vurulması təşkil edir”.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ölkə.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, baş verən qəzaların da çoxu piyadaların günahı səbəbindən olur.
“Xatırlatmaq istəyirəm ki, “Yol Hərəkəti” Haqqında Qanunun 40-cı maddəsində piyadaların hüquq və vəzifələri tənzimlənir. Əgər bu maddə pozularsa, piyadalar inzibati şəkildə cərimə olunur. İlin əvvəlindən bu günə qədər Bakı şəhər üzrə 84 mindən artıq piyada saxlanılıb və məsuliyətə cəlb olunub”, - deyə V.Əsədov bildirib.
Qurum rəsmisi deyir ki, piyadanın vurulması ilə nəticələnən qəzalar məhz piyada keçidlərinin yaxınlığında baş verir: “Bu narahatdoğurucu faktdır. Ona görə də, mütləq təbliğat işləri daha da intensivləşdirilməlidir. Tövsiyyə olunur ki, hər bir vətəndaş – hərəkət iştirakçısı – sürücü –piyada hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında diqqətli olmalı, hüquq qaydasına əməl etməli, yol polisinin, qanunvericiliyin tələblərinə ehtiramla yanaşmalıdır. Təbii ki, piyada-sürücü münasibətinin inkişafında xeyli işlər görülüb. Müsbət nəticələr əldə edilib. Hazırda sürücülərin çoxu bu tələblərə əməl edir”.