​ÇEVRİLİŞİN NƏTİCƏSİ - Zimbabvenin yeni prezidentinin andiçmə mərasimi oldu

Afrika ölkəsinin “Timsah” prezidenti
Muxalifət.az 
xəbər verir ki, Zimbabvedə ordunun müdaxiləsi nəticəsində 37 illik hakimiyyətdən sonra istefa verməyə məcbur edilən Robert Muqabenin prezidentlik vəzifəsinə keçmiş köməkçisi Emmerson Mnanqaqva sahiblənib. Mnanqaqva paytaxt Harare yaxınlarındakı stadionda minlərlə insanın tamaşa elədiyi mərasimdə İncilə əl basaraq and içib. Mərasimdən sonra onun boynuna dövlət bayrağının rəngləri olan lent salaraq, rəsmi şəkildə ölkə prezidenti elan ediblər.
Mnanqaqvanı yüksək posta ölkənin hakim partiyası “Zimbabve Afrika milli ittifaqı – Vətənpərvər cəbhəsi” seçib. Ötən bazar gününə qədər partiyaya 93 yaşlı Robert Muqabe başçılıq edirdi. Ötən həftə partiya ultimatum verərək Muqabunun postdan getməsini tələb eləmişdi. Noyabrın 21-də keçmiş prezident postunu tərk elədi.
Mnanqaqva Muqabenin silahdaşı olub və son zamana qədər Zimbabvenin vitse-prezidenti idi. O, siyasətdə Nqvena – “Timsah” ləqəbi alıb.