Çavuşoğlu detalları açıqladı: bombardman... - Türkiyədən TARİXİ QƏLƏBƏ

Baxış sayı:
556

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “Sülh çeşməsi” əməliyyatı ilə bağlı Ankarada keçirilən yüksək səviyyəli Türkiyə-ABŞ danışıqları ilə bağlı açıqlama verib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir atəşkəs olmadığımnı, əməliyyata fasilə veriləcəyini və müəyyən olunan müddətdən sonra davam etdiriləcəyini bildirib.
"Sülh çeşməsi" əməliyyatını 120 saat müddətində dayandıracağıq. Bu, atəşkəs deyil. Atəşkəs yalnız iki legitim tərəf arasında ola bilər. Terrorçular bölgəni tamamilə tərk etdikdən sonra əməliyyatı dayandıra bilərik", - o qeyd edib.
Çavuşoğlu Türkiyənin istədiyini əldə etdiyini deyib. O, YPG-nin silah-sursat anbarlarının bombardman ediləcəyini, YPG-nin çıxdığı bölgənin tamamilə Türkiyənin nəzarətində olacağını söyləyib.
Türkiyəli nazir bildirib ki, Fəratın şərqində 32 kilometr dərinlikdə və İraq sərhədinə kimi, yəni 444 kilometrlik ərazidə bir terrorçunun belə qalmaması və burada təhlükəsiz bölgənin qurulması Türkiyənin təhlükəsizliyi üçün vacibdir.
Qeyd edək ki, bu gün Türkiyə-ABŞ danışıqlarının nəticəsi olaraq “Sülh çeşməsi” əməliyyatı ilə bağlı razılaşma əldə edilib.
Son məlumata görə, razılaşmanın əldə edilməsindən dərhal sonra YPG bölgədən çəkilməyə başlayıb. Bu haqda Ankarada olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.