“Cinayətkarlara qırmızı xalça sərilməsini dayandırın” - Ruhani müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı

Baxış sayı:
724

İran prezidenti Həsən Ruhani şənbə günü müsəlmanları ölkənin regional rəqibi Birləşmiş Ştatlara qarşı birləşməyə çağırıb. Ruhani həmçinin İsraili Qərb dövlətləri tərəfindən yaradılan “saxta rejim” adlandıraraq, İkinci Dünya Müharibəsindən sonra formalaşan dövlətin “regiondakı xərçəng şişi” olduğunu bildirib.
 
Tehranda keçirilən illik İslam Birliyi Konfransında çıxış edən Ruhani ABŞ-ın Yaxın Şərqi əsarət altına almaq istədiyini deyib. İran prezidenti müsəlman xalqlarını “cinayətkarlara qırmızı xalça sərilməsini” dayandırmağa çağırıb. Bununla, Ruhani Səudiyyə Ərəbistanını və regionda ABŞ-la yaxın əlaqələri olan ölkələri tənqid edib.
 
Şiələrin əksəriyyət təşkil etdiyi İranla sünni kral tərəfindən idarə edilən Səudiyyə Ərəbistanı Yaxın Şərq münaqişələrində əksər hallarda əks tərəflərdə olurlar. Bu münaqişələrdən biri Husi qiyamçılarıyla Yəmən hökuməti arasında olan vətəndaş müharibəsidir. Qiyamçılar İran tərəfindən, Yəmən hökuməti isə Səudiyyə Ərəbistanı tərəfindən rəhbərlik edilən və sünni dövlətlərdən ibarət koalisiya tərəfindən dəstəkləyir.
 
İran və Səudiyyə Ərəbistanı arasında 30 ilə yaxındır ki, diplomatik münasibətlər mövcud deyil. Lakin bütün fikir ayrılıqlarına baxmayaraq, Ruhani İranın səudiyyəliləri “qardaş” hesab etdiyini deyib.
 
“Biz Məkkə və Mədinə sakinlərini qardaşlarımız hesab edirik” – deyə Ruhani bildirib və əlavə edib ki, İran Səudiyyə Ərəbistanını və regiondakı digər ölkələri “terrorizmdən və böyük ölkələrdən” qorumağa hazırdır.
 
ABŞ 1979-cu ilin İslam İnqilabından sonra İran liderlərinin tez-tez hədəfə aldığı ölkədir. Lakin prezident Donald Trampın bu ilin əvvəli ABŞ-ı 2015-ci il İran Nüvə Sazişindən çıxarması qərarı və sanksiyaların bərpa edilməsi bu ölkələr arasındakı gərginliyi daha da artırıb.