Cəmil Həsənlinin “erməni soyqırımı” haqda yazısı...

Qarşıdan 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrin 100- cü ildönümü gəlir. Bununla əlaqədar erməni lobbisi bütün dünyada yenidən fəallaşaraq həmin hadisələri bu xalqa qarşı soyqırım kimi tanıtmağa çalışır. Türkiyə və Azərbaycanın maraqlarına qarşı olan bu təhlükə bir neçə gün qabaq Avropa Parlamentinin “erməni soyqırımını” tanıyan qətnamə qəbul etməsi ilə daha ciddi məzmun aldı.

Milli Şuranın sədri, tarixçi professor Cəmil Həsənli “erməni soyqırımı” iddiasının necə saxta olduğunu dəlillərlə sübut edən geniş məqalə hazırlayıb. Onun “Azadlıq” qəzetinə göndərdiyi məqaləni təqdim edirik:

***

1915-ci il: ermənilərin soyqırımı mifi, yoxsa sənədlərdə gizlədilmiş türk həqiqətləri

İndi hamı tarixçilərin işənə müdaxilə edir. Bir neçə gün əvvəl əlahəzrət Papa uydurma erməni soyqırımının tanınması haqqında bəyanatla çıxış etdi. Onun ardınca Avropa Parlamenti aprelin 15-də keçirilən iclasında «erməni soyqırımını» tanıdığını bəyan edib və Avropa Birliyi ölkələrini də eyni addımı atmağa çağırıb. Üstəlik  Türkiyəni də 1915-ci il olaylarını «soyqırım» kimi tanımağa dəvət edib. Rəsmi Ankaradan eyni zamanda arxivləri açmaq tələb olunub. Qeyd edək ki, Avropa Birliyinin 23 ölkəsindən 11-i 1915-ci il olaylarını «soyqırım» kimi tanıyır. Avropa Parlamentinin qəbul etdiyi sənəddə deyilir:

1. Osmanlı İmperiyasında 1.5 milyon günahsız erməni öldürülüb. Yaşanan olaylar «soyqırımdır». İnsanlığa qarşı bütün cinayətlər və soyqırımlar qınanarkən bu olayın inkarına yöənələn hər bir təşəbbüs təəssüf doğurur.

2. 100-ci ildönümünü fürsət bilərək Türkiyə arxivlərini açmalı, keçmişi ilə üzləşməli, «erməni soyqırımını» tanımağa səy göstərməli, bununla da türk və erməni xalqları arasında uzlaşmaya yol açmalıdır.

3.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun bu olaylardan təəssüf hissi keçirməsi və bu səpkili açıqlamaları doğru yöndə atılmış addımdır. 

