​"Coğrafiya” dərsliyinin müəllifləri ittihamlara cavab veriblər

Baxış sayı:
223

VI sinif "Coğrafiya" dərsliyinin müəllifləri Nərminə Seyfullayeva, İrken Aktoprak və Yelena Şabanova təhsil eksperti Kamran Əsədovun ittihamlarına münasibət bildiriblər.
 
Muxalifet.az report-a istinadən xəbər verir ki, müəlliflərin rəyində qeyd olunub ki, müvafiq cümlə dərsliyin "Dünya ölkələri" hissəsində, dünya ölkələrinin coğrafi mövqeyinin müzakirəsi kontekstində yer alıb: "Burada dünya ölkələrinin coğrafi mövqelərinin əlverişli-əlverişsiz olması şərh edilir və o cümlədən, misal kimi qeyd edilir ki, "Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Qonşu ölkələrdəki sərhədlər razılaşdırılmadıqda onlar arasında mübahisə və münaqişələr də baş verə bilər. Məsələn, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasına Ermənistanın ərazi iddiası nəticəsində yaranmışdır".
"Düzü, bu fikirdə kimi nəyin qane etmədiyini müəyyən etmək çox çətindir. Özünü təhsil eksperti adlandıran şəxslər Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiasının olduğunu şübhə altına alırlar və ya bu ifadənin səhv olduğunu düşünürlər?
Belə ki, Prezident İlham Əliyevin 26 aprel 2011-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında qeyd etdiyi kimi: "Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır".
Aydındır ki, əgər bir ölkə digər ölkəyə qarşı ərazi iddiası qaldırırsa, deməli, iddia qaldıran dövlətin mövcud dövlət sərhədləri ilə razılaşmaması deməkdir. Azərbaycan dövləti və xalqı Ermənistanın beynəlxalq hüquqa zidd olan ərazi iddialarını heç vaxt qəbul etməyib və öz əzəli torpaqları uğrunda sona qədər vuruşacağını dəfələrlə bəyan edib. Eyni zamanda, "Dövlət sərhədi haqqında" qanunun 2-ci maddəsinə əsasən, "Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir", - rəydə vurğulanıb.