CƏBHƏ BÖLGƏSİNDƏ HƏRBİ HAZIRLIQ - Azərbaycan müharibəyə hazırlaşır?

Baxış sayı:
4909

Son günlər Azərbaycanın cəbhəyanı və sərhəd bölgəsində olan kəndlərində döyüş hazırlığına bənzər hərəkətlər müşahidə olunur, bu barədə həmin ərazilərdə yaşayanlar danışır.

Yerli sakinlər BBC News Azərbaycancaya deyib ki, iyulda baş verən Tovuz döyüşlərindən bəri sərhəd və cəbhə kəndlərində əvvəlki illərə xas olmayan hərbi hərəkətlilik var.

Adının çəkilməsini istəməyən cəbhə kəndi sakininin dediyinə görə, Tovuz döyüşlərindən sonra hərbçilər və yerli ərazi idarəsinin rəhbəri gəlib yaşayış evlərinin qarşısında sığınacaq qazdırıblar.

"Bizə dedilər ki, bu səngərləri qazırıq, atəş olanda camaat qaçıb gizlənə bilsin", cəbhə kəndinin sakini BBC-ə deyib.

Başqa bir cəbhə kəndinin sakini danışır ki, onlara evlərinin həyətində qazılmış səngərin ətrafını qum kisələri ilə örtmək tapşırılıb, amma bunun "mühafizə üçün olduğu" deyilib.

Tananınmış estrada müğənnisi Faiq Ağayev rəsmi Facebook ünvanında yazıb ki, ona Səfərbərlik və Hərbi Çağrış üzrə Dövlət Xidmətindən telefon zəngi gəlib və onun çağırış məlumatları dəqiqləşdirilib.

Bundan başqa Azərbaycandakı sosial şəbəkələrdə tez-tez cəbhə bölgəsinə istifadə olunmuş avtomobil təkərlərinin göndərilməsi ilə bağlı çağrışlar və təkərlərin toplanması ilə bağlı videolar paylaşılır.

Bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonun Ağdam kəndində, şahidlərin dediyinə görə, ilk öncə hərbi postlarda kiçik çaplı silahlardan başlayan atışmaları sonradan ağır silahlar əvəz edib.

5 gün fasilələrlə davam edən döyüşlər nəticəsində Azərbaycan biri general-mayor olmaqla 12 hərbçisini, eləcə də bir mülki vətəndaşını, Ermənistan isə 5 hərbçisini itirib.

General-mayorun ölümündən sonra Bakının mərkəzində minlərlə insanın qatıldığı mitinq keçirilib və hərbi əməliyyatlara, orduya dəstək şüarları səsləndirilib.

Rəsmi qurumların məlumatına görə, bundan sonra minlərlə Azərbaycan vətəndaşı Səfərbərlik və Hərbi Çağrış üzrə Dövlət Xidmətinə cəbhəyə könüllü getmək üçün müraciət edib.

"Azərbaycan növbəti hücumu gözləyir"

Keçmiş döyüşçü, jurnalist Əfqan Muxtarlı BBC News Azərbaycancaya deyib ki, sərhəd bölgəsindən və cəbhəyə yaxın ərazilərdən ona həmin yerlərdə istehkamların tikilməsi barədə xəbərlər gəlib.

"Bölgədən olan dostlar məlumat veriblər ki, Tovuz döyüşlərindən sonra cəbhənin bütün istiqamətlərində Azərbaycan tərəfi müdafiə istehkamlarının gücləndirməsi ilə bağlı çoxlu işlər görülüb. Cəbhə bölgəsinə yaxın yaşayış məntəqələrində, evlərdə müdafiə istehkamları qurulur. Bombardımandan qorunmaq üçün hərbi mükəlləfiyyəti olmayan insanlardan bunu tələb edirlər ki, hər kəs öz həyətində belə tədbirlər görsün", - Əfqan Muxtarlı deyib.

