Çingiz Abdullayev şair Müşfiqin yaxınlarının axtarışına başladı - “KOMİSSİYAYA RƏHBƏRLİK ETMƏYƏ HAZIRAM...”

Baxış sayı:
4774

Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Mikayıl Müşfiqin ana tərəfdən yaxınlarının axtarışına başlayıb və şairə məxsus olduğu ehtimal edilən qalıqların tədqiq edilməsi üçün ictimai komissiyanın yaradılması təklifini dəstəkləyib.

Xatırladaq ki, Milli Məclisin üzvü, akademik Nizami Cəfərovun görkəmli şair, gənc yaşında Stalin repressiyalarının qurbanı olmuş Mikayıl Müşfiqə aid olduğu (yüksək ehtimalla) bildirilən qalıqların tədqiq edilməsinin təşkili, qalıqların şairə məxsusluğu təsdiqlənərsə onun dövlət səviyyəsində dəfn mərasimin keçirilməsi üçün ictimai komissiyanın yaradılması təklifi ilə virtualaz.org-a açıqlamasında çıxış edib.

 

Eynulla Fətullayev mədəniyyət naziri Əbülfəs Qarayevin bu məsələdə tutduğu mövqedən təəssüfləndiyini bildirib.

“Mədəniyyət naziri Əbülfəs Qarayevin Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən birinin güman edilən qalıqlarının tədqiqinin təşkili üzrə başladığımız ictimai kampaniyanı ilk gündən niyə dayandırmağa çalışdmasını anlamıram”, - jurnalist deyib.

Bu təkliflə bağlı haqqin.az və virtualaz.org saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayev yazıçı Çingiz Abdullayevlə əlaqə saxlayıb.  Yazıçıya təklif edib ki, belə komissiyanın yaradılması təşəbbüsünü üzərinə götürsün və ona rəhbərlik etsin. Ç.Abdullayev bildirib ki, təklifi dəstəkləyir və həmin komissiyaya rəhbərlik etməyə hazırdır.

“Mən hazırda Fransadayam, Bakıya dönən kimi Yazıçılar İttifaqında bu məsələni müzakirəyə çıxaracağam. Müşfiqə aid olduğu ehtimal edilən qalıqların DNK analizi aparılandan sonra nəticə müsbət olarsa ictimai komissiya görkəmli dəfn mərasimini təşkil edə və digər məsələləri həll edə bilər. Qalıqların tapıldığı haqda xəbəri eşidən kimi mən DNK analizi üçün nümunələrin götürülməsi üçün Müşfiqin ana tərəfdən qohumlarının axtarışına başlamışam. Artıq bir neçə nəfər müəyyən edilib”-Çingiz Abdullayev bildirib.