Cocuq Mərcanlı toxucuları “Azərxalça”da işlə təmin olunacaqlar

 “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər.
 
Görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça” ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. kimi məsələlər müzakirə olunub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradov qeyd edib ki, Cəbrayıl rayonunun ərazisi Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri olub. Burada Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli kaloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunub. Biz Qarabağ xalçaçılığına dair tədqiqatlarımız çərçivəsində hal-hazırda işğal altında olan Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı, Xocavənd, Xankəndi rayonlarının, o cümlədən Cəbrayıl rayonunun xalçaçıları haqqında da məlumatlar toplamışıq. “Azərxalça”-nın apardığı təhlillər, hesablamalar göstərir ki, respublikamızın bütün rayonlarında xalçaçılıqla məşğul olmaq istəyən toxucuların, həmçinin bu sənətə həvəs göstərənlərin sayı yetərincədir. Cocuq Mərcanlı sakinlərinin arasında da toxucuların olması sevindirici haldır. Bu görüşümüz zamanı həmin toxucuların Cəmiyyətin Füzuli filialında işlə təminatı məsələsi müzakirə edildi. Bu kənddən 20-25 nəfər xalçaçı sözügedən filialda daimi iş yeri ilə təmin olunacaq. Həvəsi olanlar xalçaçılıq-tədris hazırlıq kurslarına cəlb ediləcək”.       
Görüşdə kənd sakinləri, rayon icra hakimiyyətinin nümayəndələri, toxucular və KİV nümayəndələri iştirak ediblər.