Əlbəttə, cənab Ərdoğan və Davudoğlunun təəssüfü başa düşüləndir. Milli-etnik mənsubiyyətindən asılı olmayaraq əgər haqsız yerə 3-5 adam qətlə yetirilibsə ona da təəssüflənmək lazımdır. Bu bir insanlıq borcudur. Amma tarixçilərin dartışmalı olduğu bir məsələyə siyasi məzmun verib, ondan Türkiyəyə qarşı istifadə etmək də eyni dərəcədə təəssüfləndirici hadisədir. Avropa Parlamenti kimi mötəbər bir qurum qəbul etdiyi sənəddə Osmanlı İmperiyasında 1,5 milyon erməninin qətlə yetirdiyini iddia edir. Bəs Birinci dünya müharibəsi başlayanda Osmanlı İmperiyasında bu qədər erməni yaşayırdımı? Sultanın sifarişi ilə 1913-cü ilin sonu – 1914-cü ilin əvvəllərində əhali sayımı ilə məşğul olan bir Fransa təşkilatı Osmanlı imperatorluğunda mükəmməl bir əhali sayımın həyata keçirmişdi. Həmin əhali sayımının nəticələrinə görə bütün Osmanlı imperiyasında Birinci dünya müharibəsi astanasında 1, 259, 000 (Bir milyon iki yüz əlli doqquz min) erməni yaşayırdı. Belə olan halda 1,5 milyon erməni necə qırıla bilərdi? Digər tərəfdən tarixi sənədlər şəhadətlik edir ki, Şərqi Anadolunun döyüş bölgələrində yaşayan ermənilər mənsub olduğu dövlətə kütləvi şəkildə asi çıxdıqlarına görə Türkiyə hökumətinin himayəsi altında Osmanlı İmperiyasının bir yerindən başqa bir yerinə köçürülmüşdülər. Bu köçlər həkim briqadaları ilə təmin edilsələr də, ölüm-itim olmuşdu. Bu inkar edilmir. Amma “könüllü” adı altında təşkilatlanıb Şərqi Anadoluda dinc türk xalqına, müsəlman əhalisinə qarşı kütləvi qətllər, talanlar, soyğunçuluq törədən erməni silahlı başıpozuq  dəstələrinin əməlləri kimin adına yazılmalıdır?  Yəqin ki, dahi rus yazıçısı Lev Tolstoyu hər kəs tanıyır. Əsərləri bütün dillərə tərcümə edildiyindən Avropa Parlamentinin bu qərara səs vermiş üzvləri və hətta əlahəzrət Roma Papasının da böyük Tolstoyu tanımaması mümkünsüzdür. Bax Lev Nikolayeviçin qızı Aleksandra tibb bacısı kimi Qafqaz cəbhəsində xidmət edib, Qars, Ərzurum, Van və digər yerlərdə baş verənləri öz gözləri ilə görüb. Çox sonralar isə gördüyü mənzərələri xatirə kimi qələmə alıb və bu xatirələr 1979-cu ildə Kanadada nəşr edilib. Sovetlər dağılandan sonra 1992 və 2001-ci ildə həmin xatirələr iki dəfə Moskvada da nəşr edilib. (Bax: Александра Толстая. Дочь. Большевики против дочери Льва Толстого. Москва, 1992 – 2001). Kitabın 4 bölümündə (4-8-ci bölümlər) bilavasitə Qafqaz cəbhəsində, Şərqi Anadoluda müəllifin gördüyü hadisələr təsvir edilmişdir. Dinc türk əhalisinə qarşı erməni vəhşiliklərinin  canlı şahidi olmuş Aleksandra yazır: «Türklərlə ermənilər arasında düşmənçilik əsrlərlə davam edib. Hər iki  tərəfdən qəddarlıq olub, lakin burada, Vanda biz ermənilərin qeyri-insani qəddarlığını görməli olduq. Danışırdılar ki, ermənilər qadınların döşlərini kəsir, onların ayaqlarını, əllərini qanırıb qırırlar, bu qeyri insane qəddarlığın qurbanlarını mən şəxsən gördüm”.  (Bax: Александра Толстая. Дочь. Большевики против дочери Льва Толстого М., АО «Книга и бизнес», 1992, с. 54). Daha sonra Aleksandra yazır ki, “ermənilər şəhərin (Van şəhəri nəzərdə tutulur – C.H.) bütün türk məhəllələrini oda yaxıb yer üzündən sildilər, belə ki, gil-palçıqdan tikilmiş evlər çətin yandığından, hər evə ayrı-ayrılıqda od vurdular”.  Kitabda əsir yaralanmış, əsir alınmış türklərin diri-diri basdırılması haqqında dəhşətli faklar vardır. Bu dəhşətli sözlər Osmanlı İmperiyasına qarşı düşmən cəbhədə vuruşan Rus ordusunda könüllü xidmət etmiş, zadəgan ailəsindən çıxmış, əsərləri ilə bütün dünyanı cazibəsinə salmış qraf Tolstoyun  ailəsində böyümüş bir şəfqət bacısının öz gözləri ilə gördüyü dəhşətli mənzərəlrin ağırlı ifadəsi idi. Qafqaz cəbhəsində döyüşən rus ordusunun qərargah rəisi general Leonid Mitrofanoviç Bolxovitinov Qafqaz cəbəsi komandanına yazırdı ki, “rus ordusu Van rayonunu ələ keçirən zaman (7 may 1915-ci ildə - C.H.) erməni drujinaları daşı-daş üstündə qoymadılar və heç kəsə rəhm etmədilər” (Bax: General L.M.Bolxovitinovun Qafqaz canişinin hərbi məsələlər üzrə köməkçisinə raportu. 11.12.1915. //Rusiya Dövlət Hərbi Tarix Arxivi, fond 2100, siyahı 1, iş 646, vərəq 71).  Erməni təbliğatının uydurduğu 1915-ci ilin aprel-may hadisələrindən 2-3 ay əvvəl, 1915-ci ilin novruz bayramından  təxminən bir ay əvvəl, fevral ayının 19-da M. Ə. Rəsulzadə Kars və Ərdahanda ermənilərin törətdikləri vəhşiliklər haqqında  “İqbal” qəzetinin 869-cu sayında belə yazırdı: ”Bizə yetmiş xəbərlərdən anlyoruz ki, Osmanlı sərhəddində olub da, hərb meydanı təşkil edən yerlərin müsəlmanları olmazın bəlayə düçar olmuşlardır: kişilər döğranmış, arvadlar qaçırılmış, uşaqlar dağlara, meşələrə pərakəndə olmuş, vilayət bir xarabazara dönmüşdür...Qaçqınlar ac, çılpaq və möhtacdırlar, ehtiyac həddindən artıqdır...Zavallı dindaşlarımızın, bəlalı millətdaşlarımızın Kars və Ərdahan dağlarında çəkdikləri qəddarlıq və zülmlər, gördükləri fəlakət və səfalətlərin mümkün olsaydı da bütün təfsilatı ilə təsvir edə bilsəydik, o zaman qarelərimiz (oxucularımız – C.H.) qarşıdakı bayrama deyil haman matəmə hazırlanarlardı”. Bəs bu cinayətlər kimin adına yazılmalıdır? Şübhəsiz ki, öldürülmüş insanlara fərq qoymaq, erməni ölüsünü müqəddəsləşdirib, qətlə yetrilmiş türklərə, müsəlmanlara sanki bir milçək ölmüş kimi biganə münasibət bəslmək mədəniyyət hadisəsi deyildir. Papalığın Birinci dünya müharibəsində həyatını itirmiş ermənilərə “müqəddəslik” qəbzi verməsi və elə həmin vaxt erməni vəşiliklərinin qurbanı olmuş yüz minlərlə türkü yada salmaması tarixin eybəcər bir ironyasıdır. Xalqlar üçün həssas olan bu məsələlərdə birtərəfli mövqe sərgiləmək ədalət anlayışından çox uzaqdır. Əlbəttə, bu məsələdə özümüzün də səhvlərimiz az deyil. 2012-ci ildə ermənilər uydurma soyqırımın 100 illiyinə hazırlıq məqsədilə Beynəlxalq Təşkilat Komitəsi yaradanda işlərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq elə də çətin deyildi. Etiraf etmək lazımdır ki, onlar uydurulmuş soyqırım miflərini tarix donuna bürüyüb Roma Papasının dilindən səsləndirə və Avropa Parlamentinin səsverməsindən keçirə bildilər. Biz türklər gerçək hadisələri, real faktları, tarixi sənədlərin gizlinlərində yer almış 1915-ci il həqiqətlərini dünyaya çatdıra bilmədik.  Əvəzində, Azərbaycanın vəsaiti hesabına təmir edilmiş 18 min kvadrat metr sahəsi olan Müqəddəs Roma katakombalrı elə bu ilin aprelində Vatikana gələn zəvvarların üzünə açılmalıdır. Bu hamısı deyil qədim katakombalardan başqa Vatikanın Apostol Kitabxanasının bir çox əlyazmalarının bərpası və rəqəmsallaşdırılması, müqəddəs Zevsin heykəlinin bərpası, Vatikan muzeyinin sistina zalında yenidənqurma işlərinin aparılması, Romanın Kapitoli muzeyində “Filosoflar zalı”nın təmiri işlərinin hesabını Azərbaycan ödəməli olub. Lap bu günlərdə İtaliyanın "Un Mondo di Italiani" online qzəeti məlumat verdi ki, Azərbaycan hökuməti İtaliyaya arxeoloji qazıntılar üçün söz verdiyi 1 milyon evronun hesabına qazıntı işləri başlanmışdır. Bu qazıntılar Romanın I əsrə aid arxeoloji abidələrinin üzə çıxarılması və öyrənilməsinə sərf ediləcək. Vatikanın təmiratına xərclənmiş milyonlarla evro həcmində olan bu vəsaitin hər manatına Azərbaycan xalqının böyük ehtiyacı var. Qarqabağda canını fəda etmiş 13 500 şəhid ailəsi illərdir ki, onlara çatacaq sosial sığortasını ala bilmir. Azərbaycanın bir sıra rayonlarında  ön minlərlə şagird hələ də vaqon siniflərdə, hər an uçmaq təhlükəsi altında olan mal pəyəsindən o qədər də fərqlənməyən qəzalı dam-daşda dərs keçir. Akademiyanın arxeologiya institutu dağılıb gedən abidələrdə qazıntı işləri aparmaq arzusu ilə 5 min manat üçün lalan gedir, ölkənin arxeoloqları vur-tut 200 manat ətrafında aylıq donluğa xidmət edir. Ehtiyac içərisində olan millətin milyonlarla vəsaiti isə  müqəddəs Zevsin heykəlinin bərpasına,  Roma arxeoloji abidələrinin üzə çıxarılmasına sərf edilir. Nəticəsi isə göz qabağındadır. Ona görə də bu gün saxta erməni soyqırımını tanıyan Vatikan, sabah qondarma Dağlıq Qarabağ respublikasını tanısa buna təəccüblənmək  lazım deyil. Bu bədxərcliyin bədəlini bu gün Türkiyə ödəyirsə, sabah onun siyasi hesabının Azərbaycana kəsiləcəyi istisna edilmir. Əslində, qondarma erməni soyqırımının tanınması tarixilik baxımından Türkiyəyə qarşı yönəlibsə, günümüzün siyasəti baxımından Azərbaycana qarşı yönəlib. Uydurulmuş soyqırımı tanımaqda və tanıtdırmaqda başlıca məqsədlərdən biri Azərbaycanın ərazilərini tutmuş işğalçı erməniyə tarixi rakusda məzlum, kəsilmiş, qətl edilmiş erməni görkəmi vermək və bununla da Azərbaycanın ərazilərinin işğal edilməsini dünyaya həzm etdirməkdir. Serbiyada “Müqəddəs Petka” kilsəsini təmir edirik, Belqradda park açırıq, amma həmin ölkədə Azərbaycan idmançısının qələbəsi erməni himni ilə qeyd edilir. Bütün işlərimiz bax belə baş-ayaqdır. 

