Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları xəstəxanalara yerləşdirildi - FOTO, VİDEO / YENİLƏNİB

Baxış sayı:
1643

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyə edilərək Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları artıq xəstəxanalara yerləşdirilib.

“Report”un məlumatına görə, karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün ayrı otaqlar hazırlanıb. Onlar burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər.

Qeyd olunub ki, karantində saxlanılan şəxslərdən hər üç gündən bir zəruri analizlər götürüləcək.

Qeyd edək ki, Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınıb.

*   *   *23:31

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyə edilən Azərbaycan vətəndaşları artıq Türkiyəyə çatıb.

Məlumata görə, Azərbaycan vətəndaşlarını gətirən “Koca Yusuf” ambulans-təyyarəsi Türkiyənin paytaxtı Ankaranın Etimesgud Hava Limanına enib.

Sərnişinlərə xüsusi forma geyindirilib. Onların təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınmasına başlanılıb. Karantində saxlanılacaq şəxslər üçün ayrı otaqlar hazırlanıb.

Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı olub. Onlar əsasən tələbələrdir.

Bu arada məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi də məlumat yayıb. Bildirilir ki, hazırda Çin Xalq Respublikasının Uhan şəhərindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhətində heç bir problem yoxdur: “Qarşılanmada iştirak edən səfir Xəzər İbrahim vətəndaşlarımızla telefon danışığı aparıb. Onların heç birinin sağlıq durumundan şikayəti yoxdur”.