“Ceyranbatan”a gələn su kanalının bir hissəsi çöküb

Baxış sayı:
3148

"Taxta Körpü” su anbarından “Ceyranbatan” su anbarına su daxil olan kanalın 69-cu kilometrində torpaq çökməsi nəticəsində suyun axıdılması müvəqqəti olaraq dayandırılıb.
 
Turan agentliyinin məlumatına görə, torpaq çökməsi sentyabrın 13-də səhər saatlarında Xızı rayonu ərazisində baş verib.
Böyük torpaq kütləsinin sürüşməsi beton plitələrin uçmasına gətirib çıxarıb və su kanalın bünövrəsini yumağa başlayıb. Bir neçə saat ərzində su axınları 30 metrə yaxın bünövrəni yuyub.
Torpaq sürüşməsinin səbəbi hələlik aydın deyil. Hadisə yerində mütəxəssislər, inşaat texnikası işləyir.
Turan agentliyi kanalın bünövrəsini suyun yuması əks olunmuş fotolar da yayıb.
Xatırladaq ki, torpaq sürüşməsi nəticəsində dağılmış kanal yaxın zamanlarda istifadəyə verilib.
Öz növbəsində, Samur-Abşeron Kanalının İstismarı İdarəsində kanalda qəza baş verməsini Amerikanın Səsinə təsdiq ediblər və rəhbərliyin hadisə yerində olduğunu bildirblər.
“Hazırda biz kanalda profilaktik təmir işləri aparırıq”, idarənin baş mexaniki Amerikanın Səsinə bildirib.
Şabran rayonunda yerləşən “Taxta Körpü” su anbarı 2013-cü ildə istifadəyə verilib və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması çərçivəsində inşa edilib.
“Taxta Körpü” su anbarının ümumi sahəsi təxminən 9 kvadrat kilometrə yaxın, su həcmi isə 270 mln. kubmetrdir.
Su anbarı Azərbaycanda ən böyük anbar hesab olunur.