Biz məsələlrin sadə həllini tapmağa öyrəncəli olmuşuq. Sistemli, milli maraqlara hesablanmış iş qurmaq əvəzinə, ancaq rüşvət vermək, park təmir etmək, müqəddəs Zevsin heykəlinin bərpa etmək üzərində qurulmuş siyasətimiz uğursuzluğa düçar olanda başlayırıq qışqırmağa ki, avropalılar xristiandır və ona görə də erməniləri müdafiə edirlər. Bəs 1992-ci ildən başlayaraq minlərlə xristian avropalı canını fəda etdi ki, milli-etnik, dini qırğınlar girdabına yuvarlanmış Bosniyada müsəlman dövləti qursunlar.  Buna sözünüz nədir, harada qaldı avropalıların xristian təəssübkeşliyi. Avropanın mərkəzində yox olmaq təhlükəsi ilə üzləşmiş din qardaşlarınız üçün dövlət qurdular. Normal iş qurmaq, həqiqətləri dünyaya çıxarmaq,  gerçək tarixi ortaya qoymaq əvəzinə mənasız qara-qışqırıq ilə məşğuluq. Dəbdəbəli forumlara, bir axşamlıq ziyafətlərə uf demədən yarım milyonun hesabını ödəyənlər etimadlı nəşriyyatlarda milli maraqları əks etdirən bir kitab nəşr etdirib beynəlxalq kataloqlarda yerləşdirməyə can çəkirlər.

