Cənubi Koreya xalqı ayağa qalxdı: “Trampa və müharibəyə yox”

ABŞ prezidenti Donald Trampın Asiya səyahəti çərçivəsində Cənubi Koreyaya səfər etməsi yerli xalqı hiddətləndirib.
Muxalifət.az xəbər verir ki, Cənubi Koreya xalqı ABŞ-ın Şimali Koreya ilə yaşadığı nüvə böhranına etiraz olaraq küçələrdə aksiyalar keçirməyə başlayıb. Hava limanında “Trampa və müharibəyə yox” pankartları ilə qarşılanan prezidentə qarşı etiraz aksiyaları getdikcə şiddətlənməkdə və genişlənməkdədir. Etirazçılar ABŞ-ın “THAAD” ballistik raket sisteminin Seonqyu şəhərində yerləşdirilməsindən narahat olduqlarını dilə gətirirlər. Onlar bu sistemlərin ətraf mühiti çirkləndirdiyini və kəndləri təhlükə altına atdığını bildirir.
Aksiyalara qoşulan 81 yaşlı Do Keum Yeun adlı yerli sakin sistemin ölkəsində yerləşdirilməsindən narahatlığını dilə gətirib:
“Bu raketlərlə burada yaşamağım mümkün deyil. Səs-küyü çox olur. Təyyarələr uçur, polislər gəlib-gedir. Sistemdən sızan neft suyumuzu çirkləndirir.
Koreya müharibəsi zamanı buraya şimaldan əsgərlər gəlmişdi. İnanın, bizim hazırki polislərimizdən çox daha nəzakətli və kübar idilər”.
“THAAD” raket sistemindən Cənubi Koreya xalqı ilə yanaşı, Çin hökuməti də narahatdır. Hökumət bu sistemin onlara qarşı casusluq məqsədilə istifadə edildiyini ehtimal edir.
Qeyd edək ki, raket sistemi Şimali Koreyadan atılacaq nüvə raketlərini vurmaq məqsədilə ABŞ-ın Cənubi Koreyaya təzyiqlərindən sonra bu ilin aprel ayında bu ölkəyə yerləşdirilib./publika/