Çörçillə 75 şüşə konyak, Buşa 7500 dolarlıq yəhər, Jirinovskiyə 60 kq qızıl – AD GÜNÜ HƏDİYYƏLƏRİ

Baxış sayı:
11494

Doğum günlərində, əlamətdar tarixlərdə, rəsmi səfərlərdə siyasi liderlərə hədiyyə vermək ənənə kimi qəbul olunub və bu ənənə iki yerə bölünür, rəsmi və qeyri-rəsmi. Məsələnin rəsmi tərəfinə dövlət təltifləri, orden və medallar, fəxri adlar daxildir. Qeyri-rəsmi isə hər kəs bu məsələni öz zövqü və imkanı daxilində həll edir. Maraqlıdır, birinciləri hansı hədiyyələrlə təəcübləndirmək olar? 1949-cu ildə İosif Stalinin 70 illik yubileyində hədiyyələrin sayı o qədər çox olub ki, onları Kremlin 17 zalına yerləşdiriblər. Təkcə Çexoslovakiyadan rəhbərə üç avtomobil – “Şkoda 1101”, “Minor”, “Tatraplan” hədiyyə edilib. Stalinqrad sakinləri isə rəhbərə T-54 traktoru bağışlayıblar. Stalin tütün məmulatlarından və içkilərdən başqa bütün hədiyyələri dövlət fonduna təhvil verib. İngiltərənin baş naziri olmuş Çörçill 75 illik yubileyində bir çox dövlət başçıları tərəfindən göndərilən hədiyyələri qəbul edib. Ancaq bu hədiyyələrin arasında ən çox xoşuna gələn İosif Stalinin hədiyyəsi olub. Stalin 75 illik yubiley münasibətilə Çörçillə 75 şüşə konyak göndərib. Hədiyyə baş nazirin o qədər xoşuna gəlib ki, o, Stalinə minnətdarlığını bu cür ifadə edib: “Cənab Stalin, çox təəssüf edirəm ki, bu il 100 illik yubileyim deyil”. Nikita Xruşov həmkarlarından fərqli olaraq hədiyyə vermək və hədiyyə qəbul etmək məsələsinə o qədər də həvəsli olmayıb. Amma buna baxmayaraq, onun Kennediyə hədiyyəsi qeyri-adi olub. Rəsmi ziyafətlərin birində Kennedi Xruşovdan kosmosa uçub qayıdan itlə maraqlanıb, dünyada məşhur olan bu itin küçüklərinin olub-olmadığını da soruşub. Bu söhbəti yaddaşına həkk edən Xruşov qısa bir müddətdən sonra Strelkanın “qızı” Puşinkanı Kennediyə hədiyyə edib. Bu günə qədər hələ heç bir siyasi lider mükafat və hədiyyə almaq sahəsində Leonid İliç Brejnevi qabaqlaya bilməyib. Brejnev dünyanın ən çox mükafat alan adamı kimi Ginnesin Rekordlar kitabına düşüb. 18 il SSRİ-yə rəhbəlik edən Leonid İliç o qədər hədiyyə həvəskarı olub ki, Siyasi Büro üzvlərinə hansı mükafatı istədiyini əvvəlcədən söyləyib. Amma “ədalət” naminə qeyd etmək yerinə düşər ki, Brejnevin hədiyyə və mükafatlardan imtina etdiyi də olub. Məsələn, baş katib Mavritaniya dövlətinin ən ali mükafatı olan buruna taxılan qızıl həlqədən könüllü olaraq imtina edib. Zəngin yaşamağı sevən Rumınyanın rəhbəri olmuş Çauşeskunu hər hansı bir hədiyyə ilə təəccübləndirmək müşkül məsələ sayılıb. Amma almanlar öz qeyri-adi hədiyyələri ilə bunu bacarıblar. Onlar Rumınya liderinə təkərlər üstündə avtobus-iqamətgah bəxş ediblər.Tünd qırmızı rəngdə olan avtobusda sürücünün yataq otağı, xidmət personalının otağı, istirahət və yemək otağı, qarderob, iki mətbəx və VİP kabinet olub. Həmçinin avtobus-iqamətgahda xüsusi işıqlandırma, istilik və rabitə sistemləri quraşdırılıb. Corc Buş adətən kovboy stilində olan hədiyyələri xoşlayıb. Amerika prezidentinin zövqünə bələd olanlar ona məhz bu stildə hədiyyələr veriblər. Bu hədiyyələrin sırasında isə ən bahalısını Qazaxstan prezidenti Nursultan Nazarbayev bəxş edib. Onun amerikalı həmkarına hədiyyə etdiyi yəhərin qiyməti 7500 dollar olub. Hədiyyə bəxş etmək məsələsində fərqlənmək istəyən Mixail Qorbaçov rəsmi görüşlərin birində İngiltərənin baş naziri Marqarit Tetçerə nəfis tərtibatlı bir kitab hədiyyə edib. Kitab belə adlanıb: “Kartofdan hazırlanan Belarus yeməklərinin 500 resepti”. Hədiyyəni qəbul edən “dəmir ledi” sonralar məktublarının birində qeyd edib: “Kim rus dilini bilirsə və kartofu sevirsə, biz bu kitabı ona bəxş etməkdən hədsiz dərəcədə məmnun olarıq”. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hədiyyə kolleksiyası da kifayət qədər zəngindir. Ancaq bu hədiyyələr sırasında diqqəti daha çox çəkən prezidentə ad günündə bağışlanan pələng balasıdır. Hədiyyəni jurnalistlər qarşısında böyük həvəslə nümayiş etdirən prezident onun kim tərəfindən bağışlandığını sirr saxlayıb. Belarus prezidenti Aleksandr Lukaşenkonun istifadəsində olan “Maybaks” avtomobilini ona ad günündə Rusiyada yaşayan dostu hədiyyə edib. Prezidentin dediyinə görə, o, digər siyasətçilərdən fərqlənməmək üçün bu maşından nadir hallarda istifadə edir. Lukaşenkonun sahibi olduğu “Maybaks”ın qiyməti modelindən asılı olaraq 367 min avrodan 432 min avroya qədərdir. Səsli-küylü bəyanatları ilə tez-tez gündəmə gələn partiya lideri Vladimir Jirinovski hədiyyə almaq baxımından bəxti gətirən siyasətçilərdəndir. Bununla bağlı bir fakt yetərlidir. İraqın sabiq lideri Səddam Hüseynin bəxşişi Jirinovskini sözün əsl mənasında heyrətləndirib. Səddam Hüseynin ona bəxş etdiyi itin üzərində 60 kq xalis qızıl olub. Almaniya kansleri Angela Merkel də hədiyyələrə qarşı laqeyd deyil. Özünün söylədiyinə görə, bu günə qədər ona bağışlanmış hədiyyələr arasında daha maraqlısı yaxın ətrafı tərəfindən ad günü münasibətilə onun üçün hazırlanmış şəxsi saytdır./musavat.com/