​Əcnəbi qadının öldürülməsi xəbərini gizlədən şəxsə cinayət işi açıldı

Baxış sayı:
5299

Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilməsi xəbərini bilib, polisə məlumat verməyən Famil Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Open.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Süleyman Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekbarın 18-nə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda Qazaxıstan vətəndaşı olan qadın, 1985-ci il təvəllüdlü Atsubayeva Ayqul Almaz qızı qətlə yetirilərək meyiti qamışlıq sahəyə atılıb. Məlumata görə, hadisəni Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu törədib. Belə ki, 3 uşaq atası olan Y.Yusifov qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Y.Yusifov taksi ilə A.Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq orada qalacaqlarını deyib, lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı A.Atsubayevanı boğaraq öldürüb. Qətli törədən Y.Yusifov daha sonra qaynı F.Osmanovun evinə gedib və belə bir cinayət törətdiyini deyib. F.Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib. A.Atsubayevanın meyiti ekspertizadan keçirilib və ailəsinə təhvil verilib. Qazaxıstan vətəndaşı ilə bağlı son məlumat Bakıda aeroportda əldə edildiyindən Y.Yusifov Binə qəsəbəsindəki Hava Nəqliyyatında Polis İdarəsinə çağırılıb və burada cinayətinin üstü açılınca özünü pəncərədən atıb. Y.Yusifovun özünü öldürməsi hadisəsi ilə bağlı isə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Sabunçu rayon Prokurorluğunda 1984-cü il təvəllüdlü F.Osmanov barəsində isə Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham irəli sürülüb.