Əfqan Muxtarlı hesab edir ki, bütün bu məlumatlar Azərbaycanın Ermənistandan növbəti hücumu gözlədiyini və bu tədbirləri hucumu dəf etmək üçün apardığını göstərir.

Bu arada, Ermənistanda da döyüşə hazırlıq mənzərəsi müşahidə olunur. Ermənistan hökuməti Silahlı Qüvvələrlə paralel olaraq könüllülərdən yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək.
Layihəyə görə, 100 minlik yığma qoşun Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir.

Bundan başqa, Ermənistanın birinci ledisi - Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın Dağlıq Qarabağda, 15 digər qadınla birlikdə hərbi təlim keçdiyini göstərən şəkillər yayılıb.

"Ola bilər üç gün ola, bilər yeddi gün..."

"Azərbaycan ciddi silah alır, silahlanır bunlar elə-belə alınmır", siyasi şərhçi, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev belə hesab edir.

"Hərbi müdaxilənin işə salınması realdır və bunu heç kəs qadağan etmir. İndiyə qədər də Azərbaycan və Ermənistan danışıqlar gedə-gedə toqquşublar. Azərbaycanın Rusiyaya bu formada, kəskin irad bildirməsi o deməkdir ki, biz dözə bilmirik və nəsə edə bilərik. Qarşı tərəf də bunu bilir", - Mehman Əliyev bildirib.

2020-ci il üçün Azərbaycanın Müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 800 manat olub və bu 2 milyard 237 milyon ABŞ dollarıdır.

Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi əməliyyatlardan sonra Serbiya və Rusiyadan Ermənistana silah-sursat göndərilməsi ilə bağlı məlumatlar yayılıb.

Azərbaycan rəsmi sürətdə hər iki ölkəyə iradını bildirib.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bu məsələni qaldırıb. Daha sonra avqustun 25-də Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistana hərbi təyyarələrlə daşınan yükün oradakı Rusiya hərbi bazası üçün nəzərdə tutulan "tikinti materiallarının" olduğunu bildirmişdi.

Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistana hərbi yük daşınması ilə bağlı İlham Əliyevin Putinin qarşısında qaldırdığı məsələyə Rusiyanın verdiyi cavab Azərbaycanı qane etməyib.

Hər iki tərəfdə döyüş hazırlıqları, artan döyüş ritorikası bölgədə yeni müharibənin göstəricisi ola bilərmi? Ermənistan və Azərbaycanın bir-birinə güzəştə getməsi mümkündürmü?

Mehman Əliyevin fikrincə, Azərbaycan və Ermənistan arasında hər hansı döyüş uzun çəkməyəcək.

"Qısa çəkəcək. 92-93-cü illərdəki kimi deyil vəziyyət. Onda beynəlxalq güclər regionda belə aktiv deyildi. Aktiv üç gün olub indiyə kimi - sonra sakitləşdirdilər. Ola bilər üç gün ola, bilər yeddi gün, amma çox çəkə bilməz. Mən belə görürəm. Regionda maraqlar toqquşur və heç kəs istəmir ki, münaqişə sərhədlərindən çıxsın", - Mehman Əliyev deyib.

Onun sözlərinə görə, hərbi müdaxilə olması da əslində Ermənistanı kompromisə razı salmaq məqsədi daşıyır və beynəlxalq müşahidəçilər də buna razıdır.

Mehman Əliyev deyib ki, "Azərbaycan tərəfi bu kompromisə hazırdır, amma Ermənistan tərəfi buna hazır deyil".

O misal çəkir ki, özünün də qoşulduğu "xalqların sülhə hazırlanması təşəbbüsü" uğursuz olub və iddia edir ki, bu, Ermənistan cəmiyyətinin kompromisə getmək istəməməsi ilə bağlı olub.

"O prosess onu göstərdi ki, erməni tərəfi heç bir kompromisə getməyə hazır deyil. Bunlar bunu açıq bildiriblər. Ermənistanın son hərəkətləri bu prosessdən uzaqlaşmanı göstərir", - Mehamn Əliyev deyib.

