​CƏLİLABADDA ƏMƏLİYYAT: Silah və narkotik alverçiləri həbs edildi

Baxış sayı:
3676

Cəlilabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Əliyevdən və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tələt Əliyevdən metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə Sadiq Əliyevin evindən narkotik vasitə olan heroin və marixuana da aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı Sadiq Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Tələt Əliyevin idarə etdiyi “Lada-Priora” markalı avtomobildən 1 ədəd pnevmatik tüfəng, 1 ədəd bıçaq və pnevmatik tüfəngə aid patron, habelə onun tanışı, Şuşa şəhər sakini Eynulla Mustafazadənin idarə etdiyi “Range-Rover” markalı avtomobildən 1 ədəd qaz tapançası, 4 ədəd dəyənək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Bundan başqa, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kəndi ərazisində kənd sakini Rüstəm Əkbərovun kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 2 kiloqram 300 qram marixuana da aşkar edilərək götürülüb.