“Cənubi Amerikanın İsraili” adlandırılan ölkə Bakıda səfirlik açır

Baxış sayı:
337

Çili Azərbaycanda səfirlik açmaq qərarı verdi-bu, Azərbaycana nə vəd edir?

Çili Azərbaycanda diplomatik nümayəndəliyini açmaq qərarını verib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva “Trend”ə açıqlamasında deyib. Onun sözlərinə görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Bakıda Çili səfirliyinin açılacağı qeyd olunub.
Politoloq Əhəd Məmmədli Cənubi Amerikanın çox önəmli bir region olduğunu söylədi: “Cənubi Amerika həmişə ABŞ-ın arxa bağçası sayılıb. Latın Amerikası amerikan imperializminə müxalif solçu region olub. ABŞ-la qarşıdurmada SSRİ Latın Amerikasından önəmli plasdarm kimi istifadə edib. Latın Amerikasında kommunist, sosialist rejimləri ABŞ hərbi qiyamlarla devirib. Misal kimi Panama, Çili və digər ölkələri göstərə bilərik. Çiliyə gəldikdə isə bu ölkə ”Cənubi Amerikasının İsraili" adlandırılır. Bu ölkə hələ 19-cu əsrdə Sakit okean müharibəsində Boliviyanin okeana çıxışını əlindən alıb. Boliviya hələ də buna etiraz edir. Okeana çıxışı alınan Boliviya bu vəziyyətlə barışmayaraq ölkə daxilindəki göldə hərbi donanmasını saxlamaqdadır. Bu ümidlidir ki, nə vaxtsa okeana çıxışını bərpa edəcək. Çili Perudan da müharibə yolu ilə ərazilər alıb. 1982-ci ildə Britaniya ilə Argentina arasında baş verən Folklend müharibəsində Çili ingilislərin yanında oldu.
Britaniyanın Argentina üzərində qələbəsində Pinocet Çilisinin də rolu olub. 20-ci əsrdə ispan dilli Amerikada kommunist rüzgarı əsən vaxt Amerika və Britaniyanin dəstəyi ilə Çilidə hərbi qiyam oldu. Solçu prezident Salvador Alyende devrilib general Auqusto Pinoçet hakimiyyətə gətirildi. Alyende prezident iqamətgahında öldü. Pinocetin dövrü sərt diktatura dövrü kimi tarixə keçsə də, məhz Pinoçetin vaxtında Çili Latın Amerikasının ən inkişaf etmiş ölkəsinə çevrildi. Santyaqonun mərkəzi stadionunu edam meydanına çevirən Pinoçet buna rəğmən dünya iqtisadiyyatına Çili möcüzəsini gətirdi. Latın Amerikası region olaraq Çilidə bu regionun ölkəsi olaraq önəmlidirlər".
Politoloq onu da qeyd etdi ki, Azərbaycanla Çili arasında səfirliklərin açılması müsbət hadisədir: “Cənubi Amerikada güclü erməni lobbisi var. Ələxsusda bu regionun Argentina və Uruqvay dövlətlərində erməni lobbisi güclüdür. Dünya ölkələri arasında ilk qondarma erməni soyqırımını Uruqvay tanıyıb. Azərbaycan və Türkiyə Latın Amerikasında mövqelərini gücləndirməlidirlər. Türkiyənin Venesuela ilə yaxşı münasibətləri qurulub. Azərbaycan da bu regionda iştirakını gücləndirməlidir. Bizim region necə ki, indi də rus imperializminə qarşı mübarizə aparır, Cənubi Amerika da eynən iki əsrdir amerikan imperializminə qarşı mübarizə aparır. Deməyim odur ki, bizim onlarla oxşar cəhətimiz çoxdur. Səfirliklərin açılması ölkələr arasında münasibətlərə heç şübhəsiz ki, müsbət təsir edəcək. Hər iki ölkə bir-birini daha yaxından tanıyacaq. Biz onların, onlar da bizim regionla daha yaxından tanış olacaqlar. Düşünürəm ki, Azərbaycan üçün Çilidə səfirliyin açılması daha önəmlidir. Yuxarıda qeyd etdiyim kimi Argentinada güclü erməni lobbisi var. Çili ilə Argentina rəqabətdə olan dövlətlərdir. Hətta bəzən bu rəqabət düşmənçiliyə də çevrilir. Ona görə Azərbaycan Çilidə güclü olsa, Latın Amerikasında erməni təsirini zəiflətmış olarıq. Təbii ki, bunun üçün təkcə səfirlik açmaqla yetməz. Bu yöndə ciddi işlər görülməlidir. Həmçinin Norveçin Azərbaycanda səfirliyini bağlaması dönəmində bizi Avropadan başqa qitələrə də daxil olmağımızın zərurətini artırır. Beynəlxalq siyasət miqyasımızı genişləndirmiş olacağıq. Xarici siyasətimizin yeni vektorları açılacaq. Çilidən sonra digər region dövlətləri ilə də münasibətlər qura bilərik. Erməni lobbisinin güclü olduğu Argentina və Uruqvayda möhkəmlənə bilərik. Regionun ən böyük ölkəsi Braziliya ilə əməkdaşlıq imkanlarımız çoxalar. Neft ölkəsi olan OPEK üzvü Venesuela ilə yaxınlaşa bilərik. Böyük 20-liyə daxil olan Meksika ilə əlaqələrimizi genişləndirə bilərik. Yəni yaxşı və səmərəli işləsək töhfələr və fürsətlər çox qazana bilərik. Qarabağ həqiqətlərini çatdırmaq imkanlarımızı da artırarıq. Lobbimiz də güclənər. Düşünürəm ki, Çili və Venesuela ilə strateji tərəfdaşlıq qura bilərik. İlk öncə regionun bu iki ölkəsi ilə başlasaq, davamı gələ bilər”.