​ÇİN CƏNUBİ QAFQAZA GƏLİR – Üç "divarı" neçə aşmalı? – TƏHLİL

Çin strateqləri Asiya və Avropa arasında məsafəni azaltmaq üçün ən qısa yol kimi Qafqaz bərzəxindən istifadə etməyə çalışır. Moskva buna şübhə ilə yanaşır.
Çinin “Yeni İpək Yolu” layihəsi Şimali Qafqaza (Ermənistan, Azərbaycan, Gürcüstan) meyl edir. SSRİ dağıldıqdan sonra ilk dəfə Rusiya ilə dost münasibətində olan Çin keçmiş himayədar ölkəni Qafqazdan çıxarmağa çalışmadan və bu üç postsovet ölkəsi üçün cəlbediciliyindən imtina etmədən həmin regionu özünəməxsus şəkildə təcriddən çıxarmaq təklifi irəli sürür.
Çin həmişə Şimali Qafqazın inkişafına aktiv şəkildə kömək edib. SSRİ dağıldıqdan sonra 1991-ci ildə ÇXR bu üç ölkə ilə əlaqələr qurub, həmçinin sənaye, tikinti və bank sektoruna investisiyalarını artırıb. Lakin Çin strateqləri, ilk növbədə, diqqətlərini infrastruktur və nəqliyyat yollarında cəmləyiblər. Onlar Asiya və Avropa arasında məsafəni azaltmaq üçün ən qısa yol kimi Qafqaz bərzəxindən istifadə etməyə çalışırlar. Bir neçə gün fasilə ilə Çinin regiona daxil olma strategiyası iki üçtərəfli görüşlə möhkəmlənib. Oktyabrın 30-u təntənəli açılışı olan “Bakı-Tbilisi-Qars” (BTQ) dəmiryol xətti “Asiya və Avropanı birləşdirən ən qısa yoldur”. Bu sözləri açılışda türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan və Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə birgə iştirak edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
İki gün sonra noyabrın 1-i Rusiya, İran və Azərbaycan prezidentləri Tehranda bir araya gəlib. Görüş zamanı başqa məsələlərlə yanaşı, üç ölkəni birləşdirən dəmir yol xəttinin inşası ilə bağlı layihənin tezləşdirilməsi müzakirə edilib. Məqsəd bu dəmir yol xəttini Çin layihəsi ilə vahid sistemdə birləşdirməkdir.
Beləliklə, Cənubi Qafqazda “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri üzrə strateji debatlar başlayıb. Təntənəli açılış mərasimləri və digər ümumi bəyanatlar fonunda üç əngəl qalır. İlk növbədə, Rusiyanın qonşu dövlətlərə aid bütün məsələlərdə nümayiş etdirdiyi ənənəvi şübhəcilliyi var. Rusiya BTQ-yə 1990-2000-ci illərin neft boru kəmərlərinin pis remeyki kimi baxır. Qərbin dəstəyi ilə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən həmin boru kəmərlərinin ümumi cəhəti Rusiya ərazisindən yan keçmələri olub. Moskva üçün bu, dözülməz haldır. Çünki Rusiya həmişə “təxribatçı” boru kəmərlərini “həzm edə bilməyib”.
“Şimal-Cənub” dəhlizi layihələrinə gəldikdə, Rusiya onların iştirakçısıdır. Bu layihələr onun ərazisindən keçdiyi üçün Rusiya İran və Çin tərəfdaşları ilə razılığa gələ bilər. Amma onu TIAG (Türkmənitan-İran-Ermənistan-Gürcüstan) narahat edir. Çünki İranın enerji və yol təcridinin aradan qaldırılması məqsədilə yaradılan, Avropaya istiqamətlənən bu layihə Rusiya ərazisindən keçmir.
İkinci maneə Xəzərin təyin edilməmiş statusudur: Xəzər dənizdir yoxsa göl?
Nəhayət, üçüncü problem Cənubi Qafqazda hökm sürən “nə hərb, nə sülh” vəziyyəti ilə bağlıdır. 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra başlayan Cenevrə danışıqları “ölü nöqtədən” tərpənməyib. 10-11 oktyabrda keçirilən danışıqların 41-ci mərhələsi heç bir nəticə verməyib. Erməni və azərbaycanlıların qarşı-qarşıya gəldiyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları da çıxılmız vəziyyətdədir.
Əslində, Rusiya bu münaqişədə vasitəçilik missiyasını gücləndirmək istəyir. 2013-ci il Ermənistan Avrasiya İttifaqına üzv olduqdan sonra, Rusiya Azərbaycanın iştirakı, daha doğrusu, İran və Çin olmadan bu ümumi bazarı genişlətmək istəyir. Və bununla da “Şərq-Qərb” dəhlizinin zərərinə “Şimal-Cənub” dəhlizinə üstünlük verməyə çalışır. Təkcə bu sualı aydınlaşdırmaq qalır:  Çinin ambisiyalarına müqavimət göstərmək üçün Moskvanın vəsaiti kifayət edəcəkmi? (Xpressa)