CƏFƏR CƏFƏROV MUXALİFET.AZ-I KİMİN HESABINA “UDDU”? – Və yaxud rektor bu iş üçün hakimiyyətdə kimlərə müraciət edib? / ŞOK DETALLAR

Baxış sayı:
27712

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun Muxalifet.az informasiya portalına qarşı məhkəmə iddiası qaldırdığı haqda məlumat vermişdik. Qeyd etmişdik ki, C.Cəfərov Muxalifet.az saytında dərc olunan “Cəfər Cəfərovun qaranlıq dini əlaqələri və yaxud rektorun “nurçulara” sevgisi hardan qaynaqlanır”, “Təcrübəli kadrlar ADPU-nu niyə tərk edir? – Rektor Cəfər Cəfərova etiraz” sərlövhəli yazılara və ADPU-nun qanunsuz olaraq işdən çıxarıldığını iddia edən əməkdaşının saytımızda dərc olunan “Üç əməkdaş haqsızlığa dözə bilmədi, yazıqların ürəyi partlayıb öldü” başlıqlı müsahibəsinə etiraz edib. Halbuki, bu məhkəmə iddiasından aylar öncə Mətbuat Şurası rəhbərliyinin xahişi əsasında hər iki yazı saytdan götürülmüşdü. Lakin, görünür, ADPU-dan qovulan əməkdaşların şikayətləri saytımızda dərc olunduğundan, C.Cəfərov Muxalifet.az-ı məhkəmənin əli ilə “susdurmaqla” universitet daxilində baş verən neqativ olayları ört-basdır etməyə çalışır... Məlumat üçün bir daha vurğulayaq ki, əslində, saytdan çıxarılan yazılarda Cəfər Cəfərovun “şərəf və ləyaqətinə” xələl gətirəcək hər hansı ifadəyə yer verilməyib. Yazının mahiyyəti ondan ibarətdir ki, ADPU rektorunun Azərbaycanda təhsil sahəsində FƏTÖ-nün ən parlaq simalarından olan Qafqaz Universitetinin rektoru Əhməd Sanıc və “Çağ Öyrətim İşlətmələri Şirkəti”nin rəhbəri Enver Özerinlə yaxın əlaqələri olub. Bunu təsdiq edən fotoşəkilləri də oxucularımıza təqdim etmişdik. Üstəlik, onu da vurğulamışdıq ki, bu əlaqələr sayəsində C.Cəfərov öz xanımını Qafqaz Universitetində işə düzəltmişdi... O ki qaldı digər yazılara, dəyərli oxucularımıza xatırladaq ki, həmin məqalələr sadəcə ADPU əməkdaşlarının redaksiyamıza ünvanladığı şikayət məktubları və müsahibələrdən ibarət idi. Hansı ki, bu yazıların hər birinin sonunda da qarşı tərəfi dinləməyə, hətta bir neçə dəfə universitetin məsul şəxslərinə yazılı mövqelərini belə, dərc etməyə hazır olduğumuzu bildirmişdik. Çox təəssüf ki, Muxalifet.az-ın peşəkar mövqe sərgiləməsi və “KİV haqqında qanun”un tələblərinə uyğun olaraq, qarşı tərəfə müraciətimizi ADPU rəhbərliyi yanlış anladı. Elə başa düşdülər ki, Cəfər Cəfərovun hakimiyyətdəki dostluq və qohumluq əlaqələrindən ehtiyat edərək, onların qarşısından geri çəkilirik. Halbuki, Muxalifet.az olaraq hər hansı qanunsuzluğa yol vermədiyimizdən, Cəfər Cəfərovla məhkəmədə üzləşəcəyimiz bizi narahat etmirdi. Sadəcə, ADPU-rektorunun Mətbuat Şurası rəhbərliyinə müraciəti və yuxarıda qeyd etdiyimiz kimi, ikincinin Muxalifet.az-dan xahişi əsasında “məhkəmə predmeti” sayılan yazıları saytdan çıxardığımızdan, hər hansı hüquqi çəkişməni əlavə vaxt itkisi hesab edirdik. Amma qarşı tərəf müəyyən maraqlar çərçivəsində Muxalifet.az-ı susdurmaq fikrində qəti olduğundan, saytımıza qarşı 100 min manatlıq iddia tələbi irəli sürdü. İşə baxan Nərimanov rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova Muxalifet.az-da dərc olunan yazıların C.Cəfərovun “şərəf və ləyaqətinə” xələl gətirib-gətirmədiyini aydınlaşdırmağı Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etdi. Mərkəzin ekspertləri isə belə qənaətə gəldi ki, ADPU rektoru ilə bağlı Muxalifet.az xəbər portalından çıxarılan yazılarda və hazırda saytda olan müsahibələrin heç birində iddiaçının şərəf və ləyaqətini aşağılayan hansısa ifadəyə yer verilməyib. Məhkəmə-linqvistik ekspertizası nəticəsində müəyyən olunub ki, bu yazıların hər birində yalnız Cəfər Cəfərovun işgüzar fəaliyyətindən söhbət gedir. Şübhəsiz, Məhkəmə Ekspertizası Mərkəzinin bu rəyi Muxalifet.az-ın haqlı olduğunun rəsmi təsdiqidir. Lakin, çox təəssüflə qeyd edirik ki, Nərimanov Məhkəməsinin hakimi Kəmalə Əmirxanova məhkəmə-linqvistik ekspertizasının