Ceyhun Bayramovun yaralanması haqda RƏSMİ AÇIQLAMA

Baxış sayı:
15025

“Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərini iri çaplı silahlardan atəşə tutub və hadisə zamanı Dövlət Sərhəd Xidmətinin əsgəri Ceyhun Bayramov yaralanıb. Xüsusilə vurğulamaq istərdik ki, bu hadisə Ermənistan-Azərbaycan qoşunlarının  təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan sərhədində baş verib”.

Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

O bildirib ki, Ermənistan Baş naziri dünən müsahibəsində münaqişənin həlli üzrə aparılan danışıqların konkret nəticə verməsi üçün erməni və azərbaycanlı xalqların maraqlarına cavab verən həllin əldə olunmasının vacibliyindən bəhs edib: “Bu bəyanatın verilməsindən bir neçə saat sonra Ermənistan-Azərbaycan sərhədində sözügedən insident baş verib. Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!”

L. Abdullayeva qeyd edib ki, baş vermiş bu hadisə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı məlum çağırışına tam şəkildə ziddir: “Ermənistan rəhbərliyi sonunda anlamalıdır ki, həm erməni, həm də azərbaycanlı xalqlarının marağında olan əsas məsələ bölgədə davamlı sülh və rifahın təmin olunmasıdır. Buna nail olmağın yeganə yolu isə hərbi işğal faktorunun aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasıdır. Yalnız bundan sonra bölgədə hər iki xalqın marağına cavab verən dayanıqlı sülh, inkişaf və tərəqqi təmin olunacaq”.