​"Çelsi" - "Qarabağ" oyun ərəfəsində hücumçu problemi

İngiltərənin "Çelsi" klubu Bakıda "Qarabağ"la keçirəcəyi futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V tur matçından əvvəl hücumçu problemi ilə üzləşib.
Muxalifet.az-ın məlumatına görə, Belçika yığmasının düşərgəsindən zədəli qayıdan Mişi Batşuayinin ən azı 2 həftə müddətinə sıradan çıxdığı müəyyənləşib. Batşuayi İngiltərə Premyer Liqasında "Vest Bromviç" və "Liverpul", Çempionlar Liqasında isə "Qarabağ"la görüşləri buraxacaq. Baş məşqçi Antonio Konte onun xidmətindən dekabrın 2-də "Nyukasl"la görüşdə yararlana biləcəyinə ümid edir.
Belə bir vəziyyətdə qolçu funksiyasını yerinə yetirməli olan Alvaro Moratanın da həftədə 3 oyun keçirmək iqtidarında olmadığı müəyyənləşib. Komandanın ən bahalı futbolçusu bu mövsüm Premyer Liqada 7, Çempionlar Liqasında 1 qol vurub. Lakin o, zədədən yeni qayıtdığı üçün hələ istənilən formaya düşməyib.
Hazırda Konte Eden Azarı ön xətdə oynatmaq üzərində düşünür. Eyni zamanda, Villian və Pedro Rodrigesə də müraciət olunması gözlənilir.
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 21:00-da başlanacaq. Londonda İngiltərə klubunun 6:0 hesabı ilə qalib gəldiyi ilk tur oyununda "Qarabağ"ın qapısından ilk topu Pedro Rodriges, 5-ci topu Mişi Batşuayi keçirib.