Cəmi 1 gün nazir olan DTK generalı – onun “torba”sını Yeltsin tikib

Baxış sayı:
14743

“Bizə “dünya proletarlarının rəhbəri”nin yalanlarını öyrətdilər, bizi məcbur etdilər ki, az qala yarımallaha çevrilən Stalinə inanaq, daha sonra Nikita Xruşova, “müharibə qəhrəmanı”na çevrilən Brejnevə, ən yazıq siyasi fiqur olan Çernenkoya inanmağa məcbur etdilər. Məgər, Andropov uzaqgörən və hədsiz dərəcədə ağıllı idi? O da özündən asılı omayaraq aldatdı və tabeliyində olanları da inanmağa və aldanmağa məcbur etdi...” General-leytenant Leonid Şebarşin O, cəmisi bir gün SSRİ Dövlət Təhlüksizlik Komitəsinin sədri olub. Elə həmin günün səhərisi də 29 il xidmət etdiyi dövlət təhlükəsizliyi orqanlarından öz ərizəsi ilə istefa verib. Leonid Şebarşin nə məktəb illərində, nə də tələbəlik dövründə nə vaxtsa DTK orqanlarında xidmət edəcəyini ağlına gətirməyib. Əslində o, təyyarəçi olmaq istəyib, amma arzusunu gerçəkləşdirə bilməyib, onu aviasiyaya qəbul etməyiblər. Buna baxmayaraq, Şebarşin fərqli bir məkanda, DTK strukturlarındakı karyerasında təyyarə sürətlilə irəliləyib. Leonid Şebarşin 1935-ci ildə Moskvada anadan olub. Orta məktəbi gümüş medalla bitirib. Möskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun şərqşünaslıq fakültəsində ali təhsil alıb. İnstitutu bitirdikdən sonra Xarici İşlər Nazirliyinə təyinat alan Şebarşin bir neçə il Moskvada işlədikdən sonra Pakistana göndərilib. O, əvvəlcə SSRİ-nin Pakistandakı səfirinin tərcüməçisi, 1959-cu ildə isə diplomat dərəcəsi alaraq həmin səfirlikdə attaşe işləyib. 1962-ci ildə Leonid Şebarşin Moskvaya qayıdıb, fəaliyyətini Xarici İşlər Nazirliyinin Asiya şöbəsində davam etdirib. Elə həmin il onu dövlət təhlükəsizliyi orqanlarına dəvət ediblər. Şebarşin kiçik leytenant rütbəsində DTK-nın 1-ci baş idarəsində (xarici kəşfiyyat) xidmətə başlayıb. Leonid Şebarşin uzun illər SSRİ DTK-nın xətti ilə xarici ölkələrdə fəaliyyət göstərib. O, 1964-1968-ci illərdə Pakistanda işləyib, 1971-1977-ci illərdə Hindistanda DTK rezidentinin müavini , 1979-1983-cü illərdə İranda DTK-nın rezidenti olub. Dövlət təhlükəsizliyi orqanlarında Şebarşin peşəkarlığı, güclü məntiqə malik olması, nəzəri biliklərin xidməti fəliyyətdə uğurla tətbiq etməyi, məlumatların əldə olunmasında mükəmməl bir mexanizm və şəbəkə yaratmaq bacarığı ilə fərqlənib. Bütün bunlar nəzərə alınaraq o, 1987-ci ildə DTK-nın 1-ci baş idarəsinin rəis müavini təyin olunub. 1989-cu ildə Vladimir Kryuçkov DTK sədri təyin ediləndə Leonid Şebarşin də onun yerinə, idarə rəisi, o cümlədən DTK sədrinin müavini vəzifəsinə təyinat alıb. 1991-ci ilin avqust ayında “QKÇP” adı ilə tarixə düşən qiyam zamanı Leonid Şebarşin digər DTK rəhbərlərindən, o cümlədən Vladimir Kryuçkovdan fərqli olaraq Mixail Qorbaçova əks getməyib. “QKÇP”-nin əleyhinə çıxan Boris Yeltsinin tərəfdarları Moskvada mitinqlər təşkil edəndə DTK izdihamı dağtmağa cəhd edib. DTK-nın tabeliyində olan “A” (Alfa) və “V” (Vımpel) qrupları bununla bağlı tapşırıqlar alsa da, mitinqlərə silahlı müdaxilə Kryuçkovun tələb etdiyi dərəcədə icra edilməyib. Bu məhz Şebarşinin göstərişi ilə olub. Hadisələr zamanı general-leytenant Leonid Şerbarşin Moskva ətrafında olan Boris Yeltsinin də şəhərə daxil