CƏFƏR CƏFƏROV ABEL MƏHƏRRƏMOVUN "YOLU" İLƏ GEDİR - Rektor hansı məmura arxalanır...

Baxış sayı:
4463

Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) rektoru Cəfər Cəfərovun Müxalifet.az saytını məhkəməyə verdiyi artıq dəyərli oxucularımıza bəllidir. O da məlumdur ki, C.Cəfərov “nurçular”la əlaqələrindən bəhs etdiyimiz və ADPU-nun keçmiş əməkdaşlarının şikayətlərini saytımızda dərc etdiyimiz üçün bizdən nə az, nə çox düz 100 min manat təzminat tələb edir. Guya Müxalifet.az saytı onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirib.
Diqqət edək, adam iddia edir ki, onun “nurçular”la əlaqəsi haqda yazdığımız üçün qardaş ölkədən ADPU-ya oxumağa gələn tələbələrin sayı azala, hətta Azərbaycan-Türkiyə münasibətlərinə zərbə dəyə bilər.
Maraqlıdır, vaxtilə Fətullah Gülənin Bakıdakı ən etibarlı adamlarından biri, Qafqaz universitetinin rektoru Əhməd Sanıcla boy-boy şəkillər çəkdirmək, bir çox tədbirlərdə yan-yana əyləşmək, hətta həyat yoldaşını onun rəhbərlik etdiyi universitetə işə düzəltmək və s. “nurçular”la əlaqə deyilsə, bəs nədir? Axı, biz onun heç də “nurçu” olduğunu qeyd etməmişik. Müxtəlif saytlarda dərc olunan yazılar və fotolar, eləcə də etibarlı mənbələrdən əldə etdiyimiz informasiyalar əsasında onun “nurçular”la bağlantısını qələmə almışıq. Yəqin dəyərli oxucular da bizim dediklərimizi təsdiqləyər ki, Fətullah Gülənin ən sadiq adamlarından biri ilə müxtəlif məclislərdə, ziyafətlərdə iştirak etmək “nurçular”la əlaqədə olmaqdan daha ciddi “ittiham” hesab olunmalıdır. Halbuki Azərbaycan qanunlarına görə, dövlət əleyhinə hansısa fəaliyyətdə iştirak etməyən hər hansı “nurçu” belə, cinayətkar hesab oluna bilməz.
Bu baxımdan, Cəfər Cəfərovun məlum ittihamları absurd olmaqla yanaşı, guya onun “nurçular”la əlaqədə olduğunu bilən türkiyəli tələbələrin ADPU-dan üz döndərəcəyi haqda iddiası da gülüncdür.
O ki qaldı rektorun barəsində yazdıqlarımıza görə Azərbaycan-Türkiyə münasibətlərinin zərər görə biləcəyinə, yəqin ki, belə düşünmək üçün ancaq Cəfər Cəfərov məntiqinə sahib olmaq lazımdır...
ADPU-nun keçmiş əməkdaşlarınını şikayətlərini dərc etdiyimizə görə, rektorun bizə qarşı məhkəmə iddiası irəli sürməsi də anlaşılan deyil. Görünür, burada da ya məntiq problemi var, ya da C.Cəfərov əhatəsində olan bir qrup savadsız məsləhətçilərinin girovuna çevrilib. Hər halda, Pedaqoji Universitetə rəhbərlik edən bir şəxs KİV haqqında qanundan az da olsa, məlumatlı olmalı idi. Əgər özünü zəhmətə salıb bu qanunu oxumaq həvəsində olmayıbsa, ən azı ölkə mətbuatının bəzi “uzaqvuran topları” ilə görüşlərinin birində bu haqda informasiya əldə edə bilər. Yox, bu da onun üçün maraqlı deyilsə, onda məhkəmələrdə pis vəziyyətdə qalmamaq üçün öz ətrafına yaltaq, ikiüzlü, riyakar (Təbii ki, bu hər kəsə aid deyil – müəl.) insanları deyil, savadlı kadrları toplamalıdır ki, gülünc vəziyyətə düşməkdən xilas ola bilsin.
