​Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan “Kazım bəy” adlı romanı nəşr olunacaq

Baxış sayı:
4627

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən Milli Elmlər Akademiyasında bir çox tədbirlərin həyata keçirilməsi üçün ciddi hazırlıq işləri aparılır.
Muxalifet.az trend-ә istinadәn bildirir ki, bunu Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, bu münasibətlə Akademiyanın Humanitar və İctimai Elmlər Bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutları Cəfər Cabbarlının ev muzeyi ilə birlikdə respublika miqyasında elmi konfrans keçirəcəkdir: "Konfransda elmi məruzələrdən başqa, Cəfər Cabbarlıya həsr edilmiş film səsləndiriləcək, onun həyatı və yaradıcılığını əks etdirən sərgi nümayiş etdiriləcəkdir. Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat və Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, Fəlsəfə və Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin ev muzeyində də elmi konfranslar və elmi sessiyalar, sərgilər təşkil olunacaq".
Akademik bundan başqa, Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan “Kazım bəy” adlı romanı və məktubları ilk dəfə kitab halında nəşr ediləcəyini də vurğulayıb.
Qeyd edək ki, bu əsərləri filologiya elmləri doktoru, professor Asif Rüstəmli aşkar edib.
Əlyazmalar İnstitutunda isə Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır. Böyük yazıçının şəxsi arxivində 2 mindən çox sənəd vardır. Milli Elmlər Akademiyasının alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də yaxından iştirak edəcəklər.