olmasına şərait yaradıb. Bununla da “QKÇP”-nin sovet imperiyasını qoruyub saxlamaq cəhdi alt-üst olub. Şebarşinin təbirincə desək, “hər şey texniki cəhətdən zəif təşkil edildiyindən, cəhdlər faydasız və mənasız oldu”. Leonid Şebarşinin xidmətləri Mixail Qorbaçovun diqqətindən kənarda qalmayıb və o, avqustun 22-də onu DTK-ya sədr təyin edib. Bu təyinatdan xəbər tutan Boris Yeltsin elə gecə ikən Mixail Qorbaçovla telefonla danışıb. Yeltsin ona Şebarşinin Kryuçkova çox yaxın adam olduğunu söyləyib. Avqustun 23-də Qorbaçov “səhvini” düzəldib, DTK rəhbərliyinə Vladimir Bakatin gətirilib. Bütün bu oyunları anlamayan Leonid Şebarşin elə düşünüb ki, öz köhnə vəzifəsində, 1-ci baş idarənin rəisi və sədr müavini postunda qalacaq. Ancaq üstündən bir gün keçməmiş onunla razıldırılmadan vəzifəsini bir pillə kiçildərək baş idarənin rəis müavini vəsifəsinə təyin olunması haqqında Bakatin əmr imzalayıb. Onun yerinə, DTK-nın 1-ci baş idarəsinin rəisi vəzifəsinə Yevgeni Primakov təyinat alıb. Şebarşin bu vəzifə təyinatından imtina edib. 56 yaşlı general bununla da 29 il xidmət etdiyi dövlət təhlükəsizlik orqanlarından öz ərizəsi ilə istefa verib. İstefasından sonra Leonid Şebarşin “Rusiya milli iqtisadi təhlükəsizlik xidməti” cəmiyyətini təsis edib və onun rəhbəri olub. Leonid Şebarşin müəllifi olduğu kitablarla da yadda qalıb. Qələmə aldığı “DTK zarafat edir” kitabı isə çoxminli oxucuları tərəfindən daha maraqla qarşılanıb. Generalın siyasi aforizmləri isə bu günə qədər də bir çoxları tərəfindən sitat kimi işlədilir. Generalla bağlı diqqət çəkən məqamlardan biri də onun Moskvadakı mənzilindəki iş otağının divarında Nizami Gəncəvinin rəsmi olan xalçanın asılmasıdır. Bu xalçanın haradan alınması məlum deyil. Amma ehtimallara görə, bu xalçanı Şebarşinə Bakıda hədiyyə ediblər. Şebarşin Moskvadan İrana Bakıdan gedib gəlirmiş. 1984-cü ildə astma xəstəliyindən qızını itirən Leonid Şebarşin ömrünün son illərini faciəli hadisələrlə qarşılayıb. General düz səkkiz il iflic olmuş və əlil arabasında gəzən həyat yoldaşına özü qulluq edib. Yuxarılardan heç bir kömək istəməyən general maddi çətinlilklərə baxmayaraq, heç kimə əl açmayıb, o, zabit şərəfini qorumaq üçün bütün çətinliklərə dözüb. 2012-ci ilin martın 30-da Şebarşinin intihar etməsi xəbəri yayılıb. Bu xəbəri müəmmalarla qarşılayanlar da az olmayıb. Hətta belə şayiələr gəzib ki, Şebarşin 1989-cu ildə Vladimir Putini “xidmətdən xaric etdiyinə görə” qəsdən öldürülüb. Əslində isə bu versiya generalın vasitəsi ilə yeni intriqaların yaranması məqsədini daşıyıb. Ümumiyyətlə, vəzifə ranqlarına görə Putinlə Şebarşinin heç bir xidməti əlaqəsi olmayıb. Generalın intihar səbəbi isə onun çoxsaylı xəstəlikləri ilə bağlı olub. Şebarşin ömrünün son aylarında sərbəst yeriyə bilməyib, görmə qabiliyyəti kəskin şəkildə zəifləyib, yüksək qan təzyiqindən əziyyət çəkib. İntiharından bir gün əvvəl, martın 29-da o, gündəliyində səliqəsiz xətlə qeyd edib: “Saat 17.45. Sol gözüm artıq görmür...” “Saat 20.00. Mən tamamilə kor oldum...” Martın 30-da 77 yaşlı general-leytenant Leonid Şebarşin mükafat qaydasında ona bağışlanan tapanca ilə özünü intihar edib. O, Moskvada, Troekurovski qəbirstanlığında dəfn olunub.//musavat