"Biz "ərazi bütövlüyü" prinsipini ermənilər "xalqların öz müqəddəratını həll etmək" prinsipini istəyir. Bu ikisinin sintezi ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını həll etməkdir. Biz deyirik ki, sənə ən böyük avtonomiya veririrk. Biz tərəfdən güzəşt var. O tərfədən isə yoxdur", - Mehman Əliyev bildirib.

"İstehkam tədbirləri çoxdan görülməli idi"

Hərbi məsələlər üzrə şərhçi Üzeyir Cəfərov hesab edir ki, nə qədər ki, münaqişə həll olunmayıb hərbi əməliyyatların istənilən an başlamasını gözləmək mümkündür.

Üzeyir Cəfərov müşahidələrinə əsasən iddia edir ki, toqquşma "olacaq və qaçılmazdır".

"Hansı miqyasda, hansı nəticələr olacaq bu barədə deyə bilmərəm. Düşməni ram etmək və onun havadarlarına yerini göstərmək üçün hər cürə münbit şərait var", - ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.

Hərbi şərhçi döyüş əməliyyatları barədə Türkiyənin dəstəyini də diqqətə alınmalı əsas məsələ kimi qiymətləndirib.

"Türkiyənin ilk dəfə iyul ayında Azərbaycanı dəstəkləməsi barədə bəyanı da bu məsələdə diqqət yetirilməli məsələdir. İndiyədək Türkiyə həmişə dəstəyini diplomatik dillə ifadə edib, amma bu dəfə birbaşa istənilən şəraitdə Azərbaycanın dəstəklənəcəyini deyib", - Üzeyir Cəfərov bildirib.

Qarabağ cəbhəsində və Ermənistanla sərhədə yaxın ərazilərdə istehkamların tikilməsi barədə məlumatlara isə hərbi mütəxəssis "çoxdan görülməli işlər" kimi yanaşıb.

"Cəbhəyanı bölgədə yüz minlərlə Azərbaycan vətəndaşı yaşayır. Bir ucu Tovuz, Qazax Aqstafadan tutmuş Tərtər, Ağdam və Fizuli rayonuna kimi ərazilərdə olan istehkam tədbirləri çoxdan görülməli idi. 1994-cü il atəşkəs razılaşmasından sonra həmin ərazilərdə düşmənin hücumundan qorunmaq üçün belə istehkamların olması vacib idi. İyuldakı Tovuz döyüşlərindən də bir mülki vətəndaş həlak oldu. Belə mühafizə vasitələri olsaydı o adam həlak olmazdı", - Üzeyir Cəfərov deyib.

Hərbi məsələlər üzrə şərhçinin sözlərinə görə, döyüş əməliyyatlar barədə, ancaq ölkə rəhbərliyi və cəbhə bölgəsində olan Müdafiə Nazirliyi və və sərhəddə olan Sərhəd Qoşunlarının rəhbərliyi əvvəlcədən məlumatlı ola bilər.

 

"İşğal faktı olduqca müharibə riski qalacaq"

Mill Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov hesab edir ki, regionda "çox həssas bir tarazlıq" mövcuddur və çox kövrəkdir.

"Heç kəs hesab etməsin ki, münaqişə dondurulub və yaxud bəzi qüvvələrin cəhd etdikləri kimi işğalı legitimləşdirmək olar. Azərbaycan əsla bununla razılaşmayacaq. Şərtlər uyğun olan kimi Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün addımlar atacaq. Buna görə də həmişə müharibə riski var", - deputat Hikmət Məmmədov deyib.

Hikmət Məmmədov hesab edir ki, Azərbaycan regiondakı geostrateji balansı dəqiq hesablamaqla, regional və beynəlxalq faktorları nəzərə almaqla elə bir addım atacaq ki, nəticə "proqnozlaşdırılan olsun və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun".

Azərbaycanın müharibəyə hazırlaşması ehtimalı barədə iddialara Azərbaycan Müdafiə Nazirliyindən cavab almaq mümkün olmayıb.