Biz 3-4 ildir haray salırıq, yazırıq, deyirik, yalvarırıq ki, ay qardaşlar  qarşıdan uydurma erməni soyqırımının 100 illiyi gəlir, onlar bu işə ümumdünya xarakteri verirlər, ciddi hazırlıq işləri görürlər, bunun bir zırıltısı olacaq. Bu işlərin sadəcə seyrçisinə çevrilib oturub gözləmək olmaz ki, başımıza nə gələcək. İndi dünyaya çıxış imkanlarımız çoxalıb. Ermənilərin birtərəfli qaydada dünyanı aldatmaq imkanları daralıb. Hansı normal kitabı hazırladıq ki, Qərb nəşriyyatları onu nəşr etmədi. Hər bir siyasəti alt yapısı olmalıdır. İctimai rəyi formalaşdırmağın yolu dəbdəbəli ziyafətlərdən deyil, kütləvi məlmatlanmaya yönəlmiş çap materiallarından, sənədli filmlərdən, bədii nəşrlərdən keçir. Ən yüksək səviyyədə görüşlərimiz, müzakirələrimiz olsa da, təəssüf ki,  Türkiyədə  bu işə əməli xarakter vermədilər. Siyasi korluq girdabına yuvarlanmış Azərbaycandan isə danışmağa dəyməz. Elə həmin milli ağrılarımızdan biri ilə bağlı (“1990-cı ilin 20 yanvar faciəsi və Sovet İttifaqının dağılma prosesi”) ötən ilin payızında Vyana Diplomatik Akamediyasının keçirdiyi beynəlxalq konfransa dəvət almışdım. Akademiya etika xətrinə bu məlumatı Avstriyadakı Azərbaycan səfirliyinə bildirdikdə. Səfirlik Bakı ilə məsləhətləşdikdən sonra konfransın təşkilatçılarına məktub yazmışdı ki, Siz Cəmil Həsənlini nahaq konfransa dəvət edirsiniz, o, artıq elmlə məşğul olmur və bizə desəydiniz, biz Sizə daha mötəbər alim təklif edərdik. Konfrans zamanı təşkilatçılar səfirliyin bu məktubunu gətirib qoydular mənim qarşıma və onunla tanış olduqdan sonra əhəmiyyətsiz bir şey kimi həmin kağız parçasını yaxındakı zibil qutusuna tulladım. Belə mənasız işlərlə məşğul olanlar utanıb-qızarmadan dünyadan hələ bir ədalət də gözləyirlər.

