CƏNUB ZONASININ “TENDER KRALI”... - 1 manat 60 qəpiklik nizamnamə kapitalı ilə 10 milyon qazanan şirkət

Baxış sayı:
4235

Artıq uzun illərdir ki, Azərbaycanda tenderlər və dövlət satınalmalarının ən çox korrupsiyalaşmış və “qaranlıq işlər” üçün münbit şəraitə malik sahə olduğu heç kimə sirr deyil. Bir müddət əvvəl həbs olunan icra başçıları və nazir müavinlərinə qarşı irəli sürülən ittihamların da əsas maddələrindən biri tenderlər zamanı yol verilən korrupsiya halları ilə bağlıdır.

Azərbaycanda heç kimin tanımadığı elə şirkətlər var ki, qısa müddətdə ayrı-ayrı dövlət qurumlarının olduqca iri məbləğli tenderlərini qazanırlar. Bu zaman ortadakı rəqəmlər dəfələrlə şişirdilir və nəticədə hansısa işə görə köçürülən pullar dövlət qurumları rəhbərləri və onlara yaxın olan “tender qalibi” şirkətlər arasında bölüşdürülür. Artıq bir çox belə hallarla bağlı cinayət işləri mövcuddur.

Azərbaycanın cənub zonasında da ard-arda iri məbləğli tenderləri qazanan şirkət peyda olub. “AzPolitika.info” “Fed.az”-a istinadla xəbər verir ki, bu “tender çempionu”nun cəmi 1 manat 60 qəpik nizamnamə kapitalı var. “Elnur-2” adlı həmin şirkət 2019-cu ilin əvvəlindən indiyədək 8 tenderdən 10 milyon 73 min 212 manat qazanıb.

Şirkət əsasən cənub rayonlarında – Masallı, Lerik və Astarada keçirilən yol təmiri, abadlıq və bina tikintisi tenderlərini qazanıb. 

“Elnur-2” ən böyük ytenderi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən əldə edib. Belə ki, 18.04.2019-cu il tarixli tenderlə şirkət Ərçivan-Səncərədli-Alaşa-Züngüləş yolunun əsaslı təmirinə görə 4 milyon 900 min manatlıq müqavilə bağlayıb. Bundan başqa, şirkət elə həmin dövrdə qısa müddətdə Astara rayon İcra Hakimiyyətinin ümumi dəyəri 3 milyon manatdan artıq olan 3 tenderini ard-arda qazanıb.

Şirkət həmin vaxt daha 3 tenderi də Lerik İcra Hakimiyyətindən “udub”. Yenə də yolların təmiri, abadlıq işləri adı altında keçirilə həmin tenderlərin ümumi məbləği 1.5 milyon manata yaxındır. “Elnur-2” həmçinin Masallı Rayon İcra hakimiyyətindən də 655 min manatlıq tender qazanıb.

Bir sözlə, belə çıxır ki, cəmi 1 manat 60 qəpiklik nizamnamə kapitalı olan şirkət 1 ildən azca artıq müddətdə 8 tenderi qazanaraq, həmin layihələrdə nəzərdə turulan bütün bu işləri görmək iqtidarındaymış...

Onu da qeyd edək ki, şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Bu şəxsin adına olan daha bir şirkət - "Birlik-3A" MMC Astara rayonu ərazisində yolların əsaslı təmirini həyata keçirmək üçün İcra Hakimiyyətindən yarım milyonluq tender qazanıb.

Bu şəxslə bağlı daha bir maraqlı məqam odur ki, Z.Abıyevin adı ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer alıb. 

O, istintaqa ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.

Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar, lakin pulun üzərindən 200 min manat götürüldükdən sonra. Keçmiş MTN-in əsasən hansı şirkətləri hədəfə götürdüyü və onlardan nədən “haqq aldığı” ilə bağlı isə müxtəlif versiyalar mövcuddur...

Tahir