“Əclafın ölümü” - İntiqam Əliyevin yeni romanı çapdan çıxdı

Baxış sayı:
4720

Hüquq müdafiəçisi, keçmiş "vicdan məhbusu" İntiqam Əliyevin "Əclafın ölümü" adlı yeni romanı işıq üzü görüb.
 
Bu bədii əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir.
 
Opponentlərini sıradan çıxarmaq üçün ixtiyar sahiblərinin hər vasitəni məqbul saydığı ölkədə sistem daim əclaf istehsalı ilə məşğuldur. Bu dəyirmana hər kəs düşə və oradan salamat çıxmaya bilər. Hər şeyin alınıb-satıldığı, dəyərlərin baş-ayaq olduğu, birtərəfli yazılmış sərt oyun qaydalarının olduğu mühitdə hər kəs potensial qurbandır.
 
Təsadüfi deyil ki, kitabın əsas sloqanı kimi onun "əclaflar barədə deyil, onları yetirən sistem barədə olduğu" vurğulanır.
 
Əsərin mahiyyəti onun sloqanında açıqlanır - "Kitab əclaflar barədə deyil, onları yetirən sistem barədədir".
 
Əsə­rin əsas qəh­rə­ma­nı hakimiyyətin basqılarına məruz qalan medianı, jurnalistləri, ictimai-siyasi fəalları müdafiə edən az sayda mübariz vəkillərdən biridir. O, ölkəni idarə edənlərin ünvanına tez-tez sərt tənqidlər səsləndirir. Çoxsaylı xəbərdarlıq, real təhdidlər və məruz qaldığı sui-qəsd də onu yolundan döndərə bilmir. Vəkilin həbsi məsələsi ən yüksək səviyyədə gündəmə gətirilir və o, saxta ittihamlarla zindana atılır.
 
Öz ölkəsində və xaricdə onun müdafiəsi üçün kampaniyalar təşkil olunur, ən nüfuzlu mükafatlara layiq görülür, öz ölkəsindən çox-çox uzaqlarda da mübarizə simvollarından birinə çevrilir.
 
Beşillik həbs həyatından sonra, nəhayət, azadlığa buraxılır və daha böyük enerji ilə mübarizəyə atılır.
 
Bu dəfə tam fərqli cəbhədə - vaxtilə çiyin-çiyinə dayandığı, keçmiş əqidə yoldaşlarına qarşı...
 
Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub.
 
Kitab ilə hələlik elektron variantda tanış olmaq olar. Həmçinin çap variantının oxuculara təqdim edilməsi nəzərdə tutulur.
 
Bu, İ.Əliyevin ikinci romanıdır. "Meydan" adlı ilk romanı 2018-ci ildə nəşr edilib./Turan