Uydurma «erməni soyqırımı» iddialarını dəf etmək üçün Azərbaycan olaraq müstəsna imkanlarımız var idi. Məlum səbəblərdən türk tarixçilərinin böyük əksəriyyəti rus dilini bilmirlər. Azərbaycan tarixçiləri isə bu işi bacara bilərdilər. Söhbət Qafqaz cəbhəsində istinad edilən 1915-ci il sənədlərinin dövriyyəyə gətirilməsindən gedirdi. Peşəkar bir tarixçi olaraq əminliklə deyirəm ki, soyqırım iddialarının inkarı, Şərqi Anadoluda 1915-ci ilin gerçək həqiqətlərinin ortaya qoyulması, türklərə qarşı törədilən erməni vəhşiliklərin tam mənzərəsi Rusiya Dövlət Hərbi Tarix Arxivinin, Rusiya Xarici Siyasət Arxivinin, Rusiya Dövlət Arxivinin çox nadir fondlarının keçir. Niyə? Birincisi dünya Osmanlı Arxiv materiallarını tərəfli hesab edib ona inanmaq istəmir. İkincisi, ermənilərin soyqırım iddialarının ilkin mənbəsi sayılan  İstanbuldakı Amerika səfiri Henri Morgentaunun “Hekayələri” bilavasitə ermənilərin  gizli məlumatları əsasında yazılıb. Üçüncüsü və ən başlıcası isə ruslar 1915-ci il hadisələrinin bilavasitə içində idilər. Onlar hadisələri öz gözləri ilə görür, baş vermiş faciələr, xüsusilə türklərin ermənilər tərəfindən qətl edilməsi, ermənilərin içində olduğu Osmanlı dövlətinə qarşı qiyam qaldırmağa təhrik edilməsi haqqında Petroqrada yüzlərlə gizli raportlar göndərirdilər. Müharibə dövrünə uyğun olaraq qafqazdakı rus hərbi senzurası müxtəlif Avropa ölkələri və Amerikadan türklərə qarşı vuruşmağa gələn erməni “könüllülərin” erməni dilində öz yaxınlarına və üzvü olduğu siyasi qurumlara yazdıqları məktubları ələ keçirib onları rus dilinə tərcümə edir və paytaxt Petroqrada göndərirdilər. Həmin məktublarda nə baş verdiyi, kimin kimi qətl etdiyi, kimin soyqırıma məruz qaldığı çox qabarıq şəkildə əks olunub. Rus zabitlərinin, diplomatlarının, xüsusi xidmət işçilərinin Qafqaz cəbhəsindən verdiyi bu məlumatlar çox böyük gizlinlərə aydınlıq gətirir. Bu sənədlərin etimadlılıq əmsalı çox yüksəkdir. Nə üçün? Birincisi, ruslar bilavasitə hadisələrin qaynar nöqtəsində idilər, Morgentau kimi İstanbulda oturub hansısa bir ermənidən xəbər gözləmirdilər. İkincisi, Rusiya həmin vaxt düşmən dövlət olaraq Osmanlı imperatorluğuna qarşı vuruşurdu. Üçüncüsü isə dini baxımdan ruslar xristian idilər və onların türk-müsəlmanların haqqında verdikləri məlumatlar əslində qərəzli olmalı idi. Düzdür 1915-ci il hadisələri haqqında qərəzli məlumatlar da çox verilib, amma erməni drujinalrının türklərə qarşı törətdiyi qətl və talanlar da bu gizli məlumatlarda əks olunub. İndi görək bu sənədlər hansı həqiqətləri ortaya qoyurdu.                

