Cəlilabadda dişini çəkdirmək istəyən qadın ölübmü? - SƏHİYYƏ NAZİRLİYİ ARAŞDIRMA APARIB VƏ MÜƏYYƏN EDİB Kİ…

Baxış sayı:
5926

Səhiyyə Nazirliyi Cəlilabad rayonunda 28 yaşlı qadının dişini çəkdirmək üçün vurulan keyidici iynədən sonra komaya düşməsi ilə bağlı bu günlərdə mətbuatda verilən məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, məlumatda 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızının koma vəziyyətində xəstəxanaya gətirildiyi iddia olunurdu. Lakin nazirliyin apardığı araşdırma zamanı məlum olub ki, rayondakı dövlət xəstəxanalarına bu adda və belə diaqnozla xəstə gətirilməyib: “Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində yalnız bir qadın xəstə müalicə alır, onun da yüksək təzyiq nəticəsində vəziyyəti pisləşib”.

Abubəkirov əlavə edib ki, məlumatda göstərilən ünvanla əlaqə yaradılıb, məlum olub ki, Könül Şahbazova bir neçə il bundan əvvəl ailə quraraq başqa ünvana köçüb.

“Araşdırma apardıq, dövlət tabeliyindəki stamotoloji mərkəzlərin heç birində belə bir hadisə baş verməyib. Xəbərin kim tərəfindən və hansı məqsədlə yayıldığı bəlli deyil”.