Son vaxtlar ADPU-da vəziyyət o həddə çatıb ki, bütün rəhbər heyət məhkəmə çəkişmələri ilə məşğuldur. Cəfər Cəfərovun rektorluğu dönəmində sözügedən ali təhsil ocağı qarşıdakı 100 illik “məhkəmə planı”nı çox böyük fəxrlə yerinə yetirə bilib. Bu qısa müddət ərzində ADPU rəhbərliyini məhkəməyə verənlərin, eləcə də onların məhkəmə iddialarının sayı onlarladır. Bu səbəbdən, günlərin birində Cəfər Cəfərovun adının Ginnesin rekordlar kitabına düşəcəyini eşitsəniz, heç də təəccüblənməyin. Əslində, onun bu nüfuzlu mükafatı əldə etməyə haqqı da var. Axı rektor təyin olunan gündən rəhbərlik etdiyi universitetdə ancaq çəkişmələr, didişmələr, çarpışmalar, vuruşmalar yaşanır, təhsil məsələsi ikinci, yox, daha sonrakı yerlərdə dayanır. Elə bu səbəbdən də ADPU-da təhsilin səviyyəsi getdikcə aşağı düşməkdə, çox acınacaqlı vəziyyətə gəlib çatmaqdadır.
Cəfər Cəfərovun başı məhkəmə işlərinə qarışdığından, son vaxtlar ADPU-da işə təyin olunanların da demək olar ki, böyük əksəriyyəti ya hansısa məmurun, ya da hansısa məhkəmə hakiminin yaxınlarıdır. Çünki haqsız durumda olan rektorun məmurların sifarişi və yaxud qohumunu işə götürdüyü hakimlərin qərəzli, ədalətsiz qərarı ilə “qələbə çalmaq”dan başqa yolu yoxdur. O, yaxşı bilir ki, arxasını həmin şəxslərə söykəməsə, yəni onların savadsız qohumlarını işə götürməsə, bu cür yarıtmaz fəaliyyətlə heç bir ay da rektor vəzifəsində dözüm gətirə bilməz...
Yeri gəlmişkən, ADPU rektoru elə zənn edir ki, bu ölkədə bütün hakimlər sifarişli qərar çıxarmağa məcburdur. Amma son vaxtlar ölkə başçısının iradəsi əsasında məhkəmə-hüquq sistemində çox ciddi islahatlara başlanıldığını nəzərə alsaq, əminliklə deyə bilərik ki, artıq hansısa məmurun məhkəmələrə basqısı, hakimlərin qərarlarına müdaxilə etməsi heç də asan olmayacaq. Prezident İlham Əliyevin bu məsələdə prinsipial mövqeyini ortaya qoyması onu deməyə əsas verir ki, çox yaxında ölkə məhkəmələrində sifarişli, ədalətsiz qərarların çıxarılması mümkün olmayacaq. Bu halda isə hansısa məmurların himayəsinə sığınan cəfər cəfərovların özləri qanunsuz əməllərinə görə ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Yox, Cəfər Cəfərov iddia edirsə ki, onun arxası güclüdür, kimsə ona bata bilməz, o halda rektora keçmiş həmkarlarından birinin - BDU-nun sabiq rektoru Abel Məhərrəmovun taleyini gözünün önündən keçirməyi məsləhət bilərdik. Necə ki, bir vaxtlar A.Məhərrəmov da onun kimi bütün savadsız qohum-əqrabasını başına toplamış, müxtəlif vəzifəli məmurların qohumlarını işlə təmin etmiş, universitetin müəllimləri üçün tikilən binadan ayrı-ayrı məmurlara mənzillər hədiyyə etmiş, eləcə də bütün bunlar haqda yazan jurnalistləri həbsə atdırmış və böyük məbləğdə cərimələtdirmişdi...
İnanırıq ki, ADPU-nun rektoru öz səhvlərindən tez bir zamanda nəticə çıxarmasa, o, nəinki Abel Məhərrəmov kimi Pedaqoji Universitetə uzun illər rəhbərlik edə biləcək, əksinə çox tez bir zamanda vəzifəsini itirməklə yanaşı, qanunsuz əməllərinə görə hakim qarşısında cavab verməli olacaq. Unutmasın ki, keçmiş həmkarı ondan daha arxalı, daha imkanlı və daha nüfuzlu idi. Bu gün isə...
 
Günay Əsədova,
Muxalifet.az saytının baş redaktoru
 
P.S. Ola bilər ki, rektor Cəfər Cəfərov haqlı olduğumuz halda onun basıqısı qarşısında geri çəkiləcəyimizi zənn edir. Amma rektorun diqqətinə çatdırırıq ki, bundan sonra ancaq faktlar danışacaq. O faktlar ki, onlar gecələr rektorun yuxusuna haram qatır...
 
P.P.S. Növbəti yazımızda C.Cəfərovun ADPU rektoru olduqdan sonra işə qəbul etdiyi qohumlarının siyahısını və onların bəziləri haqda şok informasiyaları açıqlayacağıq. Bizi izləyin.