***

1914-cü ilin yayında Birinci dünya müharibəsi başlandı. Qısa bir müddət müharibə alovu Yaxın Şərq və Qafqaz regionunu da bürüdü. Artıq 1914-cü ilin sentyabr ayının 16-da Rusiyanın İstanbuldakı səfiri Mixail Qirs Peterburqa göndrdiyi gizli teleqramda yazırdı ki, «görünür Türkiyə ilə müharibə qaçılmazdır». Bu məlumatı alan kimi ondan bir gün sonra sentyabr ayının 17-də çar II Nikolayın erməni xalqına Bəyannaməsi elan edildi. Orada göstərilirdi ki, rus xalqı böyük iftixar hissi ilə özünün şanlı erməni övladlarını xatırlayır. Ermənilərin bir əsr boyunca rus hakimiyyətinə sədaqətlə xidmət etdiyinə toxunan çar bundan sonra həmin xidmətin rus ordusunun və həqiqətin qələbəsində mühüm rol oynayacağına əmin olmaq istəyirdi. Bəyannamənin sonunda II Nikolay ermənilərə vəd edirək deyirdi: “nəhayət ki, siz azadlığın və ədalətin ləzzətini anlayacaqsınız”. Çarın bəyannaməsindən dərhal sonra Rus ordusunun Qafqaz cəbhəsinin göstərişi ilə 1914-cü ilin oktyabr ayının sonunda Türkiyə ermənilərinə müraciətin gizli layihəsi hazırlandı. Gizli müraciətdə Eçmiədzində təşkil olunan erməni drujinaları Türkiyə ərazilərinə girəcəkləri halda “qüdrətli Rusiya hökmdarının torpaqlarında erməni xalqına altı erməni vilayətində və onunla sıx bağlı olan Kilikiyada Böyük Rusiyanın güclü himayəsi altında muxtar Ermənistan yaratmağa təminat verilirdi”. Əslində, çar II Nikolayın müraciəti və bu gizli vədlərlə Şərqi Anadoluda ermənilərin törətdiyi qanlı əməllərə start verildi. Hər şey burdan başladı…

(Ardı var)