​Çexiya Avropanı Bakıya silah satmağa səslədi

Çexiya hökuməti və məxfi xidmətləri “Çexoslovak Qrup” holdinqin istehsal etdiyi silahların Azərbaycan Silahlı Qüvvələrinə verilməsini müzakirəyə çıxarıb.
Bu iddia ilə “Praqa Teleqrafı” qəzeti çıxış edib. Qəzetin məlumatına görə, hesabatda özüyeriyən artilleriya qurğusu və səyyar atəş reaktiv sistemləri satmaqla Bakının silah alışı bazarında mövqe qazanmağın mümkünlüyü qeyd edilib.
“Praqa Teleqraf”a açıqlama verən Çexiya Müdafiə Sənayesi Assosiasiyasının rəhbəri Yirji Qinek Azərbaycana silah verilməsi məsələsinə Avropa Birliyinin yenidən baxmalı olduğunu söyləyib:
“Məncə, Brüsselin AB üzvlərinə Azərbaycana silah satmasına icazə verməsi önəmlidir. İstərdim ki, Çexiya və digər AB ölkələri Rusiyanı bu bazardan çıxarsınlar”.
Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etdiyini bildirən qəzet Bakının Rusiyanın təsir gücünü zəiflətməyə çalışdığını da vurğulayıb.
“Praqa Teleqraf”a açıqlama verən rusiyalı ekspert Andrey Frolov isə avropalıların hələlik Azərbaycan bazarında Rusiya ilə rəqabət aparmaq gücündə olmadığını söyləyib:
“2000-ci illərin sonu, 2010-cu illərin əvvəllərində Rusiya Azərbaycana tanklar, vertolyotlar, hava hücumundan müdafiə sistemləri tədarük edib. Bundan sonra Bakı İsraildən ucuz olmayan silahlar da alıb. Bunun sayəsində İsrail qısa müddət ərzində Azərbaycan bazarında ilk yerə çıxmağı bacarıb, lakin ümumi tədarük məsələsində Rusiya hələ də birinci yeri tutmaqda davam edir”.
Qeyd edək ki, Qarabağ münaqişəsi səbəbindən Avropa Birliyi Azərbaycan və Ermənistana silah satmır.