"Çindən idxalı tamamilə dayandırmalıyıq" - EKSPERTDƏN TƏKLİF

Baxış sayı:
2107

"Müvəqqəti də olsa hələlik Çindən idxalı dayandırmalıyıq”.

Bu sözləri Azərbaycanın idxalda 10 faizlik paya malik olan və koronavirusun yayıldığı Çindən idxal prosesini müvəqqəti dayandırmağın vacibliyinə toxunarkən iqtisadçı ekspert Cümşüd Nuriyev deyib:

"Nazirlər Kabinetinin qərarı var. Azərbaycan Çindən ərzaq məhsullarının idxalını müvəqqəti olaraq tamamilə dayandırıb. Onun əvəzlənməsi məsələsi də öz həllini tapıb. Ölkəmizə lazım olan sənaye xammalı üzrə məmulatları Azərbaycan başqa ölkələrdən gətirə bilər. Düzdür, bu halda qiymətdə bir qədər fərq olacaq. Çünki Çində işçi qüvvəsi ucuz olduğundan burada əmək tutumlu məhsullar istehsal olunur və oradan gətirilən malların qiyməti də daha ucuz olur”.

Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan üçün vətəndaşların sağlamlığı, təhlükəsizliyi daha vacib olmalıdır: "Ona görə indiki şəraitdə Azərbaycanın Çindən idxalı bütün məhsullar üzrə tamamilə dayandırması daha düzgündür. Çünki insanlarımızın sağlamlığı, təhlükəsizliyi vacibdir, nəinki hansısa bir sənaye sahəsi üzrə hansısa sahibkarın imkanlarının böyüdülməsi. Koronavirus ölkəmizə ayaq açsa, sığorta sistemi tamamilə çökə bilər. Düzdür, Çindən gələn mallar uzun müddət yol gəldiyindən, viruslar öz daşıyıcı funksiyasını itirir. Amma bütün hallarda ehtiyatı da əldən vermək olmaz. Mövcud vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan Çindən bütün məhsul və mallar üzrə idxalı dayandırmalıdır. Uçuşlar dayandırıldığı kimi, o ölkədən idxal da mütləq dayandırılmalıdır”./Sfera.az