​CƏLİLABADDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Rayon xəstəxanasına polis qüvvələri yeridildi.../ VIDEO

Baxış sayı:
8621

“İrandan gələn azərbaycanlıları gətirirlər xəstəxanaya, xariciləri isə buraxırlar ölkəyə”

Xəbər verdiyimiz kimi, İrandan Azərbaycana gələn vətəndaşlar saxlanılaraq Cəlilabad və Astara rayon mərkəzi xəstəxanalarına yerləşdirilir.
Məlumata görə, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanada saxlanılanlar saxlanma şəraitindən və onlara münasibətdən narazılıq ediblər.
Bu barədə Meydan TV-yə məlumat verən Saatlı rayon sakini Qadir İsrafilov deyib ki, onlara mütəşəkkil cinayətkarlar kimi davranılır.
İranın Təbriz şəhərində təhsil alan və evlərinə qayıdarkən saxlanılan Q.İsrafilovun sözlərinə görə, xəstəxana daxili qoşunlar və polis alayı qüvvələri ilə əhatə olunub. İçəri çəkiliş qrupu buraxılmır, eyni zamanda kiminsə də içəridən çıxmasına icazə verilmir.
“Astara tərəfdən keçənlərin hamısını yoxlayıb buraxırlar. Amma Biləsuvarda Dövlət Sərhəd Xidmətinin avtobusu dayanır, İrandan gələn azərbaycanlıları yığıb gətirir bura, başqa ölkə vətəndaşlarını isə buraxırlar Azərbaycana. Niyə?
Səhiyyə Nazirliyinin tapşırığı budur ki, qızdırması 38-dən aşağı olanlar 1 gün saxlanılıb buraxılsın. Bunlar bizi niyə 14 gün saxlamalıdırlar axı? Bizim tələbələrdən biri nevrozdur, ona iynə vurmaq olmaz, amma 5 gündür adama iynə vurub yatızdırırlar, vəssalam. Qızdırmadan başqa heç nəyə baxmırlar. Ümumiyyətlə, gələnlərin içərisində qızdırması olan yoxdur”.
Qadir İsrafilovun sözlərinə görə, xəstəxananın baş həkimi, müavinləri yerində yoxdur, şikayətlərini heç kim eşitmir:
“Baş həkimi tapmırıq, müavini gəlib burda dövlət məmuruna deyir ki, mənim paltarımı cırıblar. Soruşuruq kim cırıb, göstərə bilmir”.
Həmin xəstəxanada saxlanılan, adının açıqlanmasını istəməyən bir qadın isə Meydan TV-yə deyib ki, əsasən uşaqlar bu durumdan əziyyət çəkir:
“Uşaqlı-böyüklü hamı bir yerdədir, ac-susuz, əsir kimi saxlanılırıq burda. Heç kimdə qızdırma yoxdu, xariciləri ölkəyə buraxıb, bizi saxlayırlar”.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Meydan TV-nin suallarına cavab verəcək səlahiyyətli şəxsin olmadığını bildiriblər. Səhiyyə Nazirliyindən və TƏBİB-dən münasibət öyrənmək mümkün olmayıb.
Fevralın 28-də rəsmi olaraq Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktı təsdiqlənib.
TƏBİB-dən verilən məlumata görə, ilkin araşdırma məntəqələrində yüksək hərarət müəyyən olunub. Xəstə xüsusi boks vəziyyətində saxlanılır. Vəziyyəti stabildir.
Bildirilib ki, xəstənin analiz nəticələri bir neçə saat əvvəl müəyyən olunub. Onunla ünsiyyətdə olan hər kəs karantin altına alınıb. Sərhədi keçdiyi andan istiliyi olduğu üçün izalyasiya olunub.