rəyini nəzərə almadan, üstəlik, heç bir şahidi dinləmədən ADPU rektorunun xeyrinə qərar çıxardı. Doğrudur, C.Cəfərovun “mənəvi zərər” kimi tələb etdiyi 100 min manat 500 AZN-lə əvəz olundu. Yəni məhkəmə qərarına əsasən, “Muxalifet.az saytı Cəfər Cəfərov barəsində dərc olunan məlumatları təkzib etməli və iddiaçıya 500 manat məbləğində mənəvi zərər ödəməlidir”. Əlbəttə, Muxalifet.az bu prosesdə məhkəməyə kənar təsirlərin olacağını gözləyirdi. Çünki, əldə etdiyimiz məlumatlara görə, rektor Cəfər Cəfərov bundan öncə onun qanunsuz fəaliyyətinə etiraz edən ADPU-nun bəzi əməkdaşlarını da bu yolla məhkəmədə “məğlub etmişdi”. Buna misal olaraq ADPU-nun “Fizika və Texnologiya” fakültəsinin dekanı Mirzəli Murquzova, eləcə də keçmiş əməkdaşlar Olqa Vəlimedova və Arzu Əliyevaya qarşı ədalətsiz məhkəmə qərarlarını göstərə bilərik. O cümlədən, rektor Muxalifet.az-a qalib gəlmək üçün də hakimiyyətin yüksək postunda mövqe tutan qohum və tanışlarını bu iş üçün səfərbər etmişdi. Belə ki, biz öncədən hakim Kəmalə Əmirxanovaya çoxsaylı təzyiqlər olduğunu bilirdik. Və bu təzyiqlər qarşısında K.Əmirxanovanın bizim xeyrimizə qərar çıxarmayacağının da fərqində idik. Amma biz məhkəmə qərarının heç də mənəvi baxımdan bizim əleyhimizə olduğunu düşünmürük. Çünki iddiaçı tərəfin “mənəvi zərər”in qarşılığında bizdən 100 min manat tələb etməsinə hakimin öz qərarı ilə “500 manat bəsindir” cavabını verməsi qalibiyyət göstəricisi hesab oluna bilməz. O ki qaldı təkzib məsələsinə, doğrusu, Muxalifet.az olaraq nəyi təkzib edəcəyimizi hələ də aydınlaşdıra bilmirik. Bəli, biz yazmışıq ki, “Cəfər Cəfərovun FƏTÖ-nün ən parlaq simalarından olan Qafqaz Universitetinin rektoru Əhməd Sanıc və “Çağ Öyrətim İşlətmələri Şirkəti”nin rəhbəri Enver Özerinlə yaxın əlaqələri olub”. İnternetdə bunu təsdiq edən çoxsaylı fotolar mövcuddur. Biz yazmışıq ki, “rektorun “nurçu” olduğuna görə deputatlıqdan kənarlaşıdırılan Ceyhun Osmanlı ilə də çox yaxın əlaqəsi olduğu haqda bilgilər var. Onun bir sıra tədbirlərdə Ceyhun Osmanlı ilə yanaşı oturması, uzun zaman söhbət aparması jurnalistlərin diqqətindən qaçmayıb və bir çox saytlarda onların birgə fotoları paylaşılıb”. Biz yazmışıq ki, “Qafqaz Universitetinin rektoru Əhməd Sanıc rektor Cəfər Cəfərovun xanımını rəhbərlik etdiyi təhsil ocağında işə qəbul edib”. Biz yazmışıq ki, “C.Cəfərovun qapalı həyat tərzi keçirən 05.05.1964-cü il təvəllüdlü, Ağdaş rayonunda anadan olan Məmmədov Altay Cəmil (Altay Cəmil) oğlu ilə yaxın əlaqələri var. Hans ki, ikinci Əhmədli qəsəbəsində yerləşən özünə məxsus həyət evinin ərazisində balaca məscid tikib və həmin məsciddə dini təbliğatla məşğuldur. Cəfər Cəfərov İslam dininin sünni təriqətinə etiqad edən Altay Məmmədovla ara-sıra dini məsələlərdə məsləhətləşdiyini və bunun üçün bir neçə dəfə onun evində olduğunu ADPU-da dəfələrlə etiraf edib”. Bir halda ki, bütün bu faktlar məhkəmədə araşdırılmadı, məsələn, C.Cəfərov “Mən heç bir zaman Əhməd Sanıcla ziyafətlərdə iştirak etməmişəm”, “Ceyhun Osmanlı ilə şəklim kollajdır”, “Altay Məmmədovun evində olmamışam” kimi iddialar ortaya qoymayıbsa, üstəlik məhkəmə bu barədə araşdırma aparıb hər hansı təkzibedici fakt ortaya çıxarmayıbsa, biz Muxalifet.az olaraq nəyi təkzib edək? Bəlkə, Cəfər Cəfərova xoş gəlsin deyə, yalandan yazmalıyıq ki, “rektorun Əhməd Sanıc və Ceyhun Osmanlı ilə fotoları kollajdır, ona qarşı hazırlanmış təxribatdır”, yaxud “Cəfər Cəfərovun ümumiyyətlə Altay Məmmədov adlı adamla əlaqəsi olmayıb, bir dəfə də olsun onun evinə getməyib” və.s. Bunu yazsaq, sabah Ə.Sanıc, C.Osmanlı, eləcə də A.Məmmədov bizi yalan yazdığımız üçün məhkəməyə verməzmi?! Bizim hakimiyyətdə dostlarımız, qohumlarımız yoxdur ki, yalan yazdığımıza rəğmən, özümüzü məhkəmədə sığortalaya bilək! Günay ƏSƏDOVA, Muxalifet.az P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.