​Çovdarov məhkəmə zalına həkim müşayiətində gətirildi

Baxış sayı:
7093

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
 
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən proses təyin olunduğu vaxtdan 50 dəqiqə gec başlayıb.
Təqsirləndirilən şəxslər zala daxil olarkən məlum oldu ki, Çovdarov xəstədi və zala həkim müşayiətində gətirildi.
Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərin əmlaklarına qoyulan həbslə bağlı onların yaxınları da məhkəmə müraciət edib.
Çovdarovun oğlu Ruslan, qızları Aidə Qasımova, Günay Əmircanova və həyat yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsi götürmək istəyirlər.
Ruslan Çovdarov məhkəməyə müraciətində qeyd edib ki, onun evində axtarış aparılan zaman ona məxsus pul götürülüb.
Daha sonra prosesdə Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib: "Burda bəzi məsələlər var ki, dövlət sirri təşkil edir. Ona görə də, kənar şəxslər zaldan çıxarılsın".
Çovdarov da vəsatətin təmin olunmasını istəyib.
Vəsatət təmin olunub. Jurnalistlər zaldan kənarlaşdırılıb.
Proses qapalı keçirilir.
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.