Cinayət və cəza

(Pritça)

Bir qüdrətli insanın yaxın dostunu kimsə qətlə yetirdi və dərhal qum zərrəsi kimi insan dənizi içində gözdən itdi.

Mərhumun qüdrətli dostu qabağına çıxan ilk adamı öldürüb, sonra da canini cəzalandırdığını söyləyəndə yanındakı adam dedi:

- Heyhat, bu cəza ədalətdən çox uzaq olmayacaqmı?

- Xeyr, məgər dünyada hamımız Adəm dədəmiz və Həvva nənəmizin övladları deyilikmi? Konkret cinayətkara gəldikdə isə onu da hardasa, kimsə mütləq cəzalandıracaq.